“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Özgür Bacaksızın şeiri təqdim edilir.
Özgür BACAKSIZ
(Türkiyə)
1992-ci ildə Türkiyənin Ankara şəhərində doğulub. Türkiyənin Başkənd Universitetinin Radio, Televizya və Kino fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. Şeirləri mütəmadi olaraq müxtəlif dərgilərdə çap olunur.
KÜÇƏ UŞAĞI
Nə gözəldir indi küçəmiz.
Bağçadakı cökənin ətri
Küncdəki baqqalın ardından duyulur.
Hələ də canlıdır pəncərəndə
Martda əkdiyimiz ulduz çiçəyi.
Axşam azanına yarım saat var hələ,
Çöldədir bütün qonşu uşaqları.
Vanelli sütlaç qoxusu gələn mətbəxiniz
Küçəyə açılır,
Sənin otağın isə göy üzünə.
Yaxşı ki, birinci mərtəbəyə köçdünüz,
Yaxşı ki, pərdələriniz tüldəndir.
Anan səhər də sütlaç edərsə,
Xəyalını quraram yenə.
Nə olar, erkən yatma,
Bir az daha seyr edim səni.
“Çox gözəlsən” – deyə bilmədim heç
Bircə dəfə üzünə; Mən artıq küçə uşağıyam.
Uyğunlaşdırdı: Məleykə Mirzəli
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


