İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Kəsməsəm də, görməsəm də" – inqilabi yüksəlişin, kommunizm qurucularının vəsfi, sovet quruluşu düşmənlərinin kəskin tənqidi! Bu, gənc Tofiq Mahmudun yazdığı ilk şeiridir ki, həmin şeir İosif Stalinin hələ sağ olduğu dönəmdə - 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdu...
Biz bu gün Tofiq Mahnud haqqında danışacağıq. Anadan olmasının bu il 94 illiyidir.
Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olub. O Bakıda 31 saylı məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində 1949–1954-cü illərdə bakalavr təhsili alıb.
Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb. Sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir, "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olub.
1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləyib. Bədii tərcümə ilə də məşğul olub. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görüb. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunub.
Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olub. Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
Əsərləri
1. Yola çıxıram
2. Mənim kürəkənim
3. Dibçək
4. Buzovna qayaları
5. Utancaq oğlan
6. Açıqdır pəncərəm
7. Alpinistlər
Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat edib. Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunub) təsis edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)


