Yeni rubrika – Ayın şeirləri Featured

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Diqqət! “Ədəbiyyat və incəsənət” portalımızın "Ayın şeirləri" adlı yeni rubrikasına başlayırıq.  Bugünkü "Ayın şeirləri" rubrikamızda İsa Salimin qələmindən iki əsərlə qarşınızdayıq.

 

Bilirsiniz, bəzən elə şeirlər olur ki, oxuyanda sanki kimsə sənin ürəyindən keçənləri kağıza tökmüş kimi hiss edirsən. İsa Salimin bu iki şeiri də elə bu cürdür.

"Sahildən fraqmentlər"də gecənin, sahilin, sevginin o isti anları var. Ay işığı, dalğaların səsi, iki insanın yan-yana oturub susması... Hə, bəzən susub oturmaq da nə gözəldir axı. Şair burada sevgini çox sadə, amma çox dərin göstərib. Kiçik şeylərdə böyük məna var.

"Gözlə məni, sevdiyim" şeiri isə başqa məqamdır. Burada həsrət var, gözləmə var, amma ümid də var. Şair deyir ki, nə olursa olsun, sevgi olsun kifayət. Və bu sətir çox doğrudur - "Sənsiz əcəldən də betərdir mənə həsrətin işgəncəsi".

Ümidvaram bu şeirlər sizin də könlünüzə yatacaq. Çünki İsa Salim elə yazıb ki, hər kəs özündən bir şey tapacaq bu misralarda.

Oxuyun, zövq alın.

 

 

 SAHİLDƏN FRAQMENTLƏR

 

Ayı göydə əridir könlümüzün mərəkəsi,

Ta üfüqdən tökülür sahilədək hər tikəsi.

 

İtirir istiliyin get-gedə narın qum da,

Ləpələr şillələyir qumları hər qurtumda.

 

Qısqanırsan bu dodağı siqaret tüstüsünə,

Öyrədirsən əlini əllərimin istisinə.

 

Seyr edək hər gecə biz sahili, sahil də bizi,

Gətirək vəcdə bu yolla qəmə batmış dənizi.

 

Qoy ayaq izlərimiz bizdən əmanət qalsın,

Bizi sahil yola yol vermə nigaran salsın.

 

Gülüşündən ona da pay ver, açılsın eyni,

De ki, dünyada deyil hər gülüş, hər gül eyni.

 

Tut əlimdən, ləpələr alqış edə, biz də gedək,

Birgə addımlayaq illər boyu ülviyyətədək.

 

Xatiratından ötən günləri tək bivec ələr,

Biz, bizim kölgəmiz, ac dalğalar, aydın gecələr.

 

 

GÖZLƏ MƏNİ, SEVDİYİM

 

Gözlə məni, sevdiyim.

Getmə, bu yollar sənə yaddır hələ.

Nəğməli könlün quşu şaddır hələ.

Qoyma qürurun qəfəs olsun ona,

Sev ki, sevincin nəfəs olsun ona.

Sevgi bəs olsun ona.

 

Gözlə məni, sevdiyim.

Son dəfə sonsuzluğa addımlayaq,

Səp, əzizim, könlümə aşiqsayaq

odlu qığılcımları.

Qoyma aparsın səni məndən daha

qəlbinin addımları.

 

Gözlə məni, sevdiyim.

Sənsiz əcəldən də betərdir mənə

həsrətin işgəncəsi.

Dəysə əgər ayrılığın pəncəsi,

bitdi demək qəlbimin əyləncəsi:

Bir gecənin yarısı,

gözlərinin mavisi.

saçlarının sarısı.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.