İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, o, Azərbaycan tarixinin ən işıqlı simalarından biri, ən tanınmış ziyalılar sırasında yüksək yerdə dayanan bir şəxsiyyət olub, xalqına, el-obasına, dövlətinə bağlı bir şəxsiyyət olub. Və vətənpərvərlikdə hamıya örnək olub.
O, Xudu Məmmədov.
Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ağdamda orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olub, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.
Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olub. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin ediblər. 1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında bu dəfə "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib.
Xudu Məmmədov bir neçə dəfə dünyaşöhrətli ingilis fiziki Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsindədir.
1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə edib, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.
Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub.
Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.
Görkəmli alim Xudu Məmmədov 345 elmi əsərin müəllifi olub ki, onların da 11-i ixtira olub, keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri ilə müdafiə olunub.
Onun bir ziyalı kimi Qarabağ münaqişəsi və milli-azadlıq mübarizəsi zamani ideoloq kimi öndə getməsini, ardınca minlərlə insanı aparmasını isə qədirbilən xalqımız heç vaxt unutmayacaq.
Təltif və mükafatları
1. 1990-cı ildə Xudu Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görülüb.
2. Xudu Məmmədov "Şərəf nişanı" (1967),
3. "Qırmızı Əmək Bayrağı" (1986) ordenləri,
4. Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub.
Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib!
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)