İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir zamanlar Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi Məmməd Alim var idi bu dünyada.
Gəncə ədəbi mühitinin dəyərli nümayəndəsi, qiymətli imzası idi.
Düz 11 il bundan əqdəm, 28 avqust 2014-cü ildə onu itirdik. Özündən sonra kitabları, bir də xatirəsi qaldı…
Bu günkü anım günündə onu hörmətlə anırıq. “Allah rəhmət eləsin!” deyirik.
Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik edib. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib.
2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Onun ən məşhur şeiri isə "Dünya, qapını aç, aç çıxım gedim" şeiridir ki, bu çeiri də bu anım günündə oxuculara təqdim etməyi borc bilirik.
Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı... tapa bilmədim.
Dünya, qapını aç, aç çıxım gedim.
Kimsə çağırıbdı, haya gəlmişəm,
Qəlbi, ruhu təmiz - saya gəlmişəm
Bilmədim ki, toya, vaya gəlmişəm
Dünya, qapını aç, aç, çıxım gedim.
Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya, qapını aç, aç çıxım gedim.
Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya, qapını aç, aç çıxım gedim.
Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Vallah, bircə yol da geri baxmaram.
Dünya, qapını aç, aç çıxım gedim.
Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya, qapını aç, aç çıxım gedim.
İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuz da nə vaxtsa görüşəcəyik.
Dünya, qapını aç, aç çıxım gedim…
Ömrümün sonuna söz sələmim var,
Başdaşım olacaq bir qələmim var,
Axı, burda mənim nə ölümüm var
Dünya, qapını aç, aç çıxım gedim.
Bəli, həqiqətən də şairin özünə başdaşı olacaq bir qələmi vardı, bu qələmlə bu cür gözəl şeirlər yaratdı.
Nə deyək. O dünyası gözəl olsun!
“Ədəbiyyat və incəsənət”
(28.08.2025)