Dünya ədəbiyyatından seçmələr - AQRON ŞELE Featured

 

Təranə Turan Rəhimli, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünya ədəbiyyatından seçmələr rubrikasında növbəti ədibi təqdim edirəm. Aqron Şele Belçikada yaşayıb yaradan, aktiv ədəbi fəaliyyəti ilə seçilən, çağdaş dünya mətbuatında imzası yetərincə tanınan görkəmli Alban yazıçısıdır.  Yaradıcılığında poeziya ilə nəsri uğurla birləşdirən yazıçının ədəbi fəaliyyətində hər iki istiqamətin önəmli yeri var. 

Aqron Şelenin həyat və yaradıcılığı barədə sizləri məlumatlandıracaq, dilimizə çevirdiyim bir neçə şeirini təqdim edəcəyəm.

 

Aqron Şele Belçikada yaşayıb yaradan, fəal ədəbi fəaliyyəti ilə seçilən, çağdaş dünya mətbuatında imzası yetərincə tanınan görkəmli Alban  yazıçısıdır.  Yaradıcılığında poeziya ilə nəsri uğurla birləşdirən yazıçının ədəbi fəaliyyətində hər iki istiqamətin önəmli yeri var.  Aqron Şele 7 oktyabr 1972-ci ildə Albaniyanın Permet şəhərinin Leskay kəndində doğulub. Beynəlxalq oxucu auditoriyasının rəğbətlə qarşıladığı “Klaranın addımları”, “Boz pərdə arxasında”, “Yanlış təsvir” adlı romanların, “Günahsız keçid” adlı şeir kitabının, “Esse – I” esselər toplusunun və s. müəllifidir. Eyni zamanda “Açıq xətt – I”, “Peqasiada”, “Açıq xətt – 2” və “Galaktika Poetike ATUNİS” beynəlxalq antologiyalarının koordinatorudur. Albaniya Yazıçılar Birliyinin üzvü, ABŞ-ın Ohayo ştatında Dünya Yazıçılar Birliyinin üzvü, Qazaxıstanda Dünya Millətləri Şairləri Birliyinin üzvü və Belçikada Galaktika Poetike ATUNİS Beynəlxalq Poeziya Qurumunun prezidentidir. Onun əsərləri dünyanın bir çox məşhur qəzetlərində, nüfuzlu beynəlxalq jurnallarında, “Almanax – 2008”, “Dünya poeziya ili” (2009, 2013, 2015), İkinci genezis – 2013”, “Antologiya – Poetika” (2016) və başqa nüfuzlu antologiyalarda çap edilmişdir. O, Belçikada yaşayın yaradır və universal dəyər kəsb edən ədəbi əsərlərin nəşri ilə məşğul olur. Aqron Şele Albaniya Vətəndaş Cəmiyyətinin USAID, UNDP və UNISEF təlimləri almış ən fəal üzvüdür. Yazıçı Belçikada “Ətraf mühit və cəmiyyət”, “Uşaq və yeniyetmələr” cəmiyyətlərinin sədridir. Yaradıcılığı Albaniyada, Belçikada, İtaliyada, ABŞ-da, Meksikada və bir çox ölkələrdə ən nüfuzlu beynəlxalq ədəbi mükafatlarla dəyərləndirlimişdir.

TİRANADA PAYIZDI

 

Payızdı

Çaylarında su quruyan Tiranada,

Pəncərədə damlalar hey qaçışır,

Unudulmuş skamya da hər həyəcandan uzaq,

Çılpaq ağaclar yenə yol boyu vidalaşır.

 

Payızdı,

Göz yaşları geri qayıdır sanki,

Yada düşür unudulmuş köhnə romanslar belə,

Yenə acı dərdlərlə, yenə bəyaz şərabla

Üstümə geri dönür

Gündəliyimdəki sapsarı kağız

 

Payızdı,

Addımlarının izi qalır Tiranada,

Yaşıl çiçəklər içində daim çılpaq skamya,

Çiyinlər üstündən geri

atılan boş şüşədə

Dodaq izi parçaları, sevgi səması.

 

Payızdı,

Bu həsrət də keçib gedir deyəsən,

Boş ruhuma yenidən işıq dolacaq bəlkə,

Təzadlar çərçivəsində atılan yaşam üçün,

Bütün ölümlərə tərk edilmiş yarpaqlar üçün.

 

Payızdı,

Qəlbin hər döyüntüsündə

Onunçun...  səninçün... və sevgi üçün,

Bu qədər hay-küyə

məruz qalandan sonra

... və payızın melanxolik pentoqrammı.

 

 

ŞƏFQƏT...!

 

Yarpaqlar saraldı,

skamyalar daha da tənhalaşdı.

quşlar uçub uzaqlaşdı,

və sonuncu ördəklər hələ unudulmuş parkda.

 

Bir qadın təbəssümü daha,

rüzgarda yellənən şərfi,

üzüntüləri

bu fəsillə barışa və

başqa nigaranlıqların səpdiyi xaosa.

 

Payız,

böyük xəzanların mövsümü,

hardasa  yağışda göz yaşı əkər:

dərinliklərə düşən,,

sonra da şəfqətə yüksələn eşq üçün!

 

 

BİZ ŞAİRİK

 

Biz şairik!

...torpağın sözüyük, ağrısıyıq.

Çətin gündə ayaqdayıq

Qəfil şimşəyin quşları göylərə qaldırdığı tək.

 

Biz şairik!

İlham pərisiyik sözün və ruhun,

Ehtiras alovuyuq ənginliklərdə yanan,

Bir çiçəyik ən dərinlikdə açan.

 

Biz şairik!

Sözün və zamanın titrəyişiyik,

Payız yarpağıyıq qəsdən saralmış,

Baharda yenidən dönmüş.

 

Biz şairik!

Sübh çağının ilk sözüyük,

Uçaqların yanında, yerdən bunca yüksəkdə,

Sökülmüş səmanın udduğu.

 

Biz şairik!

Qəfil yuxuların sözüyük,

Nizamsız ulduzların qovğalarıyıq,

Hüznlü axşamların yağış damlalarıyıq.

 

Biz şairik,

Sözündən, düşüncəsindən yaralı.

Açıq kətan üzərində parıltılı rəng izləri,

Qondarma “kosmopolit” köçkünləri.

 

 

QİYAMƏT

 

Quşlar uçur

Səmanın sonsuz ənginliyində

Ulduzların bəxti gülür, parlayır.

Gecə yarı macəralarla dolu bir sonet oğlu,

Atəş səslərindən və ruhun ömründən sonra...

 

Payız budaqlarının ən təzə yarpaqları tək

Haray salan buludlar səmada hey yellənir.

Soyuq bir fəryaddan sonra

Gələn buz

Və ilk qarın bəyaz örtüyə sardığı torpaq dinir.

 

...Və sürətli addımlar bilinmir

kimə gedir.

...Ya da heç nə, dönüşünü gözlədiyin

Boz qaranlıq çevrəli bir qərib axşam

Aysız bir gecədən sonra

Sonsuz qaranlığa dönür.

 

Ağır qapıya doğru hər kəs yol göstərir

kədərlə,

Günahları

Və tufanlı beyinləri

Dante yolunun yolçuları mühasirəyə alır,

Bəlkə də Beatrisin möhtəşəm haləsində.

 

Və bomboz tozun pərdəyə əbədi həvəsi kimi

Əfvetmə örtüsü

Dəmir pərdədə,

Dustaq duygular yox olub uzağında

Bitən ömürlərin

Və başlayan həyatların.

 

Onlarsa gəlir durmadan

Fəryadlardan, qılınclardan,

Silahlardan, bombalardan.

Söz və qanun zəfər çalır sakinlərin üzərində,

Yeni xaçlı yürüşünün cəngavəri

Günün kəşfiyyatçısı tək.

 

Və tale bu günahları dilə gətirmək istədi

Əbədi sülh ağrısıyla,

Ölü birisini dirçəltmək üçün

Zaman geriyə axdı,

Bir gün mövsümlər yenidən canlansın deyə.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.