“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yunis Səfdəridir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.
Yunus Səfdəri
Təbriz
Qar yağdı; yenə də yandı ocaqlar,
Dəyir bir-birinə soyuqdan dişlər.
Bəlkə dünən gecə isti uşaqlar,
Göylərdən bir belə qar istəmişlər.
Qar yağdı; bir ildir qar görməmişəm,
Evlərin başına qar səpələndi.
Qar elə yağıb ki, mən bilməmişəm!
Baxıram, küçədə qar dizəcəndi!
Qar yağdı; soyuqdu, hamı geyindi,
Ağ bir örtük örtdü qara damları.
Qar yağdı; uşaqlar yaman sevindi,
Yağdılar küçəyə qar adamları.
Qar yağdı; bir kişi fikirə daldı,
Çatlaq tavanından su dama-dama.
Qar yağdı; bir kişi birdən hay saldı;
Kürəklər iki qat, çıxdılar dama!
Qar yağdı; kiminsə əlləri donur,
Kiminsə evində şuminə yanır.
Birisi xəz papaq, palto geyinir,
Birisi yoxsulluq oduna yanır.
Qar yağdı; bu il qış çətin olacaq,
Paltarsız uşaqlar kaş üşüməsin.
Qar yağdı; ürəyim od tutub ancaq –
Ocaqsız evlərə soyuq dəyməsin!
Qeyd: şuminə - ocaq
“Ədəbiyyat və incəsənət”
(27.10.2025)


