Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalı olaraq ötən günlərdə sizə Mehman İmanovun "Sənə bir söz deyim, heçkimə demə" adlı şeirini paylaşdıq və deyək ki, şeir həm ədəbiyyatçılar, həm oxucular arasında çox bəyənildi.
Öz yolu ilə gedən, heç kəsi təqlid etməyən müəllifin bu dəfə bir neçə şeirini təqdim edirik.
Düşünürük ki, poeziyamıza əlavə rəng çaları verə biləcək bir şairdən söhbət gedir.
BİR QIZ VARDI
Boyu bəstə, saçı siyah,
Bir qız vardı.
Tələbəydik, illər qabaq,
Bir qız vardı...
Hərdən dərsdən söz salardım,
Baxıb xəyala dalardım,
O, A, mənsə E alardım,
Bir qız vardı...
Busəsini dadmadığım,
Əllərini tutmadığım,
Vüsalına çatmadığım,
Bir qız vardı...
Sözündən heç vaxt dönməzdi,
Dərdin kimsəylə bölməzdi,
Lağ etməzdi, kin bilməzdi,
Bir qız vardı...
Küsürdüsə, barışmazdı,
Qaynamazdı, qarışmazdı,
Dindirməsən, danışmazdı,
Bir qız vardı...
Sevincindən uçmadığım,
Görüşünə qaçmadığım,
Ürəyimi açmadığım,
Bir qız vardı...
Heç bilmədim,
O da məni sevirdimi?
Heç bilmədim sevdiyimi,
Gözlərimdən bilirdim?
Bir qız vardı...
TANIYARAM
Otuz il sonra rastlaşsaq,
İlk günkü tək sızlar yaram.
Mən özümü unudaram..,
Sən adımı unudarsan...
Otuz il sonra rastlaşsaq,
Tanıyarsan görən məni?
Xatırlarsanmı bir zaman,
Həsrətindən ölən məni?
Mən bilirəm, tanıyaram,
Yerişindən tanıyaram,
Üzün yad gəlsə də mənə,
Gülüşündən tanıyaram.
Saçlarının boyasından,
Gözlərinin qarasından,
Əgər tanıya bilməsəm,
Ürəyinin yarasından tanıyaram..,
Tanıyaram yenə səni...
Sən mənimçün bir kitabsan,
Sətirindən tanıyaram.
Milyon çiçəklər içində,
Ətirindən tanıyaram.
Tanıyaram yenə səni...
Göz yaşının axışından,
Duruşundan, baxışından,
Hörüyünün naxışından,
Gülüm, nəfəs alışından tanıyaram..,
Tanıyaram yenə səni…
Tanıyaram çox uzaqdan,
Küsdüyün taledən, bəxtdən,
Ürək döyüntü səsindən,
Göz qırparkən keçən vaxtdan tanıyaram..,
Tanıyaram yenə səni...
APAR
Gedirsən, get, nəyin var,
Götür özünlə apar.
Qalmasın bir yadigar,
Salıb izinlə apar.
Əlimdən əllərinin,
İstisini də apar.
Eşqinin od-alovun,
Tüstüsünü də apar.
Gülüm, ruhuma çökən,
Ətrini də al, apar.
Məndə xətrin qalmasın,
Xətrini də al, apar.
Gözümün yaddaşından,
Gülüşünü də apar.
Dodağımdan busəni,
Öpüşünü də apar.
Gözdən yaşı da apar,
Saçdan dəni də apar
Mən sənsiz necəqalım..?
Götür, məni də apar...
GƏLƏRSƏNMİ?
Bir də gəlsək bu dünyaya,
Yenə məni sevərsənmi?
Görən tanıyarsan məni,
Göz yaşımı silərsənmi?
Dünyaya başdan küsmüşəm,
Bahardan, qışdan küsmüşəm,
Gözümdə yaşdan küsmüşəm,
Gəlib sevindirərsənmi?
İllər sonra məni görsən,
Məndə olan “səni” görsən,
Saçlarımda dəni görsən,
Ağlarsanmı, gülərsənmi?
Günlər keçdi, aya döndü,
Qaçqınlar obaya döndü,
Qaranquş yuvaya döndü,
Sən də bir gün dönərsənmi?
Hicrin sıxsa ürəyimi,
Çin eylərsən diləyimi..?
Zümrüd quşun lələyini,
Yandıranda gələrsənmi..?
SƏNƏ ŞEİR YAZIRAM…
Sən nişan üzüyünü,
Seçməyə tələsirsən.
Yığıb cehizlərini,
Köçməyə tələsirsən.
Mən hələ də, gözəlim,
Sənə şeir yazıram.
Aşiqlər şəhərindən,
Həsrətlər ölkəsindən,
Əl-ələ tutduğumuz
Ağacın kölgəsindən,
Sənə şeir yazıram.
Əğyar busəndən dadıb,
Gülüşündən kam alır.
Mənsə rəsminə baxıb..,
Baxıb... xəyala dalır..,
Sənə şeir yazıram.
Sən gəlinlik seçən gün,
Sənə şeir yazıram.
Sən “şirin çay” içən gün,
Sənə şeir yazıram.
Sən sevdiyin insana,
Eşqinizdən yazırsan.
Əhdinizdən yazırsan,
Mən bunu qana-qana,
Sənə şeir yazıram.
Əğyar üzündən öpüb,
Əllərindən tutanda,
Telini oxşayanda,
Dizlərində yatanda,
Hər şeyi dana-dana,
Ürəyim yana-yana,
Sənə şeir yazıram…
ANAMA DEMƏYIN, AYRILMIŞIQ BİZ
Anam son zamanlar çox kövrək olur,
Saçları ağarır, bənizi solur,
Adi bir sözdən də gözləri dolur,
Anama deməyin, ayrılmışıq biz.
Tanrının yerdəki mələyi dözməz,
Puç olar arzusu, diləyi dözməz,
Eşitsə anamın ürəyi dözməz,
Anama deməyin, ayrılmışıq biz.
Yar məni qəlbindən silsin, eybi yox,
Könlünü əğyara versin, eybi yox,
Dost düşmən qoy bilir bilsin, eybi yox,
Anama deməyin, ayrılmışıq biz.
Bilsə küsə bilər, danlaya bilər,
Ürəyi sıxılar, ağlaya bilər,
Göz-gözə gəlmirəm, anlaya bilər,
Anama deməyin, ayrılmışıq biz.
Anam kədərini gizləyir məndən,
Anam o qızı çox istəyir məndən,
Anam toy xəbəri gözləyir məndən,
Anama deməyin, ayrılmışıq biz.
AĞLADAR SƏNİ
Gülüm, baharda rastlaşsaq,
Qışım ağladar səni.
Ağlamaram demə,
Göz yaşım ağladar səni.
Yadına düşər o ilk,
Görüş ağladar səni.
Yanağında qalan ilk,
Öpüşüm ağladar səni.
Səsim ağladar səni,
Sözüm ağladar səni,
Yalanlarıma inan,
Düzüm də ağladar səni.
Məlhəmini qıymadığın
Yaram ağladar səni.
Vermədiyim bir quru,
Salam ağladar səni.
Könlündə qalan ağrım,
Sızım ağladar səni.
Sənin adını qoyduğum,
Qızım ağladar səni.
MƏNƏ KÖMƏK ELƏ, UNUDUM SƏNİ
Bacara bilmirəm özüm-özümlə,
Mənə kömək elə, unudum səni.
Xəyalın yel kimi oynar közümdə,
Mənə kömək elə, unudum səni.
Səndən özgəsini yar biləmmirəm,
Sənintək əhdimdən tez dönənmirəm,
Ümid istəmirəm, eşq dilənmirəm,
Mənə kömək elə, unudum səni.
Gözümün yaşını qurutmaq olmur,
Könlümü kiritmək, ovutmaq olmur,
Səni sən olmadan unutmaq olmur,
Mənə kömək elə, unudum səni.
Gəl dedim, yanıma gəlmədin, gülüm,
Necə viranəyəm bilmədin, gülüm,
Nə atdın, nə də ki sevmədin, gülüm,
Barı kömək elə, unudum səni.
Unuda bilmirəm, mən gizləmirəm,
Səndən vəfa, insaf, ar gözləmirəm,
Çörək istəmirəm, su istəmirəm,
Mənə kömək elə, unudum səni.
DARIXACAQSAN
Sən elə bilmə ki, ayrılıq sondu,
Hər məni görəndə darıxacaqsan.
Naxçıvan o qədər böyük deyil ki,
Üz-üzə gələndə darıxacaqsan.
Bizim mahnımızı hər eşidəndə,
Rəsmimə baxanda darıxacaqsan.
Hər ulduz axanda gözün dolacaq,
Hər yağış yağanda darıxacaqsan…
Göz-gözə, əl-ələ dolaşdığımız,
Həmin küçələrdə darıxacaqsan.
Bəlkə unudarsan al şəfəqləri,
Ən çox gecələrdə darıxacaqsan.
Səninçün dərdiyim tər çiçəklərin,
Güllərin ətriyçün darıxacaqsan.
Şəninə şeirlər yazmayacaqlar,
Şeirimin sətriyçün darıxacaqsan.
Bir gün göz yaşların dönəcək selə,
Gözün məni gördü darıxacaqsan.
Üç yüz altmış beş gün unutsan belə,
Fevralın ondördü darıxacaqsan.
Saxta gülüşlərin yoracaq səni,
“Xoşbəxt” oyunlarda darıxacaqsan…
Özgə bir ocaqda sən məndən ötrü,
Əğyarın qoynunda darıxacaqsan.
HARDASA...
Hardasa bir eşqin ilk qığılcımı,
Hardasa bir sevda hönkürüb ağlar.
Hardasa bir qızın vağzalı səsi,
Hardasa bir oğlan ürəyi dağlar.
Hardasa nəğmələr oxunur indi,
Hardasa bir evdə yasin surəsi,
Hardasa bir məzar qazılır indi,
Hardasa körpənin ilk zümzüməsi.
Hardasa kosmosa uçurlar indi,
Hardasa şeytana daş atanlar var,
Hardasa itə ət atırlar indi,
Hardasa bələkdə ac yatanlar var.
Hardasa bir evdə toy həyəcanı,
Hardasa bir ana xonçalar bağlar,
Hardasa bir məzar daşının üstə,
Hardasa bir şəhid anası ağlar...
YAĞIŞ YAĞMA
Yağma, yağış, indi tavanı daman,
Nə qədər çətirsiz ev var, ocaq var.
Cırıq başmaq geyib dərsə yollanan,
Ayağı islanan körpə uşaq var.
Yağma, yağış, yar yolun gözləyən
İndi ilk görüş üçün tələsən var
Üzünün bəzəyin yuyursan deyə
Səndən inciyən var, səndən küsən var
Sənin hər damlanda xəyala dalan,
Darıxıb, ürəyi sıxılanlar var.
Əsaya söykənib zorla dayanan,
Ayağı sürüşüb yıxılanlar var.
Hardasa körpəsi üşüyər deyə
Ümidin günəşə bağlayanlar var
Yağış yağma, şəhid məzarı üstə,
İndi hönkür-hönkür ağlayanlar var.
BUMU?
Kimisi tox, kimisi ac,
Dünya, ədalətin bumu?
Süni güllər könüldə tac,
Bağban, təravətin bumu?
İnsan hər gün bir libasda,
Bir gün toyda, bir gün yasda
Həkim öldürməkdə usta,
Loğman, təbabətin bumu?
Əzrayıl can qapısında,
Hələömrün yarısında,
Molla qazanc arzusunda,
Hacı, ibadətin bumu?
Vicdanın yox bir zərrəsi
Çatır haqq hesab vədəsi
Eşidilir “şeypur səsi”
Qiyam, əlamətin bumu?
Qarğa qartal səmasında,
Tikanlar gül simasında,
Əyri doğru libasında,
Haqq, yeni adətin bumu?
Hələsağalmamış yaram,
Demədimmi sevda haram?!
Söz vermişdin vurulmaram,
Ürək, sədaqətin bumu?
Sevincimdə gözün qaldı,
Odun söndü, közün qaldı,
getdin yara izin qaldı,
Dilbər, əmanətin bumu?
Çalınır vağzalı səsi,
Bu hicran çətin keçəsi,
Bu gün yarın toy gecəsi,
Mehman, fərasətin bumu?
VƏTƏN
30 il yol çəkən gözün,
Daha nurla dolsun, Vətən.
İndi “yanlar” çöküb dizin,
Saçlarını yolsun, Vətən.
Sil,gözünün yaşını, gül,
Yaşma etdi düşməni kül,
Biz qoymazdıq Xarı bülbül,
Ayaq altda solsun, Vətən.
Dönməsəydik Cıdır düzə,
Torpaq küsəcəkdi bizə,
Qayıtmışıq evimizə,
Daha sınıb ovsun, Vətən.
Sildik alnımızdan arı,
Kaş o gün tez gələbarı ,
Göyçə göldən yağıları,
“İti qovan” qovsun, Vətən.
Yolumuz gedir Turana,
Zəngəzura, İrəvana,
Azca qalıb Naxçıvana,
Pənah yolum olsun, Vətən!
XOCALI
Bu nə soyuq, bu nəqardı, Xocalı,
Üşüdünmü,bu nəhaldı, Xocalı,
Bəşər kordu, kardı, laldı, Xocalı,
Görmürlərmi… əsrin faciəsini?
Niyə duymur dünya haqqın səsini…
Suçu nəydi bələkdəki canların,
Bizəhaqdır tökmək kafir qanların,
Körpələrin başın kəsən “yanların”,
Kəsmək gərək itdən gələn nəslini,
Niyə duymur dünya haqqın səsini?
Atəşkəsə itaətdən bezmişəm
Kağız üstdəədalədən bezmişəm,
İlahiyə sikayətdən bezmişəm…
Anlamıram “ədalət” kəlməsini,
Niyə duymur dünya haqqın səsini…
Bu vəhşətə necə dözdün, ey cahan..?
Haqqın yolu cana-candır, qana-qan.
On dörd əsr yas saxlayan müsəlman–
Eşitmədin… Xocalı naləsini?!
Niyə duymur dünya haqqın səsini?
Dünya, səndən mədət uman deyiləm,
Mən ki türkəm çətin zülmə əyiləm,
Haqq ədalət keşikcisi deyilən-
BMT-mi, erməni kilsəsimi?
Niyə duymur dünya haqqın səsini
NAXÇIVANA ŞƏHİD GƏLİR
Göylərdə təyyarə görünür yenə,
Evlərə od-alov salmağa gəlir…
Neçə körpələri yetim qoymağa,
Anaların bağrın yarmağa gəlir…
Qoymayın, təyyarə göylərdən enə,
Onda kədər gəlir, göz yaşı gəlir…
Bir adaxlı qızın sevdiyi oğlan,
Birinin ömür-gün yoldaşı gəlir…
Göylərdə təyyarə görünür yenə,
Bütün ümidləri üzməyə gəlir…
Saçlara zamansız dənlər salmağa,
Gözlərdən yaşları süzməyə gəlir…
Qoymayın təyyarə göylərdən enə,
Qoymayn ürəklər qübarla dolsun.
Qoymayın təyyarə səsi gələndə,
Analar, bacılar, saçını yolsun.
Yenə Naxçıvanın gözləri yaşlı,
Neçəyarım qalmış diləklər gəlir.
Vətənçün şəhadət yolunu seçən,
Bayrağa sarılmış mələklər gəlir.
ŞƏHİD VƏSİYYƏTİ
Əgər şəhid olsam, ata, ay ata,
Məzarım üstünə anam gəlməsin.
Qoymayın naləsi məni oyada,
Məzarım üstünə anam gəlməsin.
Məzarda şəklimi görsə inanmaz,
Mənə anam kimi kimsələr yanmaz,
Ürəyi bu dərdə dözməz, dayanmaz,
Məzarım üstünə anam gəlməsin.
O gül yanağına yaşlar tökülər,
Sevinci, gülüşü ərşə çəkilər ,
Saçına dən düşər, beli bükülər,
Məzarım üstünə anam gəlməsin.
Göynəyər anamın bağrının başı,
Düşsə məzarıma damla göz yaşı,
Yandırar torpağı, əridər daşı,
Məzarım üstünə anam gəlməsin.
ŞUŞA
“Şuşa sən azadsan”,azadsan daha,
Sil gözün yaşını, biz gəldik, Şuşa!
Qaçqınlıq yaraşmaz idi bu xalqa,
Qayıtdıq hür gəldik, öz gəldik Şuşa!
Əgər dönməsəydik biz o düzlərə,
Bu utanc olardı qənim bizlərə,
“Polad”a, “Fərid”ə, “Mübariz”lərə,
Biz axı vermişdik söz, gəldik, Şuşa!
Yerdəqalmadı ki şəhid qanları,
“İti qovan kimi” qovduq “yanlar”ı,
Qayalar dırmaşıb biz sənəsarı,
Tarixə qoyaraq iz gəldik, Şuşa!
“Yanlar” xülyalara tez inandılar,
Bu xalqın qüdrətin, şanın dandılar,
Alışar, unudar, dönməz sandılar,
Bir getdik ,gələndə yüz gəldik Şuşa!
Sən bizə hava tək, su tək gərəkdin,
Sən tapdaq altında gör, nələr çəkdin,
“Nəoldu paşinyan verməyəcəkdin..?”
Vermədi, çökdürdük diz,gəldik, Şuşa !
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)


