Ötən əsrin bestsellerlər müəllifi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində bestsellerlərdən danışanda, mütləq Əlibala Hacızadənin. Cəmşid Əmirovun kitabları ilə yanaşı "46 Bənövşə", "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar" kimi yüz minlərlə oxucusu olan Salam Qədirzadənin də adı qeyd edilir. Həqiqətən də onun romanlarına əsl ümumxalq sevgisi olubdur bir vaxtlar.

 

Salam Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan Salam Qədirzadə şeir və hekayələr yazıb, ədəbi dərnəklərdə iştirak edib, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırıb. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə salıb.

1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşüb. 1941–1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edib, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunub, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilib.

Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapıb. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilib. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayıb.

1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik" povestini Rusiyanın məşhur "Detgiz" nəşriyyatı ayrıca kitab şəklində nəşr edib. Moskvada oxuyarkən Salam ailə qurub və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdıb. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Azərbaycan" jurnalının məsul katibi vəzifəsində işləyib.

1960-cı ildə Salam Qədirzadə "Kirpi" satirik jurnalının məsul katibi təyin olunub və 1966 ilədək həmin vəzifədə çalışıb. 1975–1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışıb. 1976-cı ildə isə "Kirpi" satirik jurnalının baş redaktoru təyin olunub və 1980-ci ilədək həmin vəzifəni icra edib. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilib.

Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun "Qış gecəsi", "46 Bənövşə", "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar" kimi romanları gənclərin masaüstü kitabına çevrilib. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunub. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanıb, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulub.

"Hardasan, ay subaylıq", "Həmişəxanım", "Gurultulu məhəbbət", "Şirinbala bal yığır" kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açıb, yeni məktəbin bünövrəsini qoyub

O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişib. Son kitabını "Hər gün ömürdən gedir" adlandırıb. Bu kitabı görmək qismət olmayıb ona.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.