“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Aləmzar Sadiqqızının özüylə söhbəti və şeirləri təqdim ediləcək.
ALƏMZAR SADİQQIZI
ÖZÜYLƏ SÖHBƏTİ...
– Salam, Aləm, necəsən?
Nə var, nə yox, əzizim?
– Salam, özüm, nə deyim...
Var olan yox, qəribim,
Yox nə qədər istəsən...
– Bu nə giley-güzardı?
– Hərdən düşünürəm ki, bu taleyi, bu bəxti mənim yazıq ömrümə Tanrı özümü yazdı?
– Niyə gözlərinin yağış fəslidir? Niyə gözlərindən şeir tökülür?
– Bir yalan sevgini dəfn edir ömrüm...
– Deyirsən ki, sən gedəli havalar da dəyişib, bir yağışdı, bir küləkdi, bir də mən...
– Bir də gözlərimdən tökülən şeirlər...
– Bu yaşda nə sevgi?
– Anam deyərdi ki, insan bu dünyada qızılca çıxarmasa, qəbirdə çıxarar. Sevgi də qızılca kimidir. Hansı yaşda sevgi səni yaxalar, bilməzsən.
– Nədir axı bu sevgi, milyon ildi adamları yandırır?
– Sevgi insanın balası kimidir. Nə qədər günahı olsa da, onu bağışlayırsan... Gözünün bir damla yaşına dəyməyən üçün ömrünü yandırırsan. Ömrü bir sətrə sığan üçün bir kitab bağlayırsan.
– Bir də görərsən ki, qapın döyülür,
Bir də görərsən ki, çıxıb gəlmişəm.
Sənə söz verdiyim hədiyyə ki var,
Ovcumun içinə sıxıb gəlmişəm.
– Nədir o hədiyyə?
– Ürəyimdə qalan arzu...
– Ölmüş arzudan nə hədiyyə?
– Yaşamadığım duyğuların suveniri...
– Bəs bundan sonra yaşamaq istədiyin duyğuların suveniri nə olardı?
– Möcüzə...
– Maraqlıdır?
– 40-cı otağımda saçından asılıb...
– Aləm... Kim sənə doğma olsa, ona, mənə Aləm de deyirsən... Nədən?
– Dilində Aləm sözü ölən var...
– Niyə bu qədər ölənlərin arxasından sızlayırsan? Nə vaxt unudacaqsan onları?
– Yanlarına gedəndə...
– Birdən möcüzə olsa, bir günlüyə o dünyadan sənə birini gətirsələr?
– O qədər çoxdur ki, kimi deyim?
Adları dilimə gələndə dilim titrəyənlər, üzləri göz önümə gələndə gözümdən süzülənlər, zarafatları, xatirələri yadıma düşəndə üzümü güldürənlər...
Ancaq atamı görmək istərdim...
– Niyə belə başdasan, hər gün ayaqlanan qız?
– Məni görənlər üçün başdayam, görməyənlər üçün ayaqda.
– Niyə dərdindən ölür sevmədiyin adamlar?
– Aləm, gəl bu sualdan keçək...
İncitməyək onları. Qoy bizə qalsın gülüm,
Ömrümün nağılları...
– Hərdən Aləmi evdə qoyub Aləmzəri götürüb hara gedirsən?
– Hara getsəm, bir də baxıb görürəm Aləm də yanımdadı... Ağlasam, göz yaşımı silir, gülsəm, sevinir, əlimdən tutur, yollarda şeir yazdırır...
– O nə sözdü yazırsan? Mənə bir qadının qarşısında diz çök desələr, “öz qarşımda diz çökərəm” demisən...
– “Bu gördüyün, tanıdığın, inan ki, mən deyiləm. Bu, görünən tərəfimdir, əsl mənsə içimdədir, heç kimsəyə görünməyən”. Gənclik illərimdə yazmışdım. O görünməyən Aləmin qarşısında diz çökərəm, bəli!
– Yazmısan ki, “Eyni şeyə 99 dəfə inanan adama Aləmzər deyilir”.
– Çoxu anlamır nə demək istədiyimi...
O qədər aldanmışam ki... Elə bilirdim, atam qayıdacaq, qayıtmadı. Amma heç ölməyəcək, öldü. Elə bilirdim, dünyanın ən yaxşı qızı mənəm, gördüm ömrüm hələ də vitrində təzə qalıb. Yaşamadığı günləri gözləyir...
İnsanlara inandım, güvənimi sarsıtdılar. Güvəndiyim dağlara qar yağdı. Hələ də üşüyürəm...
– Niyə “özü payız, dərdi xəzəl”,
“bəxti ilə küsülü qadın”, “taleyi birtəhər yazılan qadın”san?
– Hərdən düşünürəm ki, Allah birini yaradarkən kim olmasını istəyirsə, onu dərdləri ilə birgə yaradır...
Onu da anladım ki, sən Allahın verdiyini istəmədikcə o səndən verdiyini alır. İncidə-incidə...
– Niyə almırdın ki, verdiyini?
– Cəsarətim çatmırdı...
– Sən axı sevməyi bacarmırdın, deyirdin ki, “sən olmayan dünyanı sevməyi bacarmadım, unutdum, sevməyi də, unutdum sənqarışıq”.
– Canımı qoymağa yer tapmayanda başımı ayrılığa qoydum...
Gördüm ki, qorxularımla baş-başayam,
O zaman üfüqdə bir günəş doğdu.
İsitdi üşüyən dünyamı, bir ay doğdu pəncərəmdə, zülmət gecələrim işıqlandı, qoşuldum o işıq selinə...
– Nəyini sevdin o sevgisi bir sətrə sığmayanın?
– Soruşmuşdu məndən: "Mənim urəyimi sevdin?" Mən də – "Cəsarətini" – demişdim.
Ancaq, demə, hər şeyi varmış, bircə cəsarəti yoxmuş...
– Ən çox nəyə peşmansan?
– Həm peşmanam, həm də qürurluyam... Hamı kimi ola bilmədiyimə və hamı kimi olmadığıma.
– Ona nə demək istərdin?
– Ölməsin... Və mənim xoş günlərimi görsün.
– Bundan sonra xoş günlər görəcəyinə inanırsan?
– Xoş gün deyəndə baxır nəyi nəzərdə tutursan... Əgər bu dünyadan köçəndə hamı arxanca yaxşı sözlər danışırsa, demək, o gün “xoş” gündür.
– Səninlə bir ömürdü yol gəlirik. Bircə şüarın vardı: "Əlləri olmasın, ayaqları olmasın, mənimlə danışmağı bacaran dili olsun" – deyirdin...
Harda qaldı o adam?
– Rastlaşmadıq... O, mənim yaratdığım idi... Allahın yaratdığı olsa, gəlib məni tapardı.
– Məzarına gələrmi o adam?
– Mən onu özümlə məzara aparacağam...
“Sevgi şairitək köçər dünyadan,
Ömrünü sevgisiz yaşayan qadın”
– Səncə, söhbətimiz bitdi?
– Yox, bizə ayrılan vaxt bitdi.
...VƏ ŞEİRLƏRİ
ALƏM BOYDA AĞRISI VAR ADININ...
Uşaq, böyük kim gördüsə, ilk sözü:
"Nə gözəldi gözün sənin" – dedilər.
Bilmədilər amma o an, o dəmdə
Ürəyimi dibinəcən yedilər...
Deyəmmədim bu gözləri ağladan,
Namərd kimi köçüb gedən mərdi var...
Bu gözləri öpüb gedən, dönməyən,
Ata adlı sağalmayan dərdi var.
Hamı mənə, mən dərdimə vuruldum,
Qəm yazıldı o günlərdən gözümə.
Güldürməyi bacarmadım bir dəfə,
Gözlərimdən qəm süzüldü sözümə.
Biri vardı, öpmədi ki gözümdəm,
Ayrılıqdır gözdən öpmək, deyirlər...
Ayrılığı elə yazdı ömrümə,
Xatirələr ürəyimi yeyirlər.
Hər bu sözü eşidəndə susuram,
Dinmirəm ki, ürəyimdə gülürəm...
Bir də bilsəz, bu gözlərin əlindən
Bir ömürdü göz yaşından ölürəm.
Bu "gözləri göydən gözəl mələyin"
"Özü payız, dərdi xəzəl" qadının,
Bu "taleyi birtəhər yazılanın"
Aləm boyda ağrısı var adının!
7.02.2025
GEDƏK BİR CÜT GÜL QOYAQ...
Gözlərin aydın olsun,
Ürəyimdən qan axır...
Əlimlə kəsdim, tökdüm,
Bitdi bu sevgi, axır!
Bir azca sürt alnına
Ürəyimin qanından...
Könlümü qurban kəsdim,
Nəzir verdim adından.
Qəm eləmə bu gündən,
Get sevgi bazarına...
Gedək bir cüt gül qoyaq
Sevginin məzarına!
14.02.2025
***
Yenə üz-üzəyik, yenə bu axşam
Mən səni görürəm hayana baxsam,
Bir damla yaş olub gözündən axsam...
Olaram yolunda pərvanə, Tanrım...
Ey mənim dünyada ən böyük eşqim,
Ən böyük dayağım, ən gözəl şeirim,
Yuxumda sən məni sarvan seçmişdin
Sənə qonaq gələn karvana, Tanrım.
Mən sənin ən adil qulun, kölənəm...
Səninçün yaşayan, sənçün ölənəm,
Dərdimi həmişə sənlə bölənəm,
Gəlmişəm yolunda qurbana, Tanrım.
5.12.2024
AZ QALIB...
Az qalıb... lap bir azca
Ta səni unutmağa.
Bu gün bilet almışam
Özümə qayıtmağa...
Sənə ağır gəlirəm,
Yükü olmayan adam,
Yandıranda gəlməyə
Tükü olmayan adam.
Nə sevməyə ürəyin,
Nə də göz yaşın qalıb.
Mənə təslim olmağa
Yalnız savaşın qalıb.
Sən bilməzsən sədaqət,
Nə də məhəbbət nədir,
Sevdiyinlə yaşamaq,
Həyat, səadət nədir...
Daha səni sevmərəm!
Bu söz bir andım olsun!
Bir gün ölüb gedərsəm,
Bu da son qəmin olsun!
13.01.2025
GƏLMİŞƏM
Bir də görərsən ki, qapın doyülür,
Bir də görərsən ki, çıxıb gəlmişəm.
Məndən istədiyin hədiyyə ki var,
Ovcumun içinə sıxıb gəlmişəm.
Sən mənim ömrümə yağan qarmısan?
Dərdli payızmısan, ya baharmısan?
Gerçəkmi, xəyalmı, ya yalanmısan?
Mənəm, yanağından axıb gəlmişəm.
Arxada bir sənsiz ömür var, gülüm,
Sənə söz verməyə qısadı dilim,
Götür ürəyimi, yar dilim-dilim,
Sənin həsrətinnən yaxıb gəlmişəm.
Yağan yağmurunam, batan ayınam,
Gecikən ilinəm, günün, ayınam,
Gördüyün yuxunam, gələn yayınam...
Sənin gözlərinə baxıb gəlmişəm.
"Göy gözü göylərdən gözəl" mələyim,
Bənövşə ətirlim, küskün çiçəyim,
Ay ruhu özündən gözəl– göyçəyim,
Ruhuma qanadlar taxıb gəlmişəm!
14.11.2024
BİR ÖMÜR İÇİMDƏ ASDIĞIM ADAM...
Daha düşünməyə tabım qalmayıb,
Nə də ağlamağa gözümün yaşı.
Bu şeir də olsun nakam ömrümün
Başına qoyduğum bir məzar daşı...
Daha yollarına baxan deyiləm,
O yollar dağılsın qoy həsrətimdən!
Həmişə, hər yerdə yıxılmışam mən
Altıncı hissimin bəsirətindən...
Sənə gələn gündən anlamalıydım,
İkiyə bölünmüş yadımsan mənim.
Bir ömür içimdə asdığım adam,
Heç vaxt dadmadığım dadımsan mənim...
Sənsən milyon yerə bölünən adam,
Sən hardan biləsən məhəbbət nədir?
Sən hardan biləsən bir məsum eşqin
Tək sənə verdiyi səadət nədir?
Yolun açıq olsun ürəyin kimi,
Gələni, gedəni yaxşı qarşıla...
Hələ ki ömrünü verirsən yelə,
Hələ anlamırsan nə var qarşıda.
Hələ gec bilərsən, gec anlayarsan
Məni itirməyin ağrılarını.
Əlində üç alma qaldığı zaman
Dinlərsən Aləmin nağıllarını...
18.12.2024
***
Minlərlə ağrıdan keçdi bu sevgi,
Yaşaya bilmədim, ölə bilmədim.
Nə sənin agrını mən bilə bildim,
Nə mən çəkənləri sən bilə bildin...
Yaşarıq beləcə, öllük beləcə,
Nə sənsiz, nə mənsiz dağılmaz dünya.
Min Leyli, min Məcnun çürüdüb həyat,
Əmin ol bizə də ağlamaz dünya.
"Mehrabı eşq olan uca göylər"im
Yazıbdı bu qədər-qəzanı mənə.
Bəlkə də, Tanrının acıgı tutub,
Kəsib öz əliylə cəzanı mənə.
Aləmin ürəyi yarpaqdan incə,
Tanrının hökmünə dözərmi, bilməm?
Bir onu bilirəm sən dönənəcən,
Nə sənsiz yaşaram, nə sənsiz ölləm!
18.12.2024
SƏNƏ BİR NAĞIL DANIŞIM...
Gəl sənə bir ocaq verim
Könlümün sazaq yerindən.
Özümdən gözəl gül dərim
Ömrümün uzaq yerindən.
Tut əlindən o çiçəyin,
Apar, yar, qoy sənin olsun.
Bir gün səndən dönər olsam,
Sevgim mənə qənim olsun.
Qoy bütün dünya bir yana,
Mən də ki bir yana olum.
Sən məni sığdır ruhuna,
Mən də sənin ruhun olum.
Gəl... sənə bir ömür verim
Ömrümün bitən yerindən...
Sənə bir nağıl danışım
Həsrətin itən yerindən.
21.12.2024
BU GÜN DƏ BİR QƏMLİ NƏĞMƏ KİMİYƏM...
Bu gün də bir qəmli nəğmə kimiyəm...
Əli ürəyində dolan qadınam.
Səsin gəlməyəndə evi yıxılan,
Dünyası dağılan, solan qadınam...
Nə könlüm açılır, nə də ki, gözüm,
Nə səbrim qalıbdı, nə də ki dözüm,
Neyləsəm, tapmıram bu dərdə çözüm,
Hər sözü-söhbəti yalan qadınam.
Mənəm bu dünyanın qəmli qadını,
Çoxdan itirmişəm ağız dadımı,
Sevdim doğmaları, sevdim yadımı,
Ömrü başdan-başa talan qadınam.
Allahın izniylə yazıb-pozuram,
Özüm öz könlümdə itib azıram,
Olsun, hər əzaba, qəmə razıyam,
Sevən könüllərdə qalan qadınam.
Aləməm, dünyada tək səni sevdim,
Sənsiz bu dünyada yiyəsiz evdim,
Səni vətən bildim, səni ev bildim,
Səninlə yaşayıb ölən qadınam.
19.12.2024
SƏNƏ KÜS ADAM...
Mən bir az içində azan adamam,
Bir az da unutqan, bir az pis adam.
Məndən inciməyi heç düşünməyin,
Bir az "uşaq" adam, bir az hiss adam...
Mən sənə qoşulub ağlaya billəm,
Coşğun çaylar kimi çağlaya billəm,
Səni ürəyimə bağlaya billəm,
Sənə incik adam, sənə küs adam...
Bəlkə, bu dünyanın nağıl qızıyam,
Bir Aləm qızıyam, bahar, yazıyam,
Küləyi, yağışı, qəmli sazıyam...
Bir az duman adam, bir az sis adam.
YENƏ GÖZLƏRİMİN YAĞIŞ FƏSLİDİR...
Yenə gözlərimin yağış fəslidir...
Bir yalan sevgini dəfn edir ömrüm...
Dünən nə umurdu, bu gün nə tapdı...
Daha məcrasına sığmayır könlüm.
Havamı bənzəyir, mənmi havaya?
Buludlar, bəlkə də, əksimi çəkir,
Alıb ağuşuna küləklər məni,
Təbiət sonuncu şəklimi çəkir...
Mənmi uzaqdayam, uzaqmı məndə...
Bilmirəm dünyanın hayanındayam.
Gah elə bilirəm, bir məzardayam,
Gah da ömür adlı bir saraydayam...
Güldün, gülüşünə sığındım, ömrüm,
Darıxdın, qoşuldum ayaz könlünə...
Mən bahar fəslindən çoxdan küsmüşəm,
Onunçün gətirdim payız ömrünə...
Bu da həyatımın qış nagılıdı...
Üç alma yerinə göydən qar yağar...
Mən bir az Allahın qəmli qızıyam...
Qoşulub buluda yağdıqca yağan...
26.10.2024
BİR DƏ PAYIZINA GƏLMƏZ BU BAHAR...
Bir də görəcəksən, çıxıb getmişəm,
Bir də görəcəksən, dünya bomboşdu...
Sən məni göylərdən yerə endirdin...
Qoy olsun, əzizim, sənə bu xoşdu...
Bəlkə də, son sözü deyirəm sənə,
Sən mənsiz yaşaya bilməyəcəksən...
Bəlkə də, yüz qadın ötər yanından...
Sən məni bir daha görməyəcəksən!
Bəlkə, Allah bilir olub-bitəni...
Ancaq sən bilmirsən nələr olacaq...
Bəlkə də, bir heçlik uğrunda canım.
Dünyanda ən böyük heçlik olacaq!
Yoracaq bu yollar, bu izlər səni,
Üzünə bir qapı açılmayacaq...
Ardınca gözündən yaş ələyən yox,
Dönərkən "min sual" sorulmayacaq...
Bir də bu Aləmi doğmaz bir ana...
Bir də payızına gəlməz bu bahar...
Mən sənin ömrünə necə gəlmişdim,
Nə Allah danışar, nə dost pıçıldar...
26.10.24
ÖLDÜRMƏSİN HƏSRƏTİN...
Səni çox incitmişəm,
Necə, nə cür, bilirəm...
Mənim cəzam Tanrıdan,
Sən kəsənə gülürəm...
Bütün günahlar sənin,
Cəzalar mənim olsun!
Götür, ürəyindən as,
Babalı sənin olsun.
Ömrüm yaralı quşdu,
Qırmısan qanadımı,
Bir qəfil ölüm ilə
Qıraram inadını...
Bəlkə, üz-üzə gəllik,
Mən susum, sən dinərsən...
Gözlərimə baxanda
Günahını görərsən.
Ömür ki var, nə sənin,
Nə də mənim olacaq.
Əzəl-axır ürəyim
Yenə sənin olacaq.
Öncə Allah, sonra sən,
Vurduqca vurun məni.
Neçə ki yaşayıram,
Sınayın, durun məni.
Bir günahım var mənim,
O da səni sevməkdi.
Bircə dərdim var ancaq,
O da səni yenməkdi.
Yığıb günahlarını
Qoyma mənim boynuma.
Bir gün köçüb gedərəm
Bu torpağın qoynuna!
Min aləm var, bir Aləm,
O da sənin qismətin.
Qayıt Allah eşqinə,
Öldürməsin həsrətin!
21.01.2025
“Ədəbiyyat və incəsənət”
(22.09.2025)