“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Seyyid Əsrinin qəzəlləri təqdim edilir.
Heydərli Məcid Seymur oğlu 15 mart 1994-cü il tarixində Bakı şəhərində anadan olub. Əslən Qarabağ seyyidlərindəndir. 2015-ci ildə Bakı İslam Universitetindən dinşünaslıq ixtisası üzrə məzun olub. “Fidan çiçəkləri” adlı şeir kitabının müəllifidir. Seyyid Əsri imzası ilə qəzəllər yazır. Seyyid Ümminin tələbəsidir. Azərbaycanın Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin sədri, birliyin nəzdində "Mərifət inciləri" ədəbi-irfani məcmuəsinin təsisçisidir. Həmmüəllifliyi və redaktorluğu ilə bir neçə mətnşünaslıq əsər dərc edilib. Mənzum bədii tərcümələri və ədəbi məqalələri dövri mətbuatda çap olunmaqdadır. BDU Elmi Kitabxanasının baş biblioqrafıdır.
Səlam, İlahi, mənimçün ki yar müjdəsidir,
Liqa ilə bitəcək intizar müjdəsidir.
Gülüm, o göz süzməyin də vüsal vədəsidir,
Qaranquşun uçuşu növbəhar müjdəsidir.
Boyun bəlasın alım mən, gülüş öpüş gətirər,
Fidan açarsa, çiçək tazə bar müjdəsidir.
Nə var olub onu yoxdan ki, var edən vardır,
Sənin o yox deməyin nəysə var müjdəsidir.
Düşübdüsə başıma ağ əlin, yəqin, oxşar,
Uşaq sevinci olan ilk qar müjdəsidir.
Könül, o sürmə qarası səni çəkir gözünə,
Ey ovçu, müşk izi ahu şikar müjdəsidir.
Tikanlı teldə dirəkdir dügünlü saçda qələm,
Bu can qərib, o sərhəd diyar müjdəsidir.
Yaxında, Əsri, sənin könlün eşq ilə tutacaq,
Bu, Rumə fəthdə Pərvərdigar müjdəsidir.
***
Versəm könül kimi sənə, ey kaş, canı da,
Sənsiz cəhan nədir, diləməm heç cinanı da.
Sünbül saçın məni samana döndəribsə də,
Ahım verər yelə od ilə kəhkəşanı da.
Batində bir yəqin günəşi parlayır bu gün,
Zahirdə yoxdu zərrə qovuşmaq gümanı da.
Qırx gün ki görmədim səni, xəlvət nə çəkdim, ah,
Hərçənd çilləkeşliyin ötmüş zəmanı da.
Tuba gözümdə varsa, olum kül odun kimi,
Çox görmə, bağban, mənə bircə fidanı da.
Axirzəmandı, Əsriyə ver yarın, ey fələk,
Eşqin vüsal ilə bitə bir dastanı da.
***
Atım bəhardə, ya Rəbb, fəraq dağını kaş,
Tutum o türfə fidanla vüsal bağını kaş.
Qızılgülə sarılan sünbülün təsəllisi yox,
Görüm yenə dolanıb birçəyi qulağını kaş.
Qızıl balıqdan odur istəyim ki, ol pərinin
Qovuşma göz yaşı ilə yuyum ayağını kaş.
Himayə sayəsi salsın hüma quşu başıma,
Hənalı əlləri yaxsın gəlin çırağını kaş.
Döyür ki, kirpiyimin barmağı yuxun qapısın,
Bir axşam ev yiyəsi qovmaya qonağını kaş.
Sarılsa, sarsa, nola sarsılan könül yarasın,
Təbibim açsa o şəfqət dolu qucağını kaş.
Düşüncə yadıma səssiz yeyincə addımlar,
Dinib dayanmaya saqi verə əyağını kaş.
Duayə açdığım əllərdə can quşum, Əsri,
İlahi, qırmaya əyləşdiyi budağını kaş.
***
Canım, o gün ki, sən kimi cananı sevmişəm,
Sevdirdiyiyçün ol ulu Sübhanı sevmişəm.
Kim sevsə, eşqin açmasa, ölsə, şəhid olur,
Bir müddət ol ümid ilə pünhani sevmişəm.
Əmma sevən də sevdiyinə sevdiyin deyər,
Pirim deyib məqamım, o fərmanı sevmişəm.
Sən ki saçılmaz ətir vurubsan, vurulmuşam,
Sanma ki, müşk tutsa da, hər yanı sevmişəm.
Həq və’didir ki, sonda vüsalın sorağı var,
Yandırsa qəlbimi belə, hicranı sevmişəm.
İsminlə bir fidanlığa döndərrəm axırı,
Məcnun kimi qəmində biyabanı sevmişəm.
Ey türk dilli, bu ərəbə bəxş edib səni,
Mən Seyyid Əsri Azərbaycanı sevmişəm.
***
Çarəm bir oxdu, sən kimi qaşı kəmanda var,
Yarəm sağaldı, bəlkə, bu yolla, gümanda var.
Məczub olar könül səni mə’zun görən günü,
Səhra yolu bu eşqdə son imtəhanda var.
Sayəndə bisəmər ölümün tək nişanəsi
İtkin məzarım üstə ləçəksiz fidanda var.
Əfsanəpərvər olma gəl, olsan da, ey könül,
Bax gör vüsal sonluğu bir dastanda var.
Məcnunsifət özün nə yaraşdırmısan ona,
Bir eyib güzgütək məgər ol növcavanda var?
Məğlub səslə Əsridə qalmayıb bir Əsrilik,
Təbriklər sənə, belə fateh hayanda var?
***
Bu qəm ki mən çəkirəm, çəksə bircə can, dözməz,
Nə bircə can, buna, billah, bütün cəhan dözməz.
Görəndə boy-buxunun güclə ahımı tuturam,
Xəzan küləklərinə körpəcə fidan dözməz.
Görüş çağı üzülən cismi göz yaşım yıxacaq,
Bəhar daşqınına bir quru saman dözməz.
Mənəm ki eşq çölündə ərəb, ölübdü dəvəm,
Bu ayrılıq yükünə hiç karvan dözməz.
Nə xoş ki, boynuma qansızca qanmadan çəkdim
Ağır əmanəti ki, dağ, yer, asiman dözməz.
Vəfası olmasın əksik, İlahi, sevdiyimin,
Ey Əsri, yoxsa mənim səbrimə zəman dözməz.
***
Nəsib danəsi, yaz keçdi, sünbül olmadımı?
Ümid qönçəsi axir qızılgül olmadımı?
Sevinclə xəlq bu novruz yeddi od qaladı,
Yanıqlı ahım ilə yeddi göy kül olmadımı?
Sözüm-sovum səhər-axşam duayə dönmədimi,
İşim-gücüm gecə-gündüz təvəkkül olmadımı?
Bu nazlı-nazlı gəliş tazə can verib, nəfəsim,
Həyatım ayrılığında ölümcül olmadımı?
Görəndə halımı zəncir boynuma sarılır,
Edən dəli məni ol burma kakül olmadımı?
Sənə var idi yenə Leyli meyli, ey Məcnun,
Sevilməz aşiqi gör, dərd yüngül olmadımı?
O gül fidanı desin Əsrinin könül halın,
Qanadlanıb bu yazıq yavru bülbül olmadımı?
***
Üzün ziyası bəsimdir, çirağı neynəyirəm?
Könüldə var ola eşqin, ocağı neynəyirəm?
Görəndə dincəlirəm şəhrin ortasında səni,
Mən istirahət üçün dağı, bağı neynəyirəm?
Səni, ey incə fidan, qarə ruzgar yıxar,
Düşünmə, bu qurugövdə dayağı neynəyirəm.
Dəyibsə qəlbinə acı zərafəti, şəkərim,
Görüm yanıb-yaxıla, dil-dodağı neynəyirəm?
Roman deyil bu həyat, ey müəllimə, məni sev,
Gərəkmidir acımaq ölmə çağı, neynəyirəm?
Qapı dalında nədən gizlədin özün məndən?
Yaxınlaşıb açıram söz, uzağı neynəyirəm?
Ogünki mehr nə idi, bugünki qəhr nədir?
Yaz istisin edəcək qış sazağı neynəyirəm?
İlahi, Əsri ilə yarını barışdır özün,
Özüm də bilmirəm hicran qabağı neynəyirəm.
***
Bir dəm dodaq dodağıma canan qovuşdurar,
Ölmüş bu canıma yeni bir can qovuşdurar.
Görcək məni görüm ki, qoşa qaşların deyil,
Boynumda kaş iki qolu bir an qovuşdarar.
Ziddik demə, acı dənizi şirin ilə Rəbb
Bəxş eyləməklə lö’lö yü mərcan qovuşdurar.
Mən səndən ayrı qalmamışam bircə an belə,
Hazırda da məni sənə hicran qovuşdurar.
Hər qədr müşkil olsa, könül, döz bu eşqdə
Asan ayırmağa fələk asan qovuşdurar.
Sən zərrə-zərrə yarə daşı, ey qarışqa ki,
Dağın aşırmaq ilə Süleyman qovuşdurar.
Həq bağbanı, Əsri, gələn yaz fidanına
Dünyanı eylədikdə gülüstan qovuşdurar.
***
Cəhan bağında bir incə fidandı sevdiciyim,
Nə gül ki, başdan-ayaq gülsitandı, sevdiciyim.
Ey ali məktəbin ə’laçısı xanım mə’zun,
Fəraq dərsi ağır imtəhandı, sevdiciyim.
Demə, vüsal ola bilməz, de, bilmək olmaz ki,
Xuda bilir, nə yəqin, nə gümandı, sevdiciyim.
Bu könlümü ələ al, qoysa incə dırnaqlar,
Gül üstə bülbülü sancan tikandı, sevdiciyim.
Nişandı, barmağına gəl taxım, bu qaşlı üzük
Səadət ulduzuma asimandı, sevdiciyim.
Məhəbbətindi qocaldan vücudimi, yoxsa
Ürək uşaqdı, nəinki cəvandı, sevdiciyim.
Əman yerimsən, əmansızca getmə gəl, getmə,
Əmandı, sevdiciyim, dur, əmandı, sevdiciyim.
Şükr ki, yaxşı-yaman vardır arəsi mənlə,
Bir arə yaxşı bir arə yamandı, sevdiciyim.
Bu ay ki ilk görüşün bir yaşı təmam oldu,
Səlamın Əsriyə xoş ərməğandı, sevdiciyim.
***
Ümid bəxş et, İlahi, vüsal üçün bu səhər,
Fəraqə son səhər olsun məlal üçün bu səhər.
Özün tikanə vurar, duysa binəva bülbül
Həzin nəvamı gülən gül cəmal üçün bu səhər.
Şirin-şirin dodağınçün yazanda vəsf qələm
Arı görüb bayılar, çıxsa bal üçün bu səhər.
İki göz istər edə seyr şehli nərgistək
Gözündə eynəki cahü-cəlal üçün bu səhər.
Səlamı gün kimi doğdu, səbadı, söyləyərdim,
O can verən "Necəsən?" tək sual üçün bu səhər.
O gün gələ, görüşə də’vət eyləyim o gülü,
Desin haçan, deyim onda, misal üçün, bu səhər.
Fidanı söyləsin, ey Əsri, mən səni sevirəm,
Uğurlu çağdır, İlahi, məcal üçün bu səhər.
“Ədəbiyyat və incəsənət”
(02.10.2025)