“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Elməddin Nicatın şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Elməddin NİCAT
SƏNİN ŞƏKLİNƏ…
Şəklini kim çəkib?.. üzündə gülüş –
Gözündə ayrılıq buza dönübdü.
Həsrət sığallıyıb gur saçlarını,
Əl izi üstündə toza dönübdü.
Dumanlı, çiskinli baxışlarından
Şeh düşər bozarmış yanaqlarına.
Dinsən min havada, təzə nə çalar,
Ney heyrət kəsilər dodaqlarına.
Susmusan, səsini duymuram hələ,
Bəlkə də, göynəmiş ud iniltisi…
Səni belə gördüm, ürəyim yandı,
Boy verdi köksümdə od iniltisi.
NƏ GÖZƏL BƏXTİN VAR…
Göz yaşın yudumu yenə
Bozarmış üzünün odun?
İndi necə darıxırsan,
Hər sözdən darıxan qadın!..
Baş alırmı dərd içindən,
Dönürmü ulayan qurda?
Bəlkə, sənin xəbərin yox,
Dərdin məni didir burda.
Könlümdə sevgi sarayın,
Gözümdə şahlıq taxtın var.
Kimi belə sevdilər ki?!
Sənin nə gözəl bəxtin var.
GETDİM DEMƏ
Getdim demə, getməyin
Düşər-düşməzi olur.
Döydüyü bir öz başı,
Bir də öz dizi olur.
Getdim demə ha… qəti,
Bitər ömrün taqəti.
Ayrılığın niyyəti –
Həsrətin gözü olur.
Ağrısı çox göynəyin,
Qan qoxuyar köynəyin.
Əkdiyin dərd ürəyin
Laləli düzü olur.
Rəngi qaçır gül üzün,
İçim qəbir, gül düzün.
Kirpik altda hər gözün
Dəli dənizi olur…
Sönər nuru odamın,
Dövrü başlar edamın.
Canı gedən adamın
Gecə-gündüzü olur?!
ÇÖL ÜZÜNDƏN AĞLAYIR...
Tək oturub otaqda darıxan adamların
Kimlər duyar səsini, kim anlar yalnızlığın.
Hisslərim qurbanıdır sükutlu edamların,
Ürəyim çabalayır əlində yalqızlığın.
Çöl üzündən ağlayır pəncərəmin şüşəsi,
Göz yaşını sovurur vıyıldayan küləklər.
İliyinə işləyib ayrılığın rişəsi,
İntizarı çəkməsə, dözməz sevən ürəklər.
Suya həsrət səhradı sevdaya baş əyənlər,
Qanıyla suvarmalı əkdiyi toxumları.
İlahi sevgilərə qəlbən əli dəyənlər
Canının içi bilir ən uzaq yaxunları.
Ehey... yenə darıxdım, bu qışın əvvəlində,
Gizil-gizil başladı canımın üşütməsi.
Ürəyimlə adını qışqırıram dilimdə,
Qulağını tut deyim, bir kimsə eşitməsin...
BU TALE DEDİYİN
Bu tale dediyin su dəyirmanı,
Üyüdər ömrünü dən əvəzinə.
Nə illər itirdik göz qırpımında,
Nə anlar yaşadıq gün əvəzinə.
Ürəkdə çatı var keçən qışların,
Dərd baxır ağrıma, çatıb qaşların.
Üzüm nahar yeri qaranquşların,
Göz yaşı səpirəm dən əvəzinə.
Dil-dil oxutmadım qumru yarı da,
Gərək ki adamı Tanrı yarıda.
Daha saxlayıram ömrü yarıda,
Verirəm, yaşayar kim əvəzimə?!
ŞİMAL DƏNİZİDİR
Şimal dənizidir gözümün içi,
Adın çəkildimi, kirpiyim donur.
Dodağın titrəyir, nitqim tutulur,
Ay gözləri yaşıl, saçları qonur...
Qəlbinə dəymişəm, könlün inciyib,
Gəl öpüm alnından, məni bağışla.
Di başla, yubanma, keç günahımdan,
Sevindir dəlini bircə baxışla.
Qaraltma rəngini, günəş gizlənər,
Kainat üzümdən gün üzü görməz.
Səni görən gözüm, yaxşı bilirsən,
Axşamı, sabahı, gündüzü görməz.
Bu qədər sevilmək tək sənin haqqın,
Yaxşı eləyirsən, bərk öyünürsən,
Könüllü çəkirəm nazu-qəmzəni,
Mənimçün dəlisov ərkösöyünsən.
SƏNİ BU ŞƏHƏRDƏ TƏK QOYMAQ OLMAZ
səni bu şəhərdə tək qoymaq olmaz,
səsin ürəyinin başına düşər.
için-için ağladıqca...
sıxar arzularının üstə gözlərini darıxmağın,
ümidlər içində islanıb yanar.
var-gəl eləyər otaq boyu ürəyinin sızıltısı...
gözlərin "karvalol" gəzər,
qulağın indi döyüləcək qapı tıqqıltısı.
səni bu şəhərdə tək qoymaq olmaz,
başına iş açar ölə-ölə darıxmağın,
darıxa-darıxa ölməyin...
gizlin-gizlin içinə ağlamasan,
göz yaşın əridər bu şəhərin monolit divarlarını...
yuyar küçələrdəki darıxdığın adamın ayaq izlərini.
tək çıxma şəhərə,
dərdini gözündən oxuya bilər,
tutar bu şəhərin ürək tutması...
…bunu hər kəs bilər, kim görsə gözlərini...
QORU ALNINDAKI ÖPÜŞ YERİMİ
Bir gün əlimin sığalıyçün
Saçlarının darıxmağı baş qaldırsa,
Başını köksümə söykə,
Barmaqlarını dodağıma...
Bir gün dilinin ucunda adım göynəsə,
Ürəyin köksündə atlı kimi çapsa,
Gözünə görünsə ulduzlar
birtəhər, Göy nəsə
Özünü mənə yetir.
Əgər darıxmaqdan macal tapsan,
Əlindən bərk yapış ürəyinin –
Gözümün içindən yapışdığın kimi...
Qoru alnındakı öpüş yerimi,
Qəfil ömrümə gəldiyin kimi.
Bir gün sübh azanından axşam günbatanına
Dilinin ucunda adım darıxsa,
Bir misram ayə əvəzinə dodağında səyrisə,
Kəssə amanını "bəlkə"... "Nə isə"...
Tanrı duası bil sənə yazdığım şeirləri...
PİANOÇU
Toxundur barmaqlarını
Pianonun ağ-qara dillərinə.
Dəyişim könlümün səcdəsin,
Qiblə kimi boylanım əllərinə.
Ruhuma sakitlik çöksün,
Getsin uzaqlara xəyallarım...
Yollara səpilim duyğular kimi.
Yubanma, pianoçu...
İçim çölümə daşır.
Bəyaz, incə barmaqların
Pianonun sinəsinə necə gözəl yaraşır...
Yaxşı ki, saçlarımda
Gəzişmir şümşad əllərin,
Saçlarımın canı nə gəzir,
Qaldıra bu boyda EŞQi ürəyim kimi.
Pianoçu, könlümü çaldın axı,
Nə idi ki bu şairin günahı,
Pianoçu, nə idi axı?!
QƏTL EDİLMİŞ KƏND
(Kəndimizdən atama təsəlli salamı)
İlahi, bu kəndin sahibi hanı,
Uçuq divarlardan səfillik yağır.
Aynasız, qapısız evlərdən səsə
Adam əvəzinə ağaclar çıxır.
İlahi, bu kəndi nə qarğış tutub,
Hər evdən yelləyir qəm papağını.
Yanağı sıyrılmış boz divarların
Görmürəm başında dam papağını.
Qonşuluq eyləmir sahibsiz evlər,
Məhlələr arası yollar kəsilib.
Ətəyin sel yuyub kənd yollarının,
Evlərdən uzanan qollar kəsilib.
Elə bil kəndimiz balacalaşıb,
Ev evin içinə köçübdür sanki.
Ağrılar, acılar nə qucaqlaşıb,
Bu kənd o kənddirmi, inanmırsan ki...
Ev-ev qətl ediblər bu kəndi, ata,
Hər uçuq bir cavan şəhidə dönüb.
Kənd boyu evlərə soyqırım olub,
Kalafa yerləri şahidə dönüb.
Suyu quruyubdur Dərə çayının,
İntihar eyləyib körpüsü kəndin.
Bu yurddan uzaqda min əziyyətlə
Nə çinar ömürlər bitdi, tükəndi.
Şəhid anasına oxşayır bulaq,
Ağlayıb-ağlayıb, suyu quruyub.
Quruyan bulağın sinəsi üstə
Yarpağı xallanmış lilpar uyuyub.
Sən görən o kənddən nə qalıb, heç nə,
Hər ocaq viranə, hər ev bir uçuq.
Sən gəlsən, tox dayan, göynəyib keçmə,
Bu kəndin tifaqı başına uçub.
Dönmüşük yurduna niyyət et, əhd et,
Lap elə qurbanlıq mən balanı de...
Dönəndə arxamca su atdı kəndin,
Sanki pıçıldadı "bu salamı de…"
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)