Mehparə Bəkirova, Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya –resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət” üçün
Yayın lap isti günlərində şəhərdən tez-tez qonaqlarımız olardı. Hər yay eyni mənzərə təkrarlanardı: tozlu, bürkülü küçələrdən, havasız mənzillərdən çıxıb gələn şəhər sakinləri bizim kəndə çatanda sanki rahat nəfəs alırdılar. Elə öz dilləriylə desək, "nəfəs almağa" gəlirdilər.
Biz ölkənin ən gözəl və sərin guşələrindən birində — Böyük Qafqaz dağlarının ətəyində yerləşən bir kənddə yaşayırıq. Bura elə bir yerdir ki, dağların başı ilin istisində belə qarsız qalmaz, bulaqların suyu isə elə soyuqdur ki, içəndə insanın dişi göynəyir. Gündüzlər bəzən günəş od tökərdi — toyuq belə kölgəyə çəkilər, ağaclarda bir yarpaq belə tərpənməz, yolların tozu qızmar günəş şüaları altında öz xaotik hərəkətində olardı. Amma axşamlar... axşamlar bambaşqa bir aləm olardı. Hava yavaş-yavaş sərinləyər, dağlardan əsən yüngül meh pəncərə pərdələrini oynadar, evin içini bənzərsiz bir təravətlə doldurardı.
Alça, gilas, qovaq ağaclarının yarpaqları pıçıltı ilə danışar, çox uzaqlardan meşə heyvanlarının səsi duyulardı. Həyətdə samovar qaynayar, dəmlənən çayın qoxusu, təzə dərilmiş nanənin ətri ilə qarışaraq ətrafı bürüyərdi. Gələn qonaqlar bu sakitliyi, bu təravəti bəlkə də şəhərdə illərlə axtarsalar tapmazdılar.
Bu il istilər bir qədər gec düşmüşdü. Amma buna baxmayaraq, illərin dostu olan şəhərli qonaqlarımız elə ilk isti gün bizdə idilər. Onlar üçün yay, kənd, təbiət və biz – artıq bir ayrılmaz bütövlük idi.
Hər zaman olduğu kimi, samovarın həzin nəğməsi yenə də bizi bir yerə toplamışdı. Kənd həyətində qurulmuş kölgəli taxta masanın ətrafında hamı toplaşmışdı. Kəklikotu ilə dəmlənmiş ətirli çay fincanlara süzülmüş, samovarın zümzüməsi, günəşin son şüaları altında lap nağılvarı görkəm yaratmışdı.
Danışılan sözlər, səslənən qəhqəhələr, ara-sıra düşən dərin sükutlar hamısı bir yerdə keçmişin yaddaşını pıçıldayırdı. Hər bir söhbət bir xatirəni oyadır, hər xatirə bir nəfəsi, bir baxışı, bir keçmiş yay axşamını yada salırdı.
— Yadınızdadır, o il qəfil dolu yağdı, meyvə bağlarının yarısı viran oldu...
— Həə... bir də o axşamki odun sobasında bişən qarğıdalının ətri...
— Bunu ancaq kənddə duymaq olur...
Kəndin sükutu, uzaqlardan eşidilən cırcıramaların səsi, axşam mehi və samovarın pıçıltısı – bunlar şəhərdən gələnlər üçün təkcə rahatlıq deyildi, eyni zamanda unudulmuş bir həyat tərzinin keçmişdən gələn ənənəsi idi.
Çay süfrəsinin üzərində yenicə bişmiş böyürtkən mürəbbəsi, qənd, konfet, qarpızdan hazırlanmış şirniyyat, müxtəlif bişintilər, meyvələr və közdə qızardılmış şirin qarğıdalı vardı.Hamı söhbət əsnasında çayla birlikdə bu nemətləri də nuş edirdi.
Kiminin əlində mürəbbəyə batırılmış çay qaşığı, kiminin əlində isti qarğıdalı vardı. Uşaqlar qarpızın qara tumlarını bir-bir pəncərədən atmağa çalışır, böyüklər isə gah keçmişdən, gah bu gündən danışırdılar.
Süfrənin ətrafında bəzən zarafatlar, bəzən dərin düşüncələr dolaşırdı. O axşam sanki zaman yavaşlayır, hər udum çay, hər dilim şirin bir duyğuya çevrilirdi.
Közdə bişən qarğıdalı xüsusilə ləzzətli idi. İsti-isti yeyildikdə o qədər şirin, o qədər ətirli olurdu ki, adam doymaq bilmirdi. Amma bir az soyuyan kimi əvvəlki dadı qalmazdı – ona görə də gərək çay süfrəsində, elə isti halda yeyiləydi.
Elgiz əmi hər zamankı yumoru ilə, yarızarafat-yarıciddi səsləndi:
— Ay camaat, qarğıdalı payınızı yeyin ha! Səhərə qalmasın, yoxsa Dəli Dilbər kimi edərəm!
Hamı güldü. Elgiz əminin bu cür zarafatları hamının dilində əzbər idi. “Dəli Dilbər” deyəndə, kənd camaatının gözünün önünə bir obraz canlandı — kəndin bir vaxtlar məşhur olmuş, qəribə əhvalatlarla yadda qalan qadını.
Bu hekayəni xatırlayanlar güldü, xatırlamayanlar maraqla soruşdu və yenidən süfrədəki səmimiyyət, gülüş, birlik havaya qarışdı. Elgiz əminin “Dəli Dilbər” zarafatı hamının marağını oyatdı. Süfrə ətrafındakılar bir anda susub gözlərini ona dikdilər.
— Danışın görək, nə əhvalatdı elə? – deyə evin xanımı gülümsəyərək soruşdu.
— Hə, Elgiz əmi, yenə neyləmişdi bu Dilbər xala? – deyə biri çay fincanını qarışdıraraq əlavə etdi.
— Qoy danışım da, əgər çayınız soyumayıbsa, – dedi. Elgiz əmi gözünü uzaqdakı dağa dikərək, sanki xatirəni ordan çəkib çıxarırmış kimi.
— Bu Dilbər, rəhmətlik, kəndin özünəməxsus adamı idi. Bir az sərbəst, bir az sərsəri, amma ürəyi təmiz. Yayın lap qızmar vaxtı idi, belə bir axşam. Elə bugünkü kimi hamı həyətdə samovar başında oturub çay içirdik.
Elgiz əmi baxışlarını havanın qaralmaqda olan üfüqünə zillədi. Gözlərini sanki görünməyən bir nöqtəyə dikmişdi – xəyalları onu çox uzaqlara aparmışdı. Ürəyində nəsə titrədi, susqunluğun içində bir səs oyanırdı. Birdən dodaqlarını yüngülcə tərpədərək dilləndi:
— Nənəm, rəhmətlik... bir əhvalat danışmışdı mənə. O qədər illər keçib, amma o gecənin səsi, havası, hətta qoxusu hələ də yadımdadı...Sonra bir az susdu. Oradakıların hamısı sakitcə gözləyirdi. Elə bil hamı eyni anı hiss etmişdi — bir həyatın səssiz pərdəsi aralanırdı.
— Bu əhvalatı... — dedi və çiynindən ağır bir xatirəni endirirmiş kimi nəfəs aldı — nənəm danışmışdı, o vaxt mən uşaq idim... Nənəmgil əvvəllər Şuşada yaşayırdılar. Sadə bir ailə idilər və o dövrdə Şuşada dolanışıq çox çətin idi. Ona görə də bir müddət sonra köçüb Ağdamın Seyidli kəndinə gəlirlər. Kəndə yerləşərək, kənd təsərrüfatı ilə məşğul olmağa başlayırlar. Aradan bir müddət keçir... Payız fəsli idi. Bir axşam taxta qapının önündə dörd-beş atlı peyda olur. Sonradan məlum olur ki, bunlar quldur imiş. Babamdan evdə olan ərzaq məhsullarını verməsini tələb edirlər.
Babam onlara qarşı çıxır. Deyir:
— Mənim dörd körpə uşağım var. Qarşıda uzun və sərt qış gəlir. Bu ərzaqla biz birtəhər yaşayacağıq.
Lakin quldurlar onu dinləmir. Onlardan biri silahını çıxarıb babamı düz ürəyindən vurur. Kişi elə oradaca, qapının önündə can verir. Beləcə, nənəm bütün əzab əziyyəti təkcə öz çiyninə götürərək dörd övladını böyütməyə çalışır.
Nənəmdən başqa kənddə taleyi nənəmin taleyinə oxşar daha bir qadın da vardı. Adına dəli Dilbər deyərdilər. Onun da ərini quldurlar öldürmüşdü və təkbaşına üç uşağa baxmaq məcburiyyətində qalmışdı. Dilbər — o vaxt gənc bir ana — üç körpə uşağı ilə bir başına, biçarə qalır...
Bu əhvalata bənzər bir hadisədən sonra Dilbər, çarəsiz qalan bir qadın kimi, üç övladı ilə birlikdə köhnə, dar və qaranlıq bir komada baş-başa yaşamaq uğrunda mübarizə aparır. Kənddə kiminsə köməyinə bel bağlamadan, bütün çətin işlərin öhdəsindən gəlməyə çalışır. Odunu da özü qırır, bağda-bostanda da özü işləyir, bazara da özü gedir, övladlarını da özü böyüdür.
Bir neçə il keçir... Hər keçən il onun çiyinlərinə bir yük, ruhuna bir kölgə salır. Dilbər artıq əvvəlki saf, sakit qız deyil – həyat onu sərtləşdirir. O, həm evin anası, həm də kişisidir.
Zamanla xasiyyəti də dəyişir: kobudlaşır, sərtləşir, bəzən isə el arasında "dəli" adlandırılacaq qədər açıq sözlü və kəskin olur. Amma içində bir yerdə, dərinlikdə – susan, əzilən, yorulan bir ana ürəyi hələ də döyünür...
Dilbər və övladlarının yaşadığı köhnə daxma cəmi iki otaqdan ibarət idi. Taxta divarları rütubətdən çatlamış, tavanı isə sızan dam suyu ilə ləkələnmişdi. Çox vaxt Dilbər uşaqlarını başına toplayıb bir otaqda yatır, o biri otağı isə nadir hallarda istifadə edirdi. Elə bil o otaq onun keçmişindən bir xatirə kimi donub qalmışdı – susqun, soyuq və toxunulmaz.
Dilbər çox zaman uşaqlarına qarın dolusu çörək tapıb verə bilmədiyindən, bir az un tapan kimi ondan əriştə kəsər, qurudib saxlayar, sonra onu bişirıb qış axşamlarında isti yemək kimi uşaqlarına verərdi. Bu da soyuq qış axşamlarını onlar üçün daha ilıq edərdi.
Bir qış axşamı, havanın kəskin şaxtası kəndin hər evinin qapısını kip bağladığı bir vaxtda onların kəndinə qərib bir yolçu gəlir.
Kəndin dar cığırları qarla örtülmüş, ayaq səsləri belə boğulmuşdu. Qərib isə bu səssizliyin içində tək-tənha irəliləyir, sanki hansısa qapının arxasında bir istilik, bir insan səsi axtarırdı... Yolçu kəndin girəcəyində yerləşən “kəndin gimgə”sinə — yəni kənd kişilərinin yığışıb söhbətləşdiyi yerə gəldi. İçəri girəndə ocaq ətrafında toplaşmış kişilər bir anlığa susurlar. Onun üz-gözündən yorğunluq və soyuq aydın sezilirdi. Ayaqlarına dolanmış palçıq və əynindəki nəm paltarı onun uzaqdan gəldiyini göstərirdi. Yolçu yavaş və ehtiramla salam verib sonra deyir:
— Bağışlayın, mən yolçuyam. Bu gecə üçün bir gecəlik bir sığınacaq axtarıram. Çox yorğunam... və... acam.
Kənd kişiləri baxışlarını bir-birinin üzünə zillədilər. Kimsə dinmir, kimsə yavaş-yavaş baxışını aşağı endirir. Tanımadıqları bir adamı evlərinə buraxmaq heç kimin ürəyindən keçmir. Çünki bu yerlərdə yadın kimliyi bilinmədən ona qapı açmaq nadir hal idi.
Bir neçə dəqiqəlik sükutdan sonra yaşlı kişilərdən biri dilləndi:
— Bunu, deyəsən, Dilbərin evinə göndərmək lazımdı. Onsuz da tək yaşayır, uşaqlarıyla. Kimsəyə zərəri toxunmaz bu yolçunun. Bəziləri başını tərpədir, bəziləri bu fikirdən narazı qalır. Amma sonda razılaşırlar. Kimsə nə açıq "bəli", nə də sərt "yox" demir. Elə susqunluqla razılaşılır...
Bir gənc oğlan yolçunu götürüb Dilbərin evinə tərəf apardı.
Yolçu Dilbərin evinə çatanda qapını yavaşca döyür. Qış gecəsinin sükutunu pozan taqqıltı içəridəki səssizliyə toxunur. Bir neçə saniyə sonra taxta qapı azca aralanır – arxasında qaranlıqda görünən qadın fiquru dayanır.
Yolçu başını aşağı salaraq sakit səslə dedi:
— Mən Allah qonağıyam. Yolda qalmışam. Bir gecəlik sığınacaq istəyirəm. Əgər mümkündürsə, bir tikə də yemək... Çünki açlıqdan ayaqlarım bir-birinə dolaşır. Qadın bir anlıq susur. Əlinin kölgəsi ilə başını örtməyə çalışan bu adamın səsi yorgun, baxışları isə sanki ümidsiz idi. Amma gözlərində yad olmayan bir nisgil də vardı – elə bil bu evin, bu kəndin dərdini tanıyırmış kimi...
Dilbər ötkəm, bəlkə də bir az kobud səslə — qadına yaraşmayan tonla — deyir:
— Gəl, içəri keç...
Qonaq asta addımlarla içəri daxil olur. Uşaqların təəccüblə və bir az da qorxu ilə dolu baxışları altında evə keçir, sobaya yaxınlaşıb dizlərini qucaqlayaraq yerə çökür. Üzü solğun, bədəni taqətsiz idi. Elə bil uzun illərin yorğunluğu bu qoca daxmanın içində nəfəs alırdı.
Dilbər, sanki heç nə olmamış kimi, o biri otağa keçir. Bir az sonra qayıdaraq soruşur:
— Əriştə bişirsəm, yeyərsən?
Kişi başını azca qaldıraraq, yorğunluqdan göz qapaqları ağırlaşsa da, açlıq hissi onu danışmağa vadar edir:
— Yeyərəm... Əlbəttə, yeyərəm...
Dilbər əllərini silib işə girişir. Əvvəldən kəsib qurutduğu əriştəni qaynar suya atır. Otağı buxarlanmış undan, duzdan, sükutdan və bir az da kimsəsizlikdən ibarət qəribə bir hava bürüyür.
Gecədən xeyli keçmiş, əriştə hazır olur. Dilbər bir boşqaba əriştəni çəkib gətirir.
Qonaq əriştəni iştahla, səssizcə yeyir. Gözlərinə azacıq həyat işığı gəlir. Dilbər sözsüz ikinci boşqabı da doldurur. Qonaq onu da iştahla yeyir.
O doyduğunu bildirmək istəyəndə, Dilbər sərt səslə dedi:
— Hamısını yeyəcəksən. Yoxsa qazan dolu əriştəni başına tökərəm...
Kişi ev sahibəsinin nə demək istədiyini anlamasa da, qadının gözlərində qəribə bir qətiyyət görür. Naəlac qalıb, bütün qazandakı əriştəni də çətinliklə olsa da bitirir. Qarın toxluğu ilə gözləri yumulur, Dilbərin göstərdiyi küncə uzanaraq yuxuya gedir. Uşaqlar isə otağın bir küncündən hələ də bu qərib qonağı susaraq izləyirlər.
Hamı gecəni yatır. O gecə daxmanın divarlarını yalnız sobanın közərtisi işıqlandırırdı. Uşaqlar anasının ətrafında yuxuya getmiş, Dilbər isə qaranlıq otağın dərinliyinə baxaraq fikrə dalmışdı. Qonaq isə, dediyi kimi, sobanın yanında bükülüb yatırdı.
Səhər açılanda, evdə qəribə bir səssizlik vardı. Dilbər uşaqların yuxudan ayıldığını görüb, qonağı oyatmaq üçün o biri otağa keçir. ...Amma otaq boş idi. Qonaqdan nə səs vardı, nə nəfəs, nə də bir hənir.
Dilbər heyrətlə qapıya tərəf baxır — qapı açıqdı. Ayaq izləri, qonağın çoxdan bu evi tərk etdiyini deyirdi. Uşaqlar da bir-bir o biri otağa keçir, hamısı təəccüblə bir-birinə baxır.
O, dünən gecə qonağın əriştəni necə acgözlüklə yediyini, sonra isə başını sobanın yanına qoyub dərhal yuxuya getməsini unutmamışdı. Amma indi bu adam bir təşəkkür belə etmədən sakitcə aradan çıxmışdı.
Qonaq deyəsən daha ikinci qazan əriştəni yeyə biləcək halda deyildi. Qorxudan sakitcə çıxmışdı aradan.
Elgiz əmi əhvalatı danışıb bitirmişdi. Amma heç kim dinmirdi. Hərə bir tərəfdə oturmuşdu, lakin hamının baxışları hələ də Elgizin üzərində donub qalmışdı. Sanki danışılanlar qəlblərində bir iz buraxmışdı. Ocağın alovu qımıldandıqca, sükutun içində bir qəribə təlatüm vardı. Elə bil kimsə nə isə deməliydi, amma sözlər boğazda düyünlənmişdi.
Samovarın zümzüməsi də sükuta qarışmışdı. Sanki o da danışılanlara qulaq kəsilmişdi. Hərə öz qarşısındakı közdə bişmiş qarğıdalını sakitcə çeynəyir, heç kəs səsi pozmağa cürət etmirdi. Sərin yay axşamının yüngül mehində zaman dayanmış kimi görünürdü. Gözlər yavaş-yavaş yuxuya təslim olur, gecənin yorğunluğu çiyinlərə çökməyə başlayırdı.
Elgiz əminin zarafatla söylədiyi “Dəli Dilbər kimi edərəm” sözləri indi artıq hamı üçün tamamilə aydın idi. O sözlərin arxasında illərin ağrısı, acısı və bir qadının taleyində gizlənmiş bir ömür yatırdı.
Ay səmada yavaş-yavaş buludların arasından boylanırdı. Ulduzlar bir-bir göz qırpır, sanki Dilbərin taleyini dinləyirmiş kimi səssizcə baxırdı yerə. Hava yay axşamına xas sərinliklə dolmuşdu. Közdə bişmiş qarğıdalının iyi hələ də havada qalırdı, amma onu artıq kimsə yemirdi. Hər kəsin qarnı tox, amma qəlbi kövrək idi.
Elgiz əmi süfrənin başında əyləşib, dizlərinə dirədiyi əlləri arasında başını aşağı salmışdı. Baxışları uzaqlarda, amma qəlbi çox yaxında – o illərdə, o qadının yanında idi. Onun nənəsindan eşitdiyi bu əhvalat sanki bu gecə yenidən yaşanmışdı.
“Ədəbiyyat və incəsənət”
(28.08.2025)