Murad Köhnəqalaya təzə qaladan məktublar Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”


Dost bağında bülbul oldum, çox ötdüm,
Hal anlamaz qonça güllər sağ olsun.
Eşqili baş sərxoş gəzib dolaşar,
İpək tellər, incə bellər sağ olsun.

Çox gəzmişəm bu dərdlərin damını,
Nuş etmişəm badəsini camını,
Mən görmədim şirinlərin tamını,
İndən belə acı dillər sağ olsun.

Köhnəqalam söylər köçdü köçənlər,
Altun irdələyib, gövhər seçənlər,
Arşınlayıb kəfənimi biçənlər,
Üstümə daş hörən qollar sağ olsun.

Şerilərində klassik aşıq poeziyası çalarları duyulan, son dərəcə xəlqi yazan, üçbəndlik qoşmada yurd salan şair Murad Köhnəqalanın bu gün doğum günüdür. Başlığın isə əslində yazıma aidiyyatı yoxdur, sadəcə, bir dəfə hansısa saytda bu adda bir yazı oxumuşdum və bu adı bəyənmişdim.

Murad Köhnəqala 1959-cu il oktyabrın 15-də ozanlar yurdu Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Burada orta məktəbi bitirib. Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləyib. Ordu sıralarında xidmət edib. Tərxis ediləndən sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olub. Tovuz şəhər təmir-tikinti sahəsində fəhlə, Bakı şəhər metro tikintisində fəhlə işləyib

1980-ci illərdən mətbuatda öz şerlərini vaxtaşırı çap etdirib. Elə yazdığı gözəl şeirlər də ona ali təhsil və böyük bir ədəbiyyat məktəbinuin şəyirdi olmaq şansı yaradıbdır, o, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləyib. Bir vaxt "Yol" qəzetinin təsis etdiyi "Altun Ay" mükafatına layiq görülüb. Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olub. Sonra Sibirdə, Uzaq Şərqdə yaşayıb. Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısı olub. Müstəqil media orqanlarında bədii və publisistik yazılarla çıxış edir

 

Kitabları

1. "Alma əhvalatı"

2. "Bulud pinəçisi"

3. "Nizami Cəfərovla türk dünyasına səyahət"

4. "Yuxularım"

5. "Amurun hekayələri"

 

Və sonda, Murad Köhnəqaladan daha bir şeir:

 

Məğrurluq eyləyib comərdəm deyən,
Suyulub özgənin malına dəyməz
Haramlar üstündə gələn səltənət,
Bir qara iyidin telinə dəyməz.

Qüdrətdən enibdi gözəlin xalı,
Tanrıya bəllolar aşiqin halı,
Sözü tutulmayan ərin saqqalı,
Çölün yovşanına, koluna dəyməz.

Köhnəqalam söylər köhnə söhbətdi,
Haqqın göndərdiyi cana minnətdi,
Yaxşı arvad, yaxşı övlad dövlətdi,
Hər yetən kişinin əlinə dəyməz.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.