BİRİ İKİSİNDƏ Sabir Rüstəmxanlının müsahibəsi ilə Featured

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Yazı masası rubrikasında Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edirik. Müsahibəni Taleh Mansur aparıbdır.

 

 

YAZI MASASI

 

“BU VƏTƏN DEYİLƏN DÜNYAM SİRLİDİ…”

SABİR RÜSTƏMXANLI İLƏ MÜSAHİBƏ

 

 Belə başladı bu müsahibə… Ruhumu qayğılar, canımı istilər sıxan bir yay gecəsində qarşıma Xalq şairi Sabir Rüstəmxanlının şeirləri çıxdı. Bəlkə də, şeirlər qarşıma çıxmadı, mən özüm qayğıların zülmətindən Sabir Rüstəmxanlı sözünün işığına sarı yol aldım. İnsan şeirə can atdığı kimi, şeirlər də insana can atır. Şeir insanda, insan da şeirdə yaşayır. Bütün əbədiyaşarlar bunu çoxdan dərk ediblər. Onlara çatmaq üçün öncə sözə, şeirə yetişmək, düşüncənin zümrüd qanadlarından yapışıb ədəbiyyata, əbədiyyətə çevrilmək olar.

 Şeir unutduran və xatırladandı, şeir ürək istəyənlərdi, ürək istədədəndi. Ürək demişkən, gördüm şair deyir ki:

 

Yol da nəğmə kimi ürəyə bağlı,
Hər xalı yüz istək oyadacaqdır.
Mənə elə gəlir, bu yaz bitincə
Ürək nəğməsi də dayanacaqdır.

 

 Məncə, ürəyin nəğməsi bitəndə ruhun sümüyünə fələyin ən kədərli nəğməsinə oynamaq düşür. Ürəyin nəğməsi bitəndə əzrail mələyin nəğməsi başlayır. Gözəl misralardı, ürəyə yaraşandı, amma şairin ömrünə yaraşdırmadım. Məncə, şairin ürəyinə dar olan bu misralar onun ömrünə böyük gələr. Hələ daha çox yaşamaq, yaşa dolmaq lazımdı. Hələ yazılası, yaşanılası çox şey var. O üzdən bu bəndin ilk misrasının ilk sözündən-yoldan tutub yoluma davam elədim. Şeyx Tapdıq Əmrə demişkən, yola çıxıb varmayan, yoldan çıxıb varan yoxdu. Şeyxin sözlərindən güc aldım, yola tutunub, yola inanıb yola könül verdim. Tək ayaq tutub gəzdiyimiz torpaqlar deyil vətən, azman xəyalların at çapdığı əzəli ruh və yurd yerləri də vətəndi. Sabir Rüstəmxanlı demişkən: “Bu Vətən deyilən dünyam sirlidi”. Bu sirli dünyanın yollarına düşüb az getdim, üz getdim, dərə-təpə düz getdim, zülmətə işıq yolunu göstərən “Yol” şeirinə gəlib çıxdım. Gördüm elə şair də mənim kimi gecənin qaranlığında yol gedən şaman misalıdı:

 

Gecə qaranlığında
işıqdan-işığa yol gedir insan.
Tarix qaranlığında
dahidən-dahiyə...
Ömür qaranlığında
bəndədən İlahiyə!
Hansı mənzilə varsan,
ən kəsə yoldu düzlük.
Bir ucu ölümdürsə,
bir ucu ölümsüzlük...


Bir ucu ölümsüzlük… Bəli, bütün sonlar belə başlamalıdı… Fikirlər bitən yerdə suallar, suallar bitən yerdə cavablar başlamalıdı. Əslində, bitən suallar da, başlayan cavablar da fikirdi. Eynən bu müsahibədəki kimi…

 

 – Hər şey "Ədəbiyyat və incəsənət" qəzetində çıxan məqalənizlə başladı. Hər şey belə başlamasaydı, Sabir Rüstəmxanlı özünü harda görürdü?

 

Hər şey belə başlamasaydı, özümü kənddə bir müəllim görürdüm. Bunu bir dəfə də yazmışam, əlimdə ərizə rektorun qəbuluna düşmək istəyirdim ki, məni qiyabi şöbəyə keçirtsin. O vaxt rayonlarda birillik pedaqoji kurslar var idi. Mənimlə eyni vaxtda məktəbi bitirənlər bu kursu başa vurduqdan sonra müəllim işləməyə başlamışdılar. Məhz bu məqam valideynlərim üçün cazibədar görünmüşdü. Deyirdilər, əziyyət çəkirsən, qayıt kəndə. Təqaüdlə dolanmağa çalışırdım. Evə əziyyət vermək istəmirdim, gündüz “Azərkitab”da fəhlə işləyirdim. Gecələr Nərimanov rayonunda mühafizə idarəsində çalışır, qastronomlarda, səhiyyə idarəsinin anbarlarında iki-üç gündən bir qarovulçu qalırdım. Qarovulçu işlədiyim müddətdə vəziyyətim yaxşı idi, əlaçı təqaüdü də alırdım. Bir müddət kitabxanada da işlədim. Bütün bunlara baxmayaraq, yenə də əziyyət çəkirdim. Ona görə də valideynlərim təkid edirdilər ki, qayıt kəndə. O qədər israr edirdilər ki, özüm də qayıtmağa qərar vermişdim.

  Əlimdə ərizə rektorun qəbuluna gedərkən bir dostumla qarşılaşdım. Dostum niyə kefsiz olduğumu soruşdu. Dedim, şəhərdən ayrılmaq istəmirəm, amma artıq qərarımı vermişəm, gedirəm rektor Şəfaət Mehdiyevin yanına, qiyabi təhsilə keçmək üçün ərizə verəcəm. Dostum etiraz elədi, dedi, qərar verməyə tələsmə, sən dostların arasında tanınırsan, ədəbiyyat dərnəklərində, univerisitetdə şəklin şərəf löhvəsindədir. Özünün də parlaq gələcəyin var-filan... Dedim, yox, burda vaxt itirirəm, sinif yoldaşlarım kurs bitirib artıq müəllim kimi çalışırlar. Onda dostum xatırlatma elədi ki, “Ədəbiyyat və incəsənət” qəzetində tarixi abidələr haqqında bir yazın çıxmışdı, Hüseyn Abbaszadə də yaxşı adamdı, get onun yanına, o səni işə götürər. Dedi, lazım gəlsə, Bəxtiyar Vahabzadəyə də de, kömək eləsin. Baxmayaraq ki, Bəxtiyar müəllimlə çoxlu ədəbi və elmi mübahisələrimiz olmuşdu, xətrimi çox istəyirdi. Beləcə Sabirin heykəlinin yanından yuxarı getmək əvəzinə, döndüm getdim keçmiş Zevin küçəsinə, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasına. Hüseyn Abbaszadə həmin məqaləni xatırlayıb bəyəndiyini dedi. Təsadüfən Bəxtiyar müəllim gəldi ora çıxdı, qayıtdı ki, mənim çox tələbəm olub, amma beləsi olmayıb. Hətta Sabir Əhmədli də ordaydı. Beləliklə, dördüncü kursda oxuya-oxuya “Ədəbiyyat və incənət”qəzetinin işçisi oldum.

Kəndə getsəydim, həyatım necə olacaqdı, təsəvvür belə edəmmirəm. Amma görünən o idi ki, kəndə gedib iki-üç il müəllim işləyəndən sonra təkrar Bakıya qayıdacaqdım.

 

– O dövrdə bu günlərin xəyalını qururdunuzmu?

 

– Əlbəttə, xəyal da qururdum, ağlıma çox şeylər gəlirdi. Bilirdim, özümü təsdiq edəcəm, bilirdim, söz demək imkanım, şanslarım olacaq, özümə bələd idim. Hər şeyin xəyalını qurmuşdum, hər şeyi, bütün halları gözə almışdım.

 

– Öz təbirinizcə desək, zamanında əllərdə bayraq kimi gəzən "Ömür kitabı"na yazılmayanlardan danışaq bir az da. Nələr yazılmalıydı o kitaba? Nələr yazılmadı?

 

– “Ömür kitabı”na çox şeylər yazılmadı. Mən o kitabla Azərbaycanı üfuqi şəkildə gəzməklə yanaşı, şaquli xətlə qədim dövrlərdən bu gününə kimi xatırlamaq və xatırlatmaq istəyirdim. O kitabı yazanda Azərbaycanın tarixi və mənəvi kefiyyətləri ilə bağlı indiki qədər məlumatlı deyildim. Hərçənd ki, o kitabı tamamlanmış və bitkin hesab edirəm. Orda da yazmışam, mən qoşa səhifənin bir səhifəsini yazmışam, yəni bir səhifə oxunur, o biri səhifəyə isə mürəkkəb dağılıb, oxunmur. Yazılan səhifə Şimaldı, yazılmayan səhifə isə Güney Azərbaycan. Mən mürəkkəb dağılan səhifəni aydınlaşdırmaq, güneyin tarixini daha dərindən öyrənmək, qardaşlarımızın taleyinə işıq tutmaq, kitabın ikinci hissəsini yazmaq istəyirdim. Güney Azərbaycanı – Astaradan Həmədana kimi gəzib “Ömür kitabı”nın ardını yazmaq istəyirdim. Bildiklərim də az deyil, amma gəzərək, görərək yazmağı məqsədəuyğun hesab edirəm.

Üstəlik, 88-ci ildən həyatımızın fərqli bir mərhələsinə qədəm qoyduq. Siyasətlə məşğul olmağa başladım, istər-istəməz meydanlarda sözümüzü deyir, şüarlar səsləndirirdik. Sonralar Dünya Azərbaycanlıları Konqresinin sədri kimi Amerika, Kanada, Avropa ölkələrində olduq, İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının pozulmasını, fars şovinist quruluşunun assimilyasiya siyasətinin bir fəlakət olduğunu, düşmənlərimizə havadarlıq etdiklərini dünyaya car çəkdik. Nəticə etibarıilə molla rejimi mənə ölüm fətvası verdi. Bu səbəbdən kitabı ikinci hissəsini yazmaq üçün cənuba gedə bilmədim. Amma o vaxta kimi 3-4 dəfə İrana getmişdim və lazım olan məlumatların bir hissəsini toplamışdım.

 

– "Xətai yurdu", "Difai fədailəri", "Şair və şər”, “Ölüm zirvəsi” və başqa romanların, eləcə də bir çox hekayələrin müəllifisiniz. Buna baxmayaraq, daha çox sizi şair Sabir Rüstəmxanlı kimi qəbul edirlər. Yazıçı Sabir Rüstəmxanlını şair Rüstəmxanlının kölgəsində saxlayan nədir?

 

– Görünür, ilk başda, gənclikdə daha çox şeirlər yazdığıma görədi. Amma vaxtım daha çox romanlarıma gedib. Çünki nəsr oturmaq, zaman sərf etmək tələb edir. Seçilmiş əsərələrimin 4 cildi poeziyadı, 5 cildi nəsrdi, 3 cildi də publisistikadı. Hələ mən orda "Ömür kitabı"nı publisistika kimi vermişəm, halbuki onu da bədii nəsr hesab etmək olar. Yeri gəlmişkən, seçilmiş əsərlərimin ən irihəcmlisi 15-ci cilddi ki, oraya da bədii tərcümələr daxil edilib. Yəni bu cildi də poeziya hesab edirəm. Çünki tərcümə özü orijinal şeir yazmaqdan daha çətindi. Bütün bunlara rəğmən, mən özümü şair hesab edirəm. Mənim nəsrimdə də şairlik, poeziya var. Məsələn, "Göy tanrı" şair ruhuyla, şeir nəfəsiylə yazılıb. "Şair və şər"də Hadinin fikirlərini, təhkiyəsini, söhbətlərini daha çox onun şeirləri üzərindən qələmə almışam. Şair sanki şeirlərinin məzmununda, çağdaş ləhcədə fikirlər səsləndirir. Nəticədə Hadini anlamaq asanlaşır. Yaxud xüsusi həssaslıqla yazdığım, özümə hədsiz doğma bildiyim "Akademikin son əsəri"nin də batini poeziyadı, lirik duyğulardı.

 

– Sabir müəllim, "Astar" adlı bir romanınız da var, hətta 2019-cu ildə eyni adlı kitabınız da işıq üzü gördü. Səhv eləmirəmsə, kitaba iki roman, doqquz hekayə daxil edilmişdi. Sizcə, hansı çətindi, yazıda aşkar olanı gizlədib astarda saxlamaq, ya gizlini aşkara – üzə çıxarmaq?

 

         – Çətin gizli olanı aşkara çıxarmaqdı. Yəni cəmiyyətimizin vərdişləri var, müəyyən əxlaq ölçüləri, sərtləşmiş prinsiplər və s. var. Ən çox da gənclikdə bu vərdiş və prinsiplərin çərçivələrindən kənara çıxırsan. Misal üçün, o illərdə yazdığım "Süd vannası" və "Bal ayı" hekayələrimi oxuyub asanlıqla tənqid hədəfinə çevirmək olar.

         “Astar”a gəlincə, onu gəncliyimdə yazsam da, üzə çıxarmırdım. Çapa hazırlayanda əsərin böyük bir hissəsini, gəncliyin diktəsiylə yazılmış emosional, açıq-saçıq məqamları ixtisar elədim.

 

– Cavad xana həsr olunmuş şeirlər, “Cavad xan” poeması, nəhayət, "Ölüm zirvəsi" romanı. Cavad xana sonsuz sevginiz poeziyanıza və nəsrinizə sirayət eləyib, canına, qanına işləyib. Sayənizdə bu böyük şəxsiyyəti filmdə görmək xoşbəxtliyi də nəsib oldu bizə. Cavad xanla bağlı hansı arzunuz həyata keçməmiş qalıb?

 

– Cavad xan Azərbaycan tarixinin ən parlaq və gerçək qəhrəmanlarındandı. Babək, Koroğlu nəhəng və əfsanələşmiş şəxsiyyətlərdilər. Onlarla bağlı bəzi məqamlar hətta mifik səciyyə daşıyır. Amma Cavad xan yaxın tariximizdi və 200 il millətimizin başına müsibətlər gətirmiş imperiyaya qarşı az qüvvə ilə qəhrəmancasına mübarizə aparıb. O mübarizə aparanda Azərbaycan xanlarından heç biri onun köməyinə gəlməyib.

Gəncəni viran qoyan Sisianov sonra Bakıda qala divarlarının önündə qətlə yetirildi. Yeri gəlmişkən, Sovet dönəmində Sabirin heykəlinin arxasında, qala divarlarının dibində bir ağ mərmər daş qoyulmuşdu, daşın üstünə də Sisianovun burda qətlə yetirilməsi yazılmışdı. Cavad xana həsr edilmiş poemamda yazmışdım ki, nəslim səni burda ona görə dəfn edib ki, hər gün səni ayaqlayıb keçsin. Cavad xanla, Hüseynqulu xanla bağlı bu məqamlar tariximizin ən şərəfli tarixi dövrüdü.
Cavad xanla bağlı arzuya gəlincə, çox istərdim ki, Bakının ən möhtəşəm yerlərindən birində, deyək ki, Musabəyovun götürülmüş heykəlinin yerində heykəli qoyulsun. Onsuz da heykəlin pyedestalı qalıb,  həmin kürsünün üzərində bu böyük şəxsiyyətin heykəlini ucaltmaq olar. Orda bir bayraq da ucaltmışıq, elə Cavad xan da bizim bayraq şəxsiyyətlərimizdəndi.

Cavad xan adına edilən işlərin hamısı sanki daşdan keçir. Misal üçün, film çəkilişlərində xeyli çətinliklərlə qarşılaşdıq. Film qışda çəkilməliydi, gəlib yaza çıxdı. Maliyyə ayrılmışdı, azlıq elədi, sağ olsun, cənab Prezident və Mehriban xanım, müraciət elədik, bir o qədər də əlavə maliyyə ayrıldı. Bank sistemində köçürmələrlə və sənədləşmələrlə bağlı gecikmələr olduğuna görə işimiz bir az da geri düşdü. Film üç kamera ilə çəkilməliydi, bir kamera ilə çəkildi. Atlar, geyimlər çatmırdı. Hətta qrimyoru Özbəksitandan gətirmişdik. Qəribəsi budur ki, filmin lentlərini ayarlamaq üçün Tehrana göndərmişdilər. Tehrandan da səhvən lentlər gedib çıxmışdı Milana. Yəni o film ərsəyə gələnə kimi nə oyunlar gəldi başımıza. Rəhmətlik Rövşən Almuradlı danışırdı ki, filmə daxil edilməyən, montajda çıxarılan 5 saatlıq əlavə lent materialı var. Gözəl səhnələr var, hansı ki, onları filmdə görmədim sonradan. Kənarda qalan həmin materialdan ayrıca televiziya serialı belə hazırlamaq olar.

 

 – Sabir müəllim, qürurlu olduğu qədər ağrılı olsa da, tariximizin gənc vaxtlarından danışdıq, öz gəncliyiniz qaldı. Bilirəm ki, Məmməd İsmayılla bir otaqda kirayə yaşamısınız, acılı-şirinli, daha çox çətin günləriniz olub. Ömür təzədən başa dönsəydi, hansı şairlə bir kirayə evin otağını bölüşərdiniz? Hansı şairlə tikənizi yarı bölərdiniz?

 

– Qədəri, taleyi, qisməti və dostları dəyişmək mümkün deyil. Fərman Kərimzadə, Məmməd İsmayıl, Səyavuş Sərxanlı, Nüsrət Kəsəmənli, Musa Yaqub, Çingiz Əlioğlu mənim yaxın dostlarım olublar. Onları mən də özümə qardaş bilmişəm, ailəm də. Ömür təzədən başa dönsəydi, elə həmin dostlarla otağımı və tikəmi paylaşardım.

O vaxt hər şeyə, hər çətinliyə dözürdük. Dözümlü dostlar da etibarlı olurlar. “Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə bütün kolleketiv mənim otağıma yığışırdı. Tez-tez Məmmədə görə Tovuz, Borçalı aşıqları, Abbas Abdulla və İsa İsmayılzadə qonağımız olurdular. Fərman bir dəfə zarafatla Məmmədə dedi, səninlə yoldaşlıq eləmək çox çətindi. Səbəbini soruşduq, dedi, çox səliqəlidi (gülür).

 

– Adlarını çəkdikləriniz gənclikdəki yaxın ətrafınız olub. Bəs ömrün müdrik çağında ətrafınızda kimlər var?

 

– Ətrafımızın çoxu gedib, azı qalıb. İndi ətrafımda gənclikdəki sağ qalan dostlarımızdı, Ramiz Rövşəndi, hansı ki, o da gənclik dostlarımızdandı. Seyran Səxavətdi, Tofiq Hüseyndi. Yeni qazandığım Rüstəm Behrudi kimi nisbətən gənc dostlarımdı. Məsələ burasındadır ki, gənclik dostlarımla, demək olar, hər gün görüşürdük. İndi dostlarla hər gün görüşə bilmirəm.

 

– Hər gün görüşdüyünüz dostunuz varmı?

 

– İndi hər gün görüşdüyüm iş otağımdakı kitablardı. Zamanla hər şey dəyişir, qardaşlar, övladlar, nəvələr ən yaxın dosta, sirdaşa çevrilirlər.

 

         – 33 illik tarixi olan bir partiyanın qurucusu və başqanısınız. İstər meydan hərəkatının fəalı kimi, istərsə də millət vəkili kimi siyasi arenada öz sözünüzü demisiniz. Siyasətdə əqidədaşlarınız çoxdu, ya ədəbiyyatda?

 

– Əlbəttə, ədəbiyyatda. Ədəbiyyatda hamını birləşdirən söz var. Sözün dəyərini, söz sahibinin dəyərini aydınlaşdırmaq daha asandı. Siyasətdə müəyyənedici vahid və ortaq bir dəyər yoxdu. Siyasətdə insanlarla əlaqə qurmaq daha çətindi, o ortamda olan adamların  əksəri bir-birinə güvənməkdən çox, bir-birinə şübhə və tərəddüdlə yanaşır. Ədəbiyyatda isə heç kim heç kimin yerini tutmur. Hərə öz sözünü deyir, öz kitabını yazır. Bəzən deyirlər, siyasət hiylədi, nə bilim taktikadı, amma düşünürəm ki, siyasətdə də düz olmaq, düz qalmaq olar. Mən üzü meydan hərəkatından bu yana, 37 illik siyasi fəaliyyətimdə səhv etməməyə çalışmışam. Əqidəm bir olub, mümkün qədər xalqın xeyrinə danışmağa cəhd eləmişəm. Bacardığım qədər də ətrafımdakıları düz yola çəkmişəm. Ən çətin vaxtda Vətəndaş Həmrəyliyi Partiyasını yaratmışam. Separatizmin, bölücülüyün tüğyan etdiyi dövrlərdən – 1992-ci ildən danışıram. Ümumiyyətlə, müstəqilliyi olan xalqın xırda millətçiliklə məşğul olması gülüncdü. Türkçüyəm deyib ölkəndə yaşayan azsaylı xalqları inkar eləmək qəbuledilməzdi. Əksinə, hamını birliyə, həmrəyliyə səsləməlisən. Mənim siyasi fəaliyyətimi araşdırsınlar, harda bir səhv tapsalar, bu ömrü mən yaşamamışam. Mənim Milli Məclisdə 2000 səhifəlik çıxışım var. Yavaş-yavaş bu çıxışları sistemə salıram, günlərin birində hamısını kitab halında çap elətdirəcəm. O 2000 səhifəlik materiala baxıram, orda iki cümlə yoxdur ki, bu millətinə əleyhinə olsun.

 

– "İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır"- deyirdi Balzak. Bu fikirlə qətiyyən razılaşmıram. Məncə, doğru əqidə hətta bayraq edilməlidir. Sizin fikrinizcə, əqidə harda əmanət saxlanmalıdı – əməllərdəmi, düşüncədəmi, fikirdəmi?

 

– Məncə, əqidənin harda yer alması nisbidi. O şey ki sənin düşüncəndə var, yazırsan. O şeyi ki yazmısan, bacardığın qədər təbliğ edirsən. Mən partiyamızı quranda divardan "Nicatımız vətəndaş həmrəyliyidi" şüarını  asmışdıq. Elçibəy gəldi bir xeyli baxdı, dərin düşüncəyə daldı.

Bu gün də hesab edirəm ki, milli birlik Azərbaycanın nicatıdı. Gələcəyimiz də məhz milli birlikdən keçir. Bu gün İranda gedən prosesləri izləyirik. Biz artıq cənubun da taleyini düşünməliyik. Bu yaxında verdiyim müsahibələrimdən birində də qeyd etdim, güneylə bağlı deyirlər, Təbriz hələ dəyişikliyə hazır deyil. Dedim, guya sovetlər dağılanda biz hazır idik? Xeyr, hazır deyildik, millət gəldi, yığıldı, təşkilatlandı, vahid partiya yaratı. SSRİ-ni biz dağıtdıq, öz-özünə dağılmadı.
         Ona görə də əqidəni yazında da, həyatında da qorumalısan. Əqidə sənin həyat cövhərindi.

 

– Dəfələrlə ölümlə üz-üzə gəlmisiniz. Hətta təyyarə qəzası ilə belə üz-üzə gəlmisiniz. Belə demək mümkünsə, ölümün qorxusunu duymusunuz. Ölüm qorxusu həyat eşqindən nə ilə fərqlənir?

 

– Ölümlə üz-üzə gələndə bu fərq aradan qalxır, hiss edə bilmirsən. Ölüm həyata, həyat da ölümə bənzəyir.

 

– Rollanın dediyi kimi, həyat eşqiylə ölüm qorxusu əkizdi...

 

– Hə, elədi. Mən neçə dəfə ölümlə üz-üzə qalmışam: bir dəfə Atlantik okeanında, iki dəfə də Qara dənizdə real boğulmaqdan son anda xilas olmuşam. Üzməyi sevirəm deyə, batmaq təhükəsiylə də qarşılaşıram tez-tez(gülür).

Ölüm müəyyən yaşdan sonra qaçılmazdı. Mənim kitablarımdan birinin adı "Ölüm son deyil"di. Ölüm insan üçün son deyil, xüsusən öz həyatını sənətə, yaradıcılığa, xalqa həsr eləmiş adamlar üçün ölüm qətiyyən son deyil. Ölümdən sonra belə adamlar üçün ikinci bir həyat başlayır. Bəlkə, ikinci həyat daha etibarlı həyatdı. Bəlkə, o həyatda yalanlar, fitnələr, illüziyalar yoxdu, yalnız söz var, sevgi var, xalq var. Zaman keçdikcə bir ömür savaşdığın ölümlə barışmalısan. Deyir, bir gün Əzrail kamançaçalanın canını almağa gəlir. Kamançaçalan deyir, yox e, mənim bu gün konsertim var-filan. Əzrail etiraz edir ki, mümkün deyil, mənə siyahı verilib, orda birinci sənsən. Xülasə, kamançaçalan deyir, yaxşı, onda imkan ver, son ifamı eləyim. Əzrail razılaşır, kamançaçalan oturur gözəl bir ifa eləyir. Əzrail ifadan xumarlanıb yuxuya gedir. Kamançaçalan fürsətdən istifadə eləyib, siyahıda adını birinci yerdən pozub axıra yazır. Əzrail yuxudan oyanıb deyir, çox sağ ol, yaman yorulmuşdum, ifan yerinə düşdü, yatıb yuxumu aldım. Ona görə də sənə güzəşt eləyirəm, səndən yox siyahıdakı ən axırıncı adamdan başlayıram. Bu əhvalatdakı kimi, qabağa düşdüyünü düşünəndə, geri düşdüyünü zənn edəndə də ölüm yerinə düşür.

 

– “Mən şair ömrü yaşamamışam Bakıda, didərgin, köçkün ömrü yaşamışam” – demisiniz. Şair ömrü harda yaşanır ki?

 

– Bəlkə, elə o şair ömrüydü, mənə köçkün ömrü kimi gəlirdi. İndi dahi şairlərin ömrünü fikirləşirəm. Tolstoy bir qraf idi, "Şərq-Qərb" divanını tərcümə elədiyim Gete zəngin bir ailənin övladı idi. Onlar sıxıntı çəkmədən yaşayıblar. Əgər Allahın bəxş etdiyi istedadın varsa və yaxşı tərbiyə almısansa, var-dövlət, sərvət sənə insan kimi mane ola bilməz.

Gəncliyimdə o qədər kirayə evlər gəzmişəm, o qədər güc-qüvvə itirmişəm ki. Şükür bu günə, nələrsə əldə eləmişəm, qazanmışam, evim-eşiyim, bağım, maşınım var... Nə olardı, bunlar ən başda olsaydı, əzab-əziyyətlə qazanmazdım. Elə başda hər şey gözəl olardı, sağlam canla sağlam yaşamağa davam edərdim. Kirayə yaşadığım evdə tavandan yağış yağa-yağa dizimin üstə, ayaqlarım suyun içində bir gecəyə 30 səhifəlik yazı hazırladığım günlərim olub. Belə həyat olmazdı ki... Növbəti gün ustaya verməyə pulum olmayıb deyə, qaldığım evin damını belə qırlamışam. Əgər o çətinlikləri yaşamasaydım, ilk şeirlərim çap olunduğu yaşdakı ruhla davam etdirərdim. Ehtiyac bəzi şeyləri, düşüncəni, ruhu dəyişir, özün də istəmədən başqa istiqamətə yönəldir. Yalnız "Ömür kitabı"m çap olunanda altı maşın alacaq qədər qonorar aldım və maddi sıxıntılardan xilas oldum.

 

– Allah ömür versin, yaş 80-ə doğru gedir. 75 yaşınızda 75 ili 75 əsr kimi yaşadığınızı deyirdiniz. İli əsrə çevirən nədir ki?

 

– Hə, doğrudu, deyəsən, yaş 80-ə tərəfdi (gülür). O vaxt dediyim o fikirdə həqiqət var. Yəni ağlı başında olan adam, üstəlik, içində bir az da marağı varsa, dünyanın tarixini öyrənir. Hətta bir az irəli gedib bizim sivilizasiyadan əvvəllki sivilizasiyaların da tarixini öyrənər. Bütün bunları öyrəndikcə həm də öz içində yaşayırsan öyrəndiklərini. Məhz buna görə 75 ili 75 əsr kimi qiymətləndirmişdim. Oğuz xana həsr etdiyim romandan başlayaraq yaşanmış əsərləri ürəyimdən, düşüncəmdən keçirib yaşamışam. Uşaq olanda babamın danışdıqları əsasında içimdə 4-5 əsrlik şəcərəm vardı, həm də canlı şəkildə.
 80 yaş mənə görə ömrün hesabat dövrüdü, yavaş-yavaş şələ-şüləni yığmaq dövrüdü (gülür). Hesabat demişkən, bayaq qeyd etdiyim 15 cildlik seçilmiş əsərlərimi yekunlaşdırdım. Hələ 5-6 cildlik oraya düşməyən əsərlərim, şeirlərim, çıxışlarım və xatirələrim qalmaqdadı. Bütün bunlara rəğmən, bəlkə də, Azərbaycanda ən az təbliğat haqda düşünən adam mənəm. Hərçənd ki, bunun fəsadlarını da hiss eləmişəm, bəzi məqamlarda ədalətsizliyin qurbanına çevrilmişəm. Mənim təbliğatım Tanrının özü tərəfindən edilib. Tanrının bəndələri də az-çox qiymət veriblər, sağ olsunlar, haqqımda iyirmiyə yaxın kitab yazılıb.
         Bir müddət məni siyasət ədəbiyyatdan uzaq saldı. Onda dedilər, daha getdi, orda batıb qalacaq. Bəzi siyasətçilər də deyirdilər, ədəbiyyatçıdı, şairdi, bacarmaz. Yəni davamlı zərbələr ala-ala gəlib səksənə çıxmışam. Hərdən fikirləşirəm ki, bu ədəbiyyatın və siyasətin zərbələrini, ağrılarını unutmaq üçün sakit bir güşəyə çəkilmək lazımdı. Anara həsr etdiyim şeirdə yazdığım kimi:

 

Üzür son limana ömrün gəmisi,
Harda dayanacaq – o hələ bilmir.
Allahın yoludur su da, quru da,
Mənzilə yetməsə, dincələ bilmir.

 

Ömür gəmisi son limana üzdükcə dalğalar da, tufanlar da boş dayanmır, sağdan, soldan zərbələr endirməyə davam edirlər. Amma o dalğalar bilmir ki, o son liman o gəminin də, elə dalğaların da axırıdı. Yəni bizi öldürməyə cəhd edən dalğalar öz ölümlərinə imza atırlar. Yevtuşenkonun təbirincə desək, böyründə nizə gəzdirən balinalar... O qədər nizə gəzdirənlər var ki böyrümüzdə. Açığı ömrüm o qədər mübarizələrdə keçib ki, indi nizələrin ağrısını da hiss etmirəm. Bircə şeyə sevinirəm ki, nə vaxt ki millətimin dil, torpaq, bütövlük, Qarabağ dərdi olub, əlimə keçən hər fürsətdə sözümü demişəm. Bəzən deyirlər, Sabir Rüstəmxanlı nədənsə danışmır, nədənsə yazmır. Mən zamanında çox mətləblərdən danışmış, yazmış adamam, həm də çox yazmışam. Daha nə yazım, oxumayıblarsa, problem özlərindədi.
         Kənddən, imkansız ailələrdən çıxanların ömrü davamlı olaraq keşməkeşlərdə, mübarizələrdə keçir, başqa yolu yoxdu. Bakıya gəlmək bir əzab idi, qayıtmaq da iki. Əvvəl qatarla Masallıya, ordan avtobusla rayon mərkəzinə, ordan Yardımlıya, rayondan da kəndimizə traktorla və atla. O əzabları başqaları yaşamasınlar deyə, ayaqlarımın ağrısını unudum deyə, o kəndə və ətraf 8 kəndə asfalt yol çəkdirdim. O çətin yollardan keçən biri üçün dünyanın bütün əzablı yolları, bütün əzabları rahat görünür. Bax ili əsrə çevirən belə məqamlardı.

 

– Ömrün sərhədləri vətənin sərhədləri ilə kəsişirmi hardasa?

 

– Xeyr, qətiyyən...

 

Bu Vətən deyilən dünyam sirlidi,
Bir paytaxtı sevinci, bir paytaxtı qəm.
Bu vətən torpağı çox qəribədi,
Hələ sərhədini tapa bilmirəm.

Arzu da beləcə sərhədsiz olur,
Ümman da beləcə, göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün
Payımız gəlibdi göydən beləcə.

Belə sonsuzluğun sonsuz qayğısı,
Bəlkə də, taleyim düz eləməyir.
Mənə yurdumuzun son sahilinə
Yetməyə bir ömür bəs eləməyir.

Dünyanın köksündən bir ümman axır,
Yayılır qolları, dəyişir adı.
Yolları Şərurda qırılan xalqın
Qəlbinin paytaxtı Kərbəladadı.

Gəzəm oba-oba Qarayazını,
Süleyman saz çala, ağlayam zar-zar,
Hərəsi könlümün bir paytaxtıdı-
Borçalı elində tutqun analar.

Hardan tapacaqsan sərhədlərini,
Əmrahın sazından keçirsə əgər.
Dərbəndə Pərvanə adlanan qızın
Çağlayan gözündən keçirsə əgər.

Qitələr dolanan didərginlərin
Yolundan-rizindən keçirsə əgər.
O şəkər dillərin belini qıran
Şəhriyar sözündən keçirsə əgər.

Şumerdən adlayan on min il yaşlı,
Ölümsüz bir dilin söz qatlarında
Nənə kəlməsindən keçirsə əgər,

Arzu da beləcə sərhədsiz olur,

Ümman da beləcə, göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün
Payımız gəlibdi göydən beləcə.

 

Yakutiya istisna, mən dilimizin, tariximizin, mədəniyyətimizin izlərini qoruyan bütün coğrafiyanı gəzmişəm. Rus təyyarələrə etibar eləmirəm deyə, ora hələ gedib çıxa bilməmişəm. Türkün yaşadığı mövcud areal türk mövcudluğunun sərhədi deyil. O daha genişdi. Dünyanın ana dili hardan başlayırsa, türk ordan başlayır. Nə bu çağlayan çeşmənin mənbəyini, nə də coğrafi sərhədlərini təyin eləmək olur. Hələ mənəvi sərhədlərdən danışmıram. Bizim ruhumuz tariximiz bütövləşəndə tam olacaq.

        

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.