“Yoxluğunla barışmışam…”- Nigar Arifin yeni şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalı xanım şairlərimiz içərisində xüsusilə seçilən, imzası bəyənilən Nigar Arifin yeni şeirlərini tədim edir.

 

Tək deyiləm, əzizim,

İçimdəki səninlə,

Bir ömür yaşayıram,

qocalıram, ölürəm…

 

Razılaşın ki gözəldir…

 

 

ÇİNAR

 

Hələ cavan, hələ körpə, gur Çinar,

Yoldan ötüb keçənlərə yar Çinar,

Çox güvənmə o kölgəndə

coşub-daşan alqışlara,

Çox inanma o dillərdən

istilərə tez-tez yağan,

dolu-dolu qarğışlara,

Elə bilmə güclüsənsə

heç kim sənə batammaz.

Qorxar uca boyundan,

Qamətindən çəkinər,

Heç kim sənə çatammaz,

Səndən gizli başın üstdə

bir quş belə uçammaz,

Budağında bir ilan da yatammaz…

 

Hələ cavan, hələ körpə, gur Çinar,

Yoldan ötüb keçənlərə yar Çinar,

Hər dərdini dinlədiyin dost deyil,

Hər dostunun sözünə bel bağlama,

az başını yor, Çinar.

Bir də gördün,

bugün fağır bildiklərin

Sabah arsız, utanmaz.

Qoynundaki o “çox yaşa” deyənlər də,

bir baltayla sözlərini tutammaz.

 

Hələ cavan, hələ körpə, gur Çinar,

Yoldan ötüb keçənlərə yar Çinar,

Çox böyütmə gözündə bu dünyanı,

Böyütdüyün dünya gözündən düşər…

Qucağında göyərçintək sandığın,

bəlkə ağacdələndi?

Bir də baxdın,

Dimdiyinə gün düşər…

Qollarına aldığın,

o balaca sandığın,

kiçik bir yuva üçün

qıyıb gövdəni deşər…

 

 

YUXU

 

Baş hara, ayaq da ora,

Ömür bitənə kimi yollanasıyam.

Elə ki, sonuncu mənzilə çatdım,

Özüm öz içimdən tullanasıyam…

Hələ ki, günlərə ərkim də çatır,

Hələ ki, illərdən mədət umuram.

İşimə gələndə bəxtə inanıb,

Qismətdən əl çəkib, göz də yumuram…

Balaca bir it var qapımda hələ,

Zamandan yapışır, səbrimdən tutur 

Tapır ümidləri itirəndə də, 

Yorulub köksümü ötürəndə də,

Hürüb saxladığım qəzəbə, hirsə,

dönüb üzümdəki abrımdan tutur.

Bu it çoxlarından sədaqətlidir,

İndi harda var, beləsi harda?

Biri yarı yolda qoyarsa qoysun,

Lap üzümə dursun, lap olsam darda,

Bu it əvvəl-axır, yetər dadıma,

Yenə də qoruyar, qoruyar orda…

Mənim kimim varki, mənim nəyim var?

Bircə yuxum vardı, o da qaçıbdı

Bəlkə də yatmışam, doymamışam heç

Nə bilim, bəlkə də yuxum acıbdı?

Biraz şübhə yeyir, biraz da qorxu,

Nəsə yuxumdan da gözüm su içmir.

Ay it dayan görüm, dartma yaxamı,

Adam yuxusunu özü ki, seçmir…

 

 

XOŞUMA GƏLMİR

 

Mən axı neynirəm o sevgini ki,

Yamaqlı corabla yırtıq şərf kimi,

İsidir, amma ki, xoşuma gəlmir…

 

Hisslər oxunmursa dodaqlarında,

Alışıb yanmırsa yanaqlarında,

Sevgini eşitsəm qulaqlarımla,

Bəsimdir? Amma ki, xoşuma gəlmir…

 

Əllərim əsməsə, dilim çaşmasa,

Ürək dayanmasa, ürək coşmasa,

Neynirəm, təpədən, dağdan aşmasa,

Çox da ki, desinlər eşqin özüdür,

Özüdür, amma ki, xoşuma gəlmir…

 

 

YOXLUĞUNLA BARIŞMIŞAM

 

Yenə kağız, yenə qələm, yenə mən,

Beynimdəki qız oxuyur səhərdən;

“Nəsə…uzaq, nəsə… yaxın, nəsə… sən”…

anlamıram dilindən…

Bir yanımda xatirəndi, 

bir yanımda köhnə dərdlər…

Onlar da ki, çoxdan gəlib,

birazdan çıxıb gedərlər…

Belə hər şey yaxşıdır,

Əvvəlkitək özümü heç yormuram da,

üzmürəm də…

Yaşım daha o yaş deyil,

İncimirəm, küsmürəm də…

Nə var, nə yox alışmışam…

Həyata da qarışmışam…

Bundan sonra,

qayıtmırsan, qayıtma heç,

Ayrılıqdı, ölüm deyil,

Yoxluğunla barışmışam…

 

 

QAYIT GƏL

 

Gündüzlərim birtəhər,

Gecələr yatammıram.

Yuxum qaçır, neyləsəm,

Ardıyca çatammıram.

Yeməklərin tamı yox,

Çay da ki, yaxşı dadmır.

Nə kitab, nə musiqi,

Heç nə başımı qatmır.

Nə var, nə yox soruşdun,

Çox görünür yoxluğun,

Başqa hər şey eynidi,

Başqa sənin sağlığın…

Yalandan niyə deyim,

Aldadım ki, yaxşıyam,

Mən bu cür mövzularda,

Bilirsən ki, naşıyam.

Yazdım xəbər edim ki,

Ayrılığın müddəti

bugündən sona çatır.

Hardasansa qayıt gəl,

Daha anlamışam ki,

Günüm sənlə başlayır,

Günüm səninlə batır.

 

 

OLARSANMI GERÇƏYİM?

 

Ay fikrimdən çıxmayıb

Dilimdən heç düşməyən,

Ad verə bilmədiyim

Olan-bitən hər şeyim,

Sənə get deyəmmədim,

İndi gəl nətər deyim?

Bəlkə çətin biriyəm,

Bəlkə də biraz dərin.

Sözlərim alaçiydi,

Duyğularım kəmşirin.

Qışım şaxtalı keçər,

Yayım da ki, lap sərin.

Nolsun soyuq adamam,

Tək bu olsun dərd-sərim.

Nə varsa düzələndi,

Neynirəm, nə gərəyim?

Əsas arzum, istəyim,

Yalanı bacarmıram…

Sən bu yalan dünyada,

Olarsanmı gerçəyim?

 

 

SƏNSİZ SƏNİNLƏ

 

Ağrılarım gözəldi,

Üzülməyi sevirəm,

Sən mənə hər baxanda,

Günəşli bir havada

yarpaqların üzünə 

toxunan yağış kimi,

Qucaqlayıb eşqimi,

o can alan baxışdan

süzülməyi sevirəm…

Neçə kəlməm boğulur,

Od tutur ürəyimi,

Qürur qapır yaxamı,

Qılınc kimi sancılıb,

İncidir kürəyimi.

Ağrılarım gözəldi,

Üzülməyi sevirəm,

Elə bilmə dəliyəm,

Yalan deyil, bir də ki,

Adam belə də olur,

Ağlamıram, gülürəm.

Tək deyiləm, əzizim,

İçimdəki səninlə,

Bir ömür yaşayıram,

qocalıram, ölürəm…

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.