İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan dramaturqu, nasir Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olub. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb.
1906-cı ildə Bakıda çağrılan Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur "İkinci il" dərsliyini tərtib edib. 1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda o, Azərbaycanda ilk maarif komissarı kimi maarif sahəsində böyük həvəslə çalışıb. 1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir.
Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edir. Azərbaycan mədəni-maarif işlərinin möhkəmlənməsinə çalışır. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə "Azərbaycan Ədib və Şairlər İttifaqı"nın ilk sədri seçilib. 1922-ci ildə S.Sani M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə "Yeni türk əlifbası" dərsliyini yazır.
1923-cü ildən nəşrə başlayan "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında dövrün tələbləri ilə səsləşən bir sıra hekayələrini çap etdirir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. İlk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazıb. Yeri gəlmişkən onu da qeyd edim ki Süleyman Sani Axundov həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürüb.
Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışıb. 1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirib. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və s. pyeslərin müəllifidir.
Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazıb. Yazıçı "Tutuquşu" (1909) hekayəsində də aktual məsələyə toxunub. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa edib.
Süleyman Sani Axundovun yazdığı "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912–1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib.
Kitabları
1. Əsərləri. Bakı: 1936.
2. Seçilmiş əsərləri (tərtib edəni Abbas Zamanov). Bakı: 1951.
3. Seçilmiş əsərləri (tərtib edəni Nadir Vəlixanov). I cild. Bakı: 1968.
4. Seçilmiş əsərləri (tərtib edəni Nadir Vəlixanov). II cild, Bakı: 1968.
5. Hekayələr və pyeslər (tərtib edəni Nadir Vəlixanov). Bakı: 1975.
6. Seçilmiş əsərləri (tərtib edəni və ön sözün müəllifi: Nadir Vəlixanv). Bakı: 2005
Bakı və Şirvan şəhərlərində mərkəzi küçələrdən biri və Bakı şəhərində bir məktəb Süleyman Sani Axundovun adını daşıyır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)