Səsi güllələnmiş ilisulu yazar Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslən Qaxadan olan tanışlarım var, söhbət ədəbiyyatdan düşəndə söhbətdən kənarda qalırlar, tutalım, bir şirvanlı, qarabağlı, qzazaxlı, şəkili öz bölgəsindən çıxan saysız-hesabsız şair və yazıçılardan bəhs edincə, qaxlı susar, ad şəkə bilməz. Deməkmiş, səhv elə tanışımın özündəymiş, bu gün mən ən azı kifayət qədər məşhur qaxlı sovet dönəmi yazarı Gəray Fəzli barədə danışacağam.

 

Gəray Fəzli 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olub və İlisu kəndində boya-başa çatıb. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edib. Səbəbi isə o olub ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilib. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanıb və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilib.

Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürüb. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap edib. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşüb. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazıb...

1950-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət ediblər. O, burada 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib.

 

Kitabları

- Nəsr əsərləri

 

1. "İldırımlı dağlar" romanı - rus dilində

2. "Kəhrəba işığında"

3. "Yeddi ulduzlu səma"

4. "Gecə günəşi"

5. "Bir qəlbin asimanı"

 

- Şeirləri

"Mənim səsim" kitabı

 

Filmoqrafiya

1. Qırmızı qələm

2. "Ağ qızıl" ustası

 

Gəray Fəzli 1995-ci il noyabrın 14-də 70 illik yubileyinin təntənə ilə qeyd edilməsinə şahid ola bilmədi. Ağır dönəmlər idi. Şənliklərə tabu var idi. 26 dekabrda – yeni yaşanın ilk ayında isə dünyadan köçdü. Allah rəhmət eləsin!

Sonda İlisudan olan, yaxud ora gedib-gələnlərdən soruşmaq istəyirəm, yazarın rada ev-muzeyi fəaliyyət göstərirmi, adına küçə varmı?

Yoxdusa da, bizlərə bir utanc!!!

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.