Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Çoxdandır ki, səsim gəlmirdi. Bu səbəbdən, redaksiyamızın poçtuna bir il əvvəl göndərdiyim şeirləri redaktorlar qərara alıblar ki, bu gün yayınlasınlar. Niyə də yox, qoy olsun. Oxucularla hər görüş toy-bayram deyilmi?
ÖZÜMÜN GÜNAHIM
Bir çiçək də böyümür divarlar arasında,
Bir bənövşə yaşamır heç ömrünü sonacan.
Hamı məndən inciyib, hamı mənə qırılıb,
Nə olsa da özümün günahıdır, anacan.
Köksümdə qucaq-qucaq illərlə dərd böyütdüm,
Çinar kimi adamın qəddin büküb, əyiltdim.
Dostla getdiyim yolu yenə də tək qayıtdım,
Dünya cəhənnəm olsa mən içində yanacam.
Bağışla, ağlayıram, uşağam da, neyləyim?!
Sən də yoxsan, dərdimi axı kimə söyləyim?
Elə bil and içmişəm, cana zülüm eyləyim?
Gözlərimi bağlayım, sayım birdən onacan.
Yaşamaqdan saymıram, bəlkə doğulmamışam,
Uçuq-sökük görünüb hələ dağılmamışam.
Mən insanam, əzizim, daşdan yoğrulmamışam,
Yenə Bakı küləyi soyuğundan donacam.
Açmıram daha bir gün sabahı xeyir ilə,
Kimlər yola salmışam yazılan şeir ilə.
Külək qapı-bacanı durmadan döyür elə,
Gələnim olmayacaq, yenə tənha qalacam,
Nə etsəm də özümün günahıdır, anacan.
BU GECƏ DƏ PARILDAMAZ ULDUZUM
Yenə dağınıq otaq,
Qulağımda telefonun dəstəyi,
Yorur məni bu şəhərin
Küləyinin əsməyi.
Elə bil ki, gözlərim də
Havalardan nəm çəkir.
İstəmirəm, deməsinlər:
“Şairə bax,
Səhər-axşam qəm çəkir.”
Bilirəm ki, bu gecə də
Parıldamaz ulduzum.
Öyrəşmişəm, bütün belə
Savaşlara uduzum.
Düşünürəm kainatın
Sehrini də pozublar.
Ömrümün ağ yerinə
Ancaq qara yazıblar.
Gözyaşlarım şərab kimi
Badələrə süzülür.
Ömrü boyu
Bədbəxtlikdən
Ürəyimiz üzülür.
Kim itirdi varlığını,
Bu yolların sonunda?
Körpə kimi ağlamaq var,
Niyə həyat yolunda?
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)