“Dərədən-təpədən”i xatırlayanınız varmı? Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bir şairimiz vardı, Məmməd Aslan. Vətəni Kəlbəcər yağı əsarətində olduğu üçün qələmini bu nisgilə kökləmişdi. Həm də AzTV-də bir veriliş aparırdı, “Dərədən-təpədən” adlı. Populyar idi bu veriliş, maraqlı mövzulara toxunardı, əm əsası, dili xalqın zəngin ibarələri ilə doluydu bu ağsaqqal kişinin. Ona qulaq asanda sanki dağların qarını, bulaqların pıqqıltısını, yovşanların ətrini duyurdun.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 5 aprel 2000-ci il Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Kitabları

1. Allahın rəsulu

2. Dağ ürəyi

3. Böyürtkən böyrü tikan

4. Səhəri kim açır

5. Səsimə səs ver

6. Bizdən sonra nə qalır

7. Ürək möhlət verəydi

8. Durnalar lələk salır

 

Məqalələri

- Dəlidağın körpə şairi

 

Tərcümələri

1. Türk xalqlar şeirlərindən seçmələr

2. Yunus İmrə, Aşıq Veysəl, iki zirvə

 

Filmoqrafiya

1. Bu torpağın nemətləri

2. Məmməd Aslan

3. Soyuq münasibət

4. Şirvan qoruğu

5. Böyük ömrün 7 anı

 

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat edib. Masazır qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.