“Gözlərimdə qəm yükü var...” -TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı 3 gün ardıcıl sizlərə Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Bu gün son 4 şeirlə tanış olacaqsınız.

 

 

11

Asılmışam pəncərədən ,

Bu küləkdən, bu  gecədən,

Yenə də  zülmət küçədə

Dolaşır ruhum, dolaşır.

 

Mən tənhayam, gecə tənha,

Külək tənha, küçə tənha,

Ürəyimdə neçə tənha

Düyünüm, dağım dolaşır.

 

Başımda  yüz  qara fikir

Gecəni  canına çəkir,

Şeir-şeir,  şəkil-şəkil

Dilimdə ahım dolaşır.

 

Həm yaxınsan, həm də uzaq,

Bu sevgidi, yoxsa sınaq?

Divar-divar, otaq-otaq

Üstümdə qoxun dolaşır.

 

 

12.

Çiynimdə qəbir yükü var,

Sus yükü,səbir yükü var,

Yükümü utub o ki var

Gedirəm üzü sabaha.

 

Zamandan, vaxtdan keçirəm,

Qismətdən, baxtdan  keçirəm,

Hələ  sınaqdan keçirəm,

Gedirəm üzü sabaha.

 

İnanma çıxım əlindən,

Bu dərdin, ahın əlindən,

Tutmuşam yoxun əlindən,

Gedirəm üzü sabaha.

 

 

13.

Bu dünyanı bölgələrə bölmüşük,

Qitələrə, ölkələrə bölmüşük.

Tayfalara, nəsillərə, soylara,

Savaşlara, hikkələrə bölmüşük.

Oynamışıq şəhər  belə, kənd  belə,

Hasar belə, çəpər belə, bənd belə.

Uduzmuşuq, qumar-qumar  bölmüşük,

Cənub cənub, şimal şimal bölmüşük.

Ayırmışıq məzhəb ayrı, din ayrı,

Mələk ayrı, şeytan ayrı, cin ayrı.

Çörəyindən, havasından almışıq,

Dədəsindən, babasından almışıq.

Qoymamışıq daş üstündə daş qala,

Eləmişik sinəsini daş qalaq.

İşığından, ocağından etmişik,

Anasının qucağından etmişik.

Bölüb-bölüb axırına çıxmışıq

Bir birinə vura-vura dünyanı,

Dağıtmışıq qura qura  dünyanı.

 

 

14.

İçimdə  bahar  həvəsi,

Çölümdən ayrılıq keçir.

Alışıram öz odumda,

Külümdən ayrılıq keçir.

 

Ruhumda küləklər əsir,

Gah yubanır, gah tələsir,

Baxışlarım sevgi gəzir,

Dilimdən ayrılıq keçir.

 

Gözlərimdə qəm yükü var,

Kirpiyimdə nəm yükü var,

Saçlarımda dən yükü var,

Telimdən ayrılıq  keçir.

 

Yaman yorur  xəzan məni,

Nə ağırmış cəzam mənim,

Hara çəkir qəzam məni?

Yolumdan ayrılıq keçir.

 

Nəyi var gələn payızın?

Üzümə gülən payızın,

Dərdimdən ölən payızın

Könlündən ayrılıq keçir.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.