Dünyadan Ağdam nisgili ilə getdi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, hər şeydən əvvəl gözəl ziyalıydı, alovlu vətənpərvər idi, şairlik sonra gəlirdi. Doğma Ağdamın işğalını qəbul edə bilmirdi. Elə Ağdam nisgili ilə də dünyadan getdi.

Bu gün onun anım günüdür.

Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil alıb. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır. ADU-nun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyib. "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlayıb. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olub. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.

Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olub. "Oqonyok" jurnalının laureatı adına layiq görülüb. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu alıb.

Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaradıb və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis edib

 

Kitabları

1. Sevəndən bəri.

2. Sadə sətirlər

3. Mənim ulduzlarım

4. Ünvanım dəyişir

5. Ömürdən səhifələr

6. Qarabağ şikəstəsi

7. İllər və talelər

8. İnsan unudulmur

9. Səni gözləyirəm

10. Anam elə bilir

 

Famil Mehdi 2003-cü il sentyabrın 29-da Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.