“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Yusif NAZİM ƏRƏBSOY
(Azərbaycan)
Laqeyd bəndələrin qeydinə qaldım getdim,
Bir də baxdım, yox ömür, sondu, qocaldım getdim.
Başqasın əfv elədim, hər kəsə güldüm keçdim,
Özümə əfv eləmək çatdı, öc aldım getdim.
Mənə meyl eyləyənin eşqinə biganə qalıb
Mənə meyl etməyənə meylimi saldım getdim.
Ona həsr eylədiyim şerimə qafiy(y)ə gəzib,
Onu vəsf eyləməyin fikrinə daldım getdim.
Yerdə məna nə gəzir, göylərə yüksəldi təbim,
Cahanı tərk elədim ruhtək ucaldım getdim.
Qopub ahəstəcə dünya budağından düşdüm,
Sərilib torpağa bir xeyli saraldım getdim.
Baş vurub cəhd elədim üzməyə sevda gölünə,
Sonra səhraya çıxıb xeyli qaraldım getdim.
Sinəm üstündəki dağlar kimi məğrur durdum,
Mən o dağlardan, Ərəbsoy, vüqar aldım getdim.
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)


