“Xəzəllər, ayrılıqlar və payız...” - Təranə Dəmirin yeni şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalı şair Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Payız ovqatlı bu şeirlərdə fəslin qüssəsi və qəm-kədəri aparıcıdır, amma insan da qüssələndikcə kamilləşir axı.

 

 

BU GECƏ

 

Bir gecə də öz taxtından yıxıldı,

Bir səhər də taxta çıxdı təzədən.

Günəş doğdu,ay gizlətdi üzünü,

Bir ümid də şahə qalxdı təzədən.

 

Bir zülməti yola saldı ləpələr,

Dəniz yenə qaranlığın soyundu.

Göy üzündən işıq düşdü üstünə,

Yenə şəhər nur selində yuyundu.

 

Yarıpayız,yarıbahar ağaclar

Salamladı yuvasında quşları.

Yağış-yağış,külək-külək sevindi

Bu şəhərin divarları,daşları.

 

Bina-bina yuxusundan oyandı,

Addım-addım ayaq açdı küçələr.

Göyərçinlər sahil-sahil dağıldı,

Oğrun-oğrun dənə qaçdı sərçələr.

 

Budağından qopub düşən xəzəllər

Küçə-küçə küləklərlə  yarışdı.

Yeni günü salamladıq beləcə,

Payız bizə,biz payıza qarışdıq.

 

 

QADIN

 

Ayağın altında yollar yorulub,

Dilinin ucunda döz dolaşırsan.

Əllərin ovcunda buza dönübdü,

Sinənin üstündə köz dolaşırsan.

 

Kimin yanındasan,kimin yadında?

Kimin yaxınısan,kimin uzağı?

Anan da yoxdu ki,deyib ağlasın

Səni başdan-başa ölümqabağı.

 

Gözünə zillənib soyuq baxışlar,

Gerçəyi yalandan seçə bilmirsən.

Qolların uzanıb boşluğa sarı,

Neynirsən,o yana keçə bilmirsən.

 

Dörd yanın adamdı, bəs niyə görən

Tənhasan bu qədər adam içində.

Sən nələr çəkirsən bir Allah bilir,

Azarın içində,qadan içində.

 

Bu günü sabahla ovutmaq çətin,

Səbir təsəllidi,kaş təsəllidi.

Yaşaya bilmədin baharı,qadın,

Payızda nə varsa boş təsəllidi.

 

 

ŞAİR ƏLİSƏMİD KÜRƏ

 

Alnının qırışlarında min ilin ağrıları,

Baxışlarında min ilin təəssüfü var.

Arada gülümsəyirsən əzabların üzünə,

Ancaq mən gülüşünün altındakı göz yaşlarını yaxşı görürəm, şair.

Həsrətə təşnəsən deyə gülümsədikcə bir az da susuzlayırsan,

Ciyərin yanır ayrılıqdan sarı,

Sən susadıqca təptəzə Söz doğulur ayrılıq rəngdə,

Danışdıqca bir az da böyüyürsən həqiqətin gözündə,

Susduqca bir az da.

Bilirəm nigaransan dünyadan, adamlardan, ağaclardan,

ağaclara daş atan uşaqlardan, qar altında dən axtaran quşlardan,

qarışqalardan - hər şeydən, hər kəsdən nigaransan ,elə özündən də.

Əllərin cibindən, cibin sərçələrdən utananda göy üzünə yağış ismarlayırsan arada,

Bilirsən ki, səmada bizə ən yaxın buludlardı, buludlar.

Sən kədəri qədəh-qədəh başına çəkdikcə,

hardasa bir ümidin üstünə qapqara kölgə düşür,

Hər gün bir qədəh ümidsizləşirsən beləcə.

Hələ əzablara, həsrətə ,tənhalığa qədəh-qədəh meydan oxumağını demirəm.

Mən çox şeyi gizlədirəm səndən,

Çox şeyi demirəm, şair.

Eh, nöqtələr, suallar, nidalar!

 

 

UZAQ ŞƏHƏRLƏR…

 

Uzaq şəhərlər,

qarışıq küçələr,

Binalar, ağaclar,

Maşınlar, tıxaclar.

Adamlar, heykəllər,

Divarlar, şəkillər,

Küləklər, yağışlar,

Savaşlar, barışlar,

Sevgilər, xəyanətlər,

Yalanlar, cinayətlər.

Dənizə qarışan göz yaşı,

Sahilə yağan dalğa yağışı,

Xəyallar, peşmanlıqlar,

İşıqlar, qaranlıqlar.

Dükanlar, kafelər,

Xəstə küçə itləri, ac pişiklər.

Kölgənə yüyürən dilənçi qız-

Dilində dua, səsində qorxu, gözündə yalvarış,

Yorğun qoca,əlində əsa,

Ayağında yol, başında yağış.

Gecəyə baxan pəncərələr,

xəzəllər, ayrılıqlar və payız.

 

 

PƏNCƏRƏ

 

Büründü pəncərə göz yaşlarına,

Bir qadın çiynindən atdı yükünü.

Açdı ürəyini boş küçələrə,

Pəncərə-pəncərə tutdu yükünü.

 

Min həsrət cücərdi yağışın altda,

Cücərdi,böyüdü gecə boyunca.

Bir pişik bir siçan ovuna çıxdı,

Yüyürdü,yıxıldı küçə boyunca.

 

Bir ac köpək kimi uladı külək,

Uladı,o başa,bu başa çapdı.

Tutdu ağacların qol-budağından,

Ayağı dolaşa-dolaşa çapdı.

 

Yiyəsiz itlərin səsi kəsildi,

Quşlar yuvasına çəkildi yatdı.

Pəncərə-pəncərə yixildı şəhər,

Pəncərə-pəncərə büküldü yatdı.

 

Pəncərə-pəncərə yuyundu gecə,

Pəncərə-pəncərə yuyundu qadın.

Pəncərə-pəncərə açıldı səhər,

Pəncərə-pəncərə yoruldu qadın.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.