Azərbaycan Sovet nəsrinin görkəmli nümayəndəsi – İlyas Əfəndiyev Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həmişə biz İlyas Əfəndiyevdən bəhs edəndə, yazırdıq ki, mərhum xalq yazıçısı İlyas Əfəndiyev xalq yazıçısı Elçinin atasıdır. Çox təəssüf ki, indi mərhum xalq yazıçısı İlyas Əfəndiyev mərhum xalq yazıçısı Elçinin atası idi yazırıq. Allah hər ikisinə rəhmət eləsin.

 

Görkəmli yazıçı İlyas Əfəndiyev 1914-cü il may ayının 26-da Qaryaginin (indiki Füzuli rayonu) hal-hazırkı Saracıq kəndində tanınan və hörmətli tacir ailəsində anadan olub. İ. Əfəndiyev anası haqqında yazmışdır:

 "Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb-oxuyurdu. O, mütaliəni çox sevirdi və Azərbaycan dilində çıxan kitabların, demək olar ki, hamısını oxumuşdu. Mənə ərəb və latın əlifbalarında yazıb-oxumağı da o öyrətmişdi. Uşaq vaxtı anam bizə oxuduğu kitablardan hədsiz-hesabsız əhvalatlar danışardı. Onun oxuyub bizə nağıl elədiyi "Ərmənusə", "İngilis xanımı", "Hind racəsi", "Rüstəm və Zöhrab", "Əlif Leyla" və sairə kitablar indi də yadımdadır. Füzulinin "Leyli və Məcnun" əsərini də mən ilk dəfə anamdan eşitmişdim. Məndə güclü mütaliə həvəsi məhz anamın təsirilə oyanmışdı".

Danışılan bu əhvalatlar, nağıl və əfsanələr İlyasın incə qəlbinə təsir etmiş, onun sonralar bir yazıçı kimi formalaşmasında mühüm rol oynamışdır. İ.Əfəndiyev bu haqda yazmışdır: "…bunları bizə danışanda mənim xəyalımda heyrətli bir aləm yaranırdı və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları ilə həyəcanlanıb pərişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, təsadüf etdiyim insanlardan (yalnız anamdan başqa) daha artıq xoş gəlirdi… O aləm daha şirin, daha cazibədar görünürdü".

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi.

Ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır: "Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım".

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlayan Əfəndiyev, bundan əvvəl bir jurnalist kimi qələmini sınağa çəkib. Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalmış, daha dəqiq desək, səhv işıqlandırılan  məsələlərdən biri də İ. Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu məlumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən mənada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən intensiv şəkildə yaradıcılığa başlayan İ. Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez görünməyə başlayıb.

Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının "Yeni yol" qəzetində "Buruqlar arasında" adlı ilk oçerki, "Bataqlıq soldatları" kinofilminə yazdığı ilk resenziyası, "Aşağı mətbuata rəhbərliyi canlandırmalı" adlı ilk məqaləsi, "Namuslu fəhlələrin sırasını çoxaltmalı", "Şərəf və iftixar işi" adlı yazıları işıq üzü görüb. Bu illərdə "Kommunist" və "Ədəbiyyat qəzeti" də İ. Əfəndiyevin ilk yazılarına yer verirdi. Yazıçının ilk mətbu hekayəsi olan "Berlində bir gecə" əsəri də bu aylarda oxuculara çatdırılıb.

İlk mətbu əsərilə əlaqədar yazır: "1939-cu ildə "İnqilab və mədəniyyət" jurnalında "Gözlənilməyən sevgi" adlı ilk hekayəm çıxdı. Bundan az sonra "Kənddən məktublar" kitabım nəşr olundu." Bu qeyri-dəqiq məlumat yazıçının son illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilib. Və yazıçının bu məlumatına əsaslanan jurnalist və ədəbiyyatşünaslar da həmin səhvi təkrar ediblər. İlk mətbu hekayəsi hesab etdiyi "Gözlənilməyən sevgi" əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və məqalələri artıq respublika mətbuatında dərc olunmuşdu

Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gələn İ. Əfəndiyev onları Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də, yazıçının "Kənddən məktublar" adlı ilk kitabı işıq üzü görür. İ. Əfəndiyev "Dostumuzu xatırlayarkən" adlı xatirələrində bu haqda yazıb.

Əbülhəsən xeyirxahlıq edərək İ. Əfəndiyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, "Kənddən məktublar" adlı ilk kitabı İlyas Əfəndiyevə "ədəbiyyat dünyasına", yazıçılar aləminə çıxmasına imkan verdi.

 

Pyeslər

 

1. "İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə birgə yazmışdır.);

2. "İşıqlı yollar"

3. "Bahar suları"

4. "Atayevlər ailəsi"

5. "Sən həmişə mənimləsən", yaxud "Boy çiçəyi"

6. "Mənim günahım"

7. "Odlu səhradan gəlmiş şeytan"

8. "On manatlıq lüstr"

9. "Bizə inan"

10. "Unuda bilmirəm"

11. "Məhv olmuş gündəliklər"

12. "Mahnı dağlarda qaldı"

13. "Qəribə oğlan"

14. "Bağlardan gələn səs"

 

Uşaq hekayələri

 

- "Ceyran ovu";

- "Maraqlı hadisə";

- "Qoruqlarda";

- "Yasəmən ağacı";

- "İz ilə";

- "Ovçunun nağılı";

- "Zəmidə bir turac səslənirdi".

 

Hekayələr

 

- "Kənddən məktublar" kitabından

"Qızbəs xala";

"Qarımış oğlan";

"Mirzə İman";

"Xəncər hekayəsi".

- "Aydınlıq gecələr" kitabından

"Gözlənilməyən sevgi";

"Apardı sellər Saranı";

"Durna";

"Qəhrəman ilə bülbülün nağılı";

"Kiçik bir poema";

- "Hekayələr" kitabından

"Görüş";

"Gülaçar";

"Su dəyirmanı".

- "Sən ey böyük yaradan" kitabından

"Yusif və Esfir";

"Vəzir Allahverdi xan və Bəhlul Danəndə";

"Sən ey böyük yaradan";

"Abidin yuxusu";

"Həyatın əbədi ahəngi";

"Sağsağan";

İsa - Musa

 

Povestlər

"Kənddən məktublar"

"Aydınlıq gecələr"

"Torpağın sahibi";

"Qaçaq Süleymanın ölümü"

 

Romanlar

1. "Söyüdlü arx"

2. "Körpüsalanlar"

3. "Geriyə baxma, qoca" (avtobioqrafik əsərdir);

4. "Xan çinar";

5. "Dağlar arxasında üç dost"

6. "Sarıköynəklə Valehin nağılı"

 

Filmoqrafiya

Atayevlər ailəsi

Bircəciyim

Bizi dağlarda axtarın

Çarvadarların izi ilə

Geriyə baxmağa dəyər

 

Mükafatları

1. "Şərəf nişanı" ordeni

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Qırmızı əmək bayrağı" ordeni

4. Azərbaycan SSR Dövlət mükafatı — 1972 (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasına görə)

5. "Oktyabr inqilabı" ordeni

6. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı

7. "Lenin" ordeni

8. "Şöhrət" ordeni

 

İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Bu gün onun anım günüdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.