İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ona sevgi şairi deyirdilər. 80-ci illərdə o qədər populyar idi ki, hər bir yeniyetmə, gənc mütləq ondan nəsə əzbər bilirdi. Məsələn, “Bəhanəsiz get” şeiri sevənlərin ayrılıq himni hesab edilirdi. O şeiri indiki gənclərə də yönəltmək lazımdır, internetdən robotlaşmasından qopub, bir qədər duyğusal olsunlar.
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən, səsin də yad olsun barı.
Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.
Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm, əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən, nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə…
Getmək istəyirsən, bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.
Şair Nüsrət Kəsəmənli 29 dekabr 1945-ci ildə Qazax mahalının Dağ Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirincə böyük şəhərə - Bakıya gəlib. Şeiri isə elə məktəb illərindən yazırmış.
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şeirinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak edib.
Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib. "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub (1985-ci ildən).
15 oktyabr 2003-cü ildə müalicə almaq üçün getdiyi Təbrizdə vəfat edib. Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.
Qeyd etdim, Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb, onun “Gümüş yuxular” kitabı üst-üstə 100 min tirajdan artıq tirajla çıxıb, bir çox mahnılar üçün şeirlər yazıb. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açıb, hardasa buna psixoloji lirika da demək olar.
Kitabları
1. Sevirsənsə, B., 1971;
2. Gözlərimin qarası, B., 1975;
3. Özümə bənzədiyim günlər, 1979;
4. Gümüş yuxular, B., 1981;
5. Təklikdə danışaq, B., 1983.
Məşhur şeirləri
1. Daha nağıllara inanmıram mən
2. Biri vardı, biri yox…
3. Səni unutsam…
4. Vətən alov etsin odunu sənin
5. Mənsiz qalacaqdır bu dünya bir gün
6. Oğru olmaq istəyirəm
7. Ağacın altında kölgə
8. Qoyunlar yeyəcək canavarları…
Filmoqrafiya
1. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
2. Azərbaycana səyahət (film, 1988)
3. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
4. Doğma sahillər (film, 1989)
5. Dünyada yeganə (film, 1989)
Az yaşayıb, 58 il nədir axı. Poeziyamızı növbəti gözəl şeirlərindən məhrum edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)