Bakı kəndlərinin qəzəl sevgisindən cücərən yaradıcılıq Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bakı kəndlərində bir qəzəl, bir də meyxana daim dəbdə olubdur, bu sənətlərin xiridarları əksərən bu kəndlərdə, ümumən Abşeronda yetişiblər. Bu gün mən sizlərə şair, qəzəlxan Arif Buzovnalı barədə danışacağam. Çünki bu gün nun doğum günüdür.

 

Arif Buzvnalı 1972-ci ilin 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

Ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edib. 1987-ci ildə "Pioner" jurnalına göndərdiyi "Vahidə bənzətmə" şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir "Azərbaycan Gəncləri" qəzetində çap olunub.

Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, həmçinin "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", "Azərbaycan" jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.

2003-cü ildə Təbrizdə keçirilən "Şeri-tənz" Beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən "Rəzəvi" Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olub. 2014–2021-ci illərdə Azərbaycan Televiziyasında "Məclisi-Üns" verilişinin daimi iştirakçısı olub.

2018–2019-cu illərdə keçirilmiş 1-ci və 2-ci "Nəsimi — Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olub. 2022-ci ildə Türkiyə Cumhuriyyətində keçirilən Beynəlxalq Türkologiya Kongresi professor Dk. Vüsalə Musalının "Çağdaş Azərbaycan ədəbiyyatında klassik gələnəyin davamı: Arif Buzovnalı sənəti" adlı tədqiqat işinə həsr edilib.

 

 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xəzər Yazıçılar Birliyinin sədridir. 2017-ci ildən "Poeziya klubunun", 2022-ci ildən AYB "Füzuli" komissiyasının sədridir.

 

Kitabları

1. Ömrün ötən anları

2. Mərifətdən həqiqətə

3. Səhərimə nə qalıb ki

4. Xəzərim

5. Sarı güllər

6. Seçilmiş əsərlər

7. Vadi

8. Qəzəllər

9. Məqalələr və şərhlər

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.