BİRİ İKİSİNDƏ Kamil Şahverdinin dərgidə kitabı ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Dərgidə kitab: Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” tədqiqatı təqdim ediləcək.

 

 

DƏRGİDƏ KİTAB

 

Kamil ŞAHVERDI

                    

BİR DAHA HİMNİMİZ HAQQINDA  - I YAZI 

 

"Azərbaycan Respublikasının Dövlət Himni haqqında Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin.

27 may 1992-ci il.

Bakı şəhəri."

Görkəmli bəstəkar, dramaturq, publisist, içtimai xadim Üzeyir bəy Hacıbəyli "Azərbaycan marşı"nı 1919-cu ildə yazmış və Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) Dövlət Himni üçün elan olunmuş müsabiqəyə təqdim etmişdir. Dövlət Himni üçün elan olunmuş müsabiqəyə əsərlər 1920-ci il mayın 1-nə qədər təqdim edilməli, mayın 28-də isə müstəqilliyin ikinci ildönümü münasibəti ilə parlamentdə seçim edilməli və ən yaxşı əsər Dövlət Himni kimi qəbul edilməli idi. 1920-ci il aprelin 28-də rus-bolşevik işğalı nəticəsində AXC süquta uğradı. Bu səbəbdən də Dövlət Himni üçün elan olunmuş müsabiqəyə yekun vurulmadı. 

Yetmiş iki il sonra, 1992-ci ildə Üzeyir bəyin bu möhtəşəm əsəri –  "Azərbaycan marşı" müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olundu. Millətimiz, xalqımız bütün qadağalara baxmayaraq, "Azərbaycan marşı"nı qəlbində, qan yaddaşında yaşatdı. Mühacir həyatı yaşamağa məhkum edilən Cümhuriyyətçilər "Azərbaycan marşı"nı unudulmaq, itib-batmq təhlükəsindən xilas etdilər. 

1989-cu ildə böyük bəstəkarımız, musiqi mədəniyyətimizin bilicisi və daşıyıcısı, professor Aydın K. Azim "Azərbaycan marşı"nı bərpa edərək yeni redaktədə xalqımıza qaytardı. Hörmətli Aydın müəllimin redaktəsində himnimiz ilk dəfə 1989-cu il noyabrın 17-də, Dirçəliş Gününün ildönümündə Azadlıq meydanında təşkil olunmuş mitinqdə səsləndirildi. Yüz minlərlə insan "Azərbaycan marşı"nı fərəh, qürur hissindən axan göz yaşları ilə dinlədi. 

Bu, qan yaddaşımızın günümüzə qədər qoruduğu genetik kodun təntənəli ifadəsi idi. "Azərbaycan marşı" varlığımıza, ruhumuza, qanımıza hopdu. Meydanda ilk dəfə səslənəndən sonra ölkəmizin hər guşəsində "Azərbaycan marşı" oxunmağa başlandı. Bütün məktəblərdə, təşkilatlarda, hər bir kütləvi tədbirdə, yığıncaqda Üzeyir bəyin bizə yadıgar qoyduğu bu gözəl əsər böyük sevgi ilə, coşqu və qürur ilə ifa olunurdu. Sevimli bəstəkarımız Aydın K. Azim "Azərbaycan marşı" nı yüksək peşəkarlıqla, böyük ustalıqla, Üzeyir bəyə dərin ehtiramla, millətə, xalqa sonsuz məhəbbətlə redaktə edərək orkestr və xor üçün işləmişdi. İlk dinləmədən əsərin sehrinə düşməmək mümkün deyildi. Sanki yetmiş il millətimiz, xalqımız bu möhtəşəm əsərin həsrətini çəkirmiş.

         Uşaqdan-böyüyə hamıda fəxarət, qürur hissi yaradaraq, əbədi olaraq ruhumuza, canımıza, qəlbimizə hopdu "Azərbaycan marşı". Xalqımızın sevgi, həsrət, məhəbbətlə qarşıladığı "Azərbaycan marşı"nın 17 noyabr 1989-cu il Azadlıq meydanından 27 may 1992-ci il Milli Məclisə qədər gedən yolu isə heç də hamar olmadı. Sonsuz ümumxalq sevgisinə baxmayaraq, "Azərbaycan marşı"nın Dövlət Himni kimi qəbul olunmasının əleyhinə olanlar da var idi. Mən bu proseslərin içində olan adam kimi şahidi olduğum, himnlə bağlı baş verən hadisələrin iştirakçısı kimi gördüklərimi, bildiklərimi, nəhayət ki, 35 ildən sonra ilk dəfə olaraq paylaşmağı qərara aldım. 

1992-ci ildə çətinliklərə, maneələrə baxmayaraq, Milli Məclisdə "Azərbaycan marşı" Dövlət Himni kimi təsdiq olunandan sonra bunu arzu edənlər kimi, mən də düşünürdüm ki, nəhayət, istəyimiz, uğrunda mübarizə apardığımız haqq işi məntiqi sonluğa yetişdi.

         Dövlətimizin qanunverici orqanı "Azərbaycan marşı"nı Dövlət Himni kimi rəsmiləşdirdi. Məsələyə nöqtə qoyuldu. Amma təəssüflər olsun ki, bu, son deyilmiş. Müqəddəs himnimizə zaman-zaman həmlələr gəldi və gəlməkdə davam edir. Bəziləri parlament kürsüsündən, qəzet, jurnal səhifələrindən, radio, televiziya efirlərindən himnlə bağlı yerli-yersiz fikir bildirməklə gündəm yaratmaq iddiasına düşürlər... Bu səbəbdən "Azərbaycan marşı"nın yazıldığı vaxtdan 27 may 1992-ci il Milli Məclisdə müzakirələrə qədər keçdiyi tarixi yol haqqında bildiklərimi, topladığım məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Yazdığım hadisələrin əksəriyyəti haqqında ilk dəfə məlumat alacaqsınız.

 

Dövlət Himni vətəndaşlarda fəxarət və ölkəsinin tarixinə hörmət hissi yaradan, milli dəyərləri və adət-ənənələri, xalqın mübarizə tarixini əks etdirən, vətənpərvərlik ruhunda olan təntənəli. musiqili kompozisiyadır. Dövlət Himni ali dövlət orqanı tərəfindən rəsmi təsdiq edilmiş bayraq və gerb kimi dövlət simvollarından biridir. 

Himn sözü latın və qədim yunan dillərindən alınmış hymnus sözündən yaranmışdır (Maks Fasmer. "Rus dilinin etimoloji lüğəti" (Rusdisches etymologisches wörterbuch). Alman dilindən ruscaya tərcümənin müəllifi N.Trubaçov). İlkin olaraq tanrıları, sonralar hansısa qəhrəmanı, qəhrəmanlığı, vacib bir hadisəni tərənnüm edən mahnıdır (F.Brokhauz və İ. Yefronun ensiklopedik lüğəti. Himn haqqında məqalənin müəllifi N. Solovyov). 

Himn sözü aydın etimologiyaya malik deyil. Antik dövr alimləri onu toxumaq feli ilə əlaqələndirirlər. Himn "toxunmuş mahnı" kimi anlaşılır. O dövrdə sözlərin tələffüzünü metaforik anlamda toxuma kimi, sözləri bir-birinə birləşdirərək nitq toxuma kimi anlayırdılar. 

Məşhur fransız linqvist-ellinisti, qədim yunan dilinin etimoloji lüğətinin, Homer qrammatikasının və başqa sanballı əsərlərin müəllifi Pyer Şantren bildirir ki, yunan dilində himn sözünün etimologiyasını izah etmək üçün kifayət qədər fakt yoxdur. Ona görə də o hesab edir ki, himn sözü yunanlara qədərki dövrə və ya qeyri-yunan mənşəyinə aiddir. 

Fikrini sübut etmək üçüm görkəmli alim bu nümunələri misal gətirir: yunan mənşəli olmayan difiramb, elegiya sözləri də müxtəlif mətnlərin ritmik tələffüzü olmuş, sonradan mahnıya çevrilmişlər…

Qədim dövrdə yaranmış bədii söz-himn sonrakı dövrlərdə ədəbi əsərlərin yaranmasına güclü təkan vermişdir. Hind poeziyasında tanrılara həsr olunmuş himnlər bədii sözün qədim abidəsi olmaqla yanaşı, hind ədəbiyyatının orta əsrlər dövrünün sanskrit dilində də böyük yer tutur. Aralıq dənizi ətrafı mədəniyyət nümunələrində də himnlər qədim ədəbiyyatın vacib hissəsi sayılır. Misir və Babil himnləri (tanrıları vəsf edən himnlər) emosional yüksəkliyi və aydın obrazlılığı ilə seçilir. Mövzu və stilistik baxımdan qədim yəhudi himnləri-Yaxveni (Yəhudi tanrısı) tərənnüm edən himnlər Babil himnlərinə çox yaxındır. 

Çin himnləri özünəməxsus formaya malikdir. Bu himnlərdə göylərə müraciət, əcdadların vəsfi əsas yeri tutur. Çin poeziyasında buna oda deyilir. (Böyük və kiçik oda) Forma və mahiyyət etibarı ilə oda himnə çox yaxındır. Odalarda qədim dinastiyaların qurucularının qəhrəmanlığı təsvir olunur. Bəzi odalar-himnlər döyüş mahnıları kimi də istifadə edilirdi. Yunan və Roma poeziyasında himn janrı kult kimi meydana gəlmişdi. Burada tanrılarla yanaşı, içtimai xadimlərə, bayramlara da himnlər həsr edilirdi (Homer himnləri). 

Yaxın və Orta Şərq poeziyasında mahiyyət və forma etibarı ilə himn sayılan qəsidə janrı geniş yayılıb. XI-XII əsrlərdən başlayaraq sufi şairləri öz yaradıcılıqlarında qəsidə janrına xüsusi yer ayırıblar.

         Klassik Azərbaycan poeziyasında da qəsidə janrı şairlərimizin tez-tez müraciət etdiyi janrdır. Bu janrda kifayət qədər dəyərli nümunələr mövcuddur. 

Antik dövrlərdən bəri insan təfəkkürünün mifik obrazlarla hisslərinin, emosiyalarının, inam və etiqadlarının göstəricisi kimi yaratdığı bədii nümunələr hər zaman mövcud olmuşdur. Himn bəşər tarixində insanın yaratdığı ən qədim bədii ifadə formalarından biridir. Zaman keçdikcə, qərinələr ötdükcə himnlər öz mahiyyətini itirmədən poetik ifadədən poetik-melodik incəsənət formasına keçmişdir. Himnlər, odalar, qəsidələr, əsasən, təntənəli, tərif, vəsf formasında yaradılırdı. Dini cərəyanlarda da himnlərdən geniş istifafə olunmuş və tədricən himn janr olaraq dini ayinlərin ayrılmaz hissəsinə çevrilmişdir. Orta əsrlərdə monarxların və monarxiyaların şərəfinə himnlər yaranır. Artıq bu təntənəli mahnılardan dövlət atributu kimi istifafə olunmağa başlanır. 

Ən qədim milli himn Yapon himni (Kimi Ga Yo) sayılır. Onun mətni Xeyan dövrünün (794-1185) şeirlər toplusundan götürülüb. Xeyan dövrü Yaponiyada sülh və əmin-amanlıq dövrü sayılır. Bu himnə musiqi isə 1880-ci ildə yazılıb.

Avropa ölkələri arasında ilk himn Niderland himni "Het Wilhelmus” hesab olunur. Onun sözləri 1568-1572-ci illər arasında Niderland inqilabı zamanı qələmə alınıb. İndiki melodiyası isə 1626-cı ildə yazılıb. Marş stilində yazılan bu əsər XVII əsrdə xalq arasında çox populyar olub. 1932-ci ildə "Het Wilhelmus” marşı Niderlandın dövlət himni kimi təsdiqlənib.

Ən məşhur himnlərdən biri Böyük Britaniya himnidir. İlk dəfə "İlahi, bizim Kralı qoru" ("God, save our Lord the King") 1619-cu ildə ifa olunub. Bu himn kütləvi və təntənəli tədbirlərdə, monarxın iştirak etdiyi mərasimlərdə səslənir. "God, save our Lord the King" Böyük Britaniyanın rəsmi dövlət himni kimi təsdiq olunmasa da, hər yerdə və hər zaman ifa olunmaqla qeyri-rəsmi himn statusuna malikdir. 

"God, save our Lord the King" əsərinin musiqisi Böyük Britaniyadan başqa 20 ölkədə də himn kimi ifa olunub. Bu ölkələrdə eyni musiqiyə öz dillərində söz yazlb ifa ediblər. Rusiya imperiyasında "Rusların duası", ABŞ-də "My country", Almaniya imperiyasında "Hell dir im Siegerkanz", İsveçrədə "Rufst du mein Vaterland" və b. misal çəkə bilərik. Sonralar bu ölkələrin hər birinin öz himni yazıldı və təsdiq olundu. Lixşteynin himni "Oben am jungen Rhein" bu günə qədər də Böyük Britaniya himninin musiqisində ifa olunur.

Fransa dövlət himni "Marseillaise" ("Marselyoza") maraqlı tarixə malikdir. 1792-ci ildə Klod Josef Ruje de Lil tərəfindən sözləri və musiqisi yazılan Marselyoza 1795-ci ildə Fransanın rəsmi dövlət himni kimi qəbul olunub. 

Dövlət himni kimi rəsmi qəbul edilən ilk himnlərdən biri də İspaniya himnidir. 1761-ci ildə yazılan "Marcha Real" ("Kral marşı") 1770-ci ildə rəsmi dövlət himni kimi qəbul edilib. "Marcha Real" himninin müəllifi məlum deyil.

 

Birinci Dünya müharibəsinə qədər dünyada 59 dövlət mövcud idi. Müharibədən sonra dörd imperiyanın, Avstriya-Macar, Osmanlı, Almaniya və Rusiya imperiyalarının dağılması nəticəsində dünyanın siyasi xəritəsi dəyişdi. Yeni müstəqil milli dövlətlər yarandı. Müstəqilliyini elan edən dövlətlər həm də dövlət atributlarını, bayraq, gerb və himnlərini təsdiq etdilər. Müxtəlif dövlətlərin dövlət himnləri ilə bağlı bəzi maraqlı məlumatları da oxucuların diqqətinə çatdırmaq istəyirəm. 

Dövlət himni dövlət dilində ifa olunur. Lakin elə dövlətlər var ki, onun ərazisində bir neçə dövlət dili mövcuddur. İsveçrə konfederasiyasının himninin (Swiss Psalm) dörd rəsmi dövlət dilində (fransız, alman, italiyan və romanş) mətni var. 

Belçika Dövlət himni (La Brabançonne / De Brabançonne / Das Lied von Brabant) üç dildə, birinci beyt (strofa) niderland dilində, ikinci beyt fransız dilində, üçüncü beyt alman dilində ifa olunur. Nəqarat isə hər üç dildə, hərəsi bir sətir olmaqla ifa olunur.

Dünya ölkələrinin dövlət himnləri musiqi ladı baxımından da müxtəlifdir. Bir çox ölkələrin himnləri major ladında yazılsa da, minor ladında yazılmış himnlər də kifayət qədərdir. Belə ki, Azərbaycan (Azərbaycan marşı), Türkiyə (İstiklal marşı), Ukrayna (Şe ne vmerla Ukraina), Bolqarıstan (Mila rodino), İsrail ( Xa-tikva), Rumıniya (Deşteapta-te, romane!), Qazaxstan (Menin Kazakstanım), Kataloniya (Els Seqadors), Mərakeş (Çerifan himni), Keniya (Ee Mungu Nguvu Yetu), Slovakiya (Nad Tatrou sa blyska), İraq (Mavtini), Nepal (Sayaun Thunga Phool Ka) və b. ölkələrin dövlət himnləri minor ladında yazılıb.

Dövlət himninin səslənməsi qaydaları bütün ölkələrdə, əsasən, eyni olsa da, bəzi ölkələrdə fərqlər də mövcuddur. Adətən, rəsmi dövlət tədbirlərində, milli bayramlarda, hərbi paradlarda, festivallarda, idman tədbirlərində və s. himn səsləndirilir. Xarici ölkə başçılarının dövlət səfərləri zamanı qsrşılanma mərasimində himnin səslənməsi dövlətlərarası diplomatik protokolla müəyyən olunmuşdur. Olimpiya oyunları zamanı qızıl medal qazanmış idmançının şərəfinə təmsil etdiyi dövlətin himni səsləndirilir. İdman oyunları zamanı dövlət himninin səslənməsi ilk dəfə 1905-ci ildə reqbi üzrə Uels və Yeni Zellandiya yığma komandalarının görüşü zamanı baş vermişdir. Görüşdən əvvəl Yeni Zellandiya komandası "Haka Maori" döyüş rəqsini ifa edir. Buna cavab olaraq Uels komandası ölkələrinin himnini (Hen Wlad Fy Nhadau) oxuyur. Həmin vaxtdan da beynəlxalq idman yarışları zamanı iştirakçı ölkələrin dövlət himni səsləndirir. 

Bəzi ölkələrdə dövlət başçısı teatra və ya kinoya tamaşa etməyə gələrsə, tamaşadan və ya filmdən əvvəl dövlət himni səsləndirilir. Bir çox ölkələrdə məktəblərdə hər gün dərslər başlamazdan əvvəl şagirdlər dövlət himnini ifa edirlər. Bir sıra ölkələrdə dövlət televiziya və radio kanalları səhər yayıma başlamazdan əvvəl və gecə verilişlər bitəndə himn səsləndirilir. 

Əksər ölkələrdə dövlət bayrağı himnin müşayiəti ilə qaldırılır. Bir sıra ölkələrdə həlak olmuş hərbçi və polislər himnin sədaları ilə dəfn olunur.

Hər bir ölkədə dövlət himni səslənərkən insanlar ayağa qalxır və hamılıqla ifaya qoşulurlar. 

Göründüyü kimi, bütün ölkələrdə dövlət himni müstəqilliyin, suverenliyin, mübarizənin, şərəfli tarixin, milli dəyərlərin, Vətənə, dövlətə sevginin rəmzi olaraq, bayraq və gerb ilə yanaşı, hörmət və ehtiramla qarşılanır. Hər bir xalq, millət bayrağı ilə, himni ilə fəxr edir. Qeyd olunan faktlardan göründüyü kimi, bəzi olkələr hələ orta əsrlərdə yaranmış himnlərinə şərəfli tarixin əzəməti kimi ehtiramla yanaşırlar. Himnlər – müəllifi belə bəlli olmasa da – millətin, xalqın qəhrəmanliq, birlik simvolu kimi əsrlərlə qorunur və yaşadılır.

 

Üzeyir bəy Hacıbəylinin "Azərbaycan marşı" 1980-ci illərdə vətənə necə gəldi çıxdı? Kimlərin sayəsində bu baş verdi? Kim bu müqəddəs əsəri yenidən xalqımıza bəxş etdi? Kimlər bunun əleyhinə idilər və niyə bu mövqedə duraraq mübarizə aparırdılar? Yaranmış kəskin müzakirələrin səbəbi nə idi? "Azərbaycan marşı" 1992-ci il mayın 27-də Milli Məclisdə müzakirəyə çıxarılana və Dövlət Himni kimi təsdiq olunana qədər nələrdən keçdi? Bütün bu suallara ilk dəfə olaraq bir çox müzakirələrin şahidi, hadisələrin iştirakçısı kimi bildiklərimi, gördüklərimi yazmağı qərara aldım. 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bütün hadisələr yaddaşıma əbədi həkk olunub. Bu hadisələri, gördüklərimi, bildiklərimi sistemləşdirib diqqətinizə təqdim edirəm.

İlk dəfə Üzeyr bəyin iki naməlum marşı haqqında Azərbaycan televiziyasında, "Dalğa" verilişində məlumat eşitdim. "Dalğa" çox populyar və sevilən proqram idi. Hər buraxılışını həvəslə gözləyərdik. Proqramı rəhmətlik Osman Mirzəyev və İlqar Əlfioğlu növbəli şəkildə aparırdılar. 1988-ci ilin mart-aprel aylarında "Dalğa" verilişinin növbəti buraxılışında Osman Mirzəyevin qonaqları ədəbiyyatşünas Rəfiq Zəka Xəndan və görkəmli bəstəkar Cahangir Cahangirov idi. Rəfiq Zəka Türkiyədən yeni qayıtmışdı. Ezamiyyətdə olduğu müddətdə Türkiyədə maraqlı bir kitab əldə etdiyini bildirdi. Bu kitabda Üzeyir bəyin iki marşı çap olunmuşdu. Həmin əsərlər haqqında həmin vaxta qədər heç bir məlumat yox idi. Böyük bəstəkarımız Cahangir Cahangirov həmin marşları pianoda ifa etdi və çox sevinclə, həyəcanla onlar haqqında danışdılar.

          Cahangir Cahangirov bu əsərləri marş kimi təqdim etdi. Növbəti gün musiqi içtimaiyyətində hamı Üzeyir bəyin yeni tapılmış əsərlərindən danışır və müzakirə edirdi. Beləliklə, ilk dəfə "Milli marş" və "Azərbaycan marşı" haqqında "Dalğa" verilişində məlumat verildi.

1988-ci il noyabrın 17-də Azərbaycan Xalq Hərəkatı başlanan gün ölkəmizdə Dirçəliş Günü kimi qeyd olunur. Bir aya yaxın müddətdə yüz minlərlə vətəndaşımız xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün günlərlə Azadlıq meydanında fasiləsiz mitinqlər keçirdi. Həmin mitinqlər zamanı Amerikanın "Azadlıq" radiosunun Azərbaycan dilində proqramı səsgücləndiricilər vasitəsilə meydana yayımlanırdı. "Azadlıq" radiodunun aparıcısı, o dövrdə hamının sevimlisi olan Mirzə Xəzər bir necə dəfə "Azərbaycan marşı"nı efirdə səsləndirdi. Mirzə Xəzər Üzeyir bəyin əsərini elan etmirdi. "Azərbaycan marşı" tək alətdə, elektropianonun ilkin mini variantı olan bir alətdə ( o zaman buna ionika deyirlirdi) ifa olunurdu. Musiqi fonda səslənirdi. Yəni fonda səslənən musiqi ilə yanaşı, aparıcı müxtəlif mövzulardan danışırdı. Bu səbəbdən də əsərin möhtəşəmliyini hiss etmək çətin idi. Bu "Azərbaycan marşı" ilə ikinci tanışlığımız idi.

         Mitinq günləri zamanı istedadlı bəstəkar, Üzeyir Hacıbəyli ev-muzeyinin elmi əməkdaşı, dostumuz Sərdar Fərəcov məlumat verdi ki, Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı iki marşını tapmışıq. "Milli marşı" və "Azərbaycan marşı". İstedadlı bəstəkar, Üzeyir Hacıbəyli irsinin yorulmaz araşdırıcısı Sərdar Fərəcov marşları mətbuatda çap etdirməyi planlaşdırırdı. Əfsuslar olsun ki, heç bir mətbu orqanı o dövrdə bu işə qol qoymaq istəmirdi. Biz bu xəbərdən çox pərişan olmuşduq. Anlaya bilmirdik ki, Üzeyir bəyin məlum olmayan əsərləri tapılıb, niyə mətbuat bu qədər biganə yanaşır buna. Əslində, burada qeyri-adi heç nə yoxdur. Çünki o dövrdə bütün mətbuat, çap olunan bütün materiallar ciddi senzuradan keçirdi. Qəzet və jurnallarda çap olunacaq yazıların son variantı "Kommunist" nəşriyyatında "Qlavlit" şöbəsinə aparılardı. "Qlavlit"də bütün materiallar mikroskopla yoxlanılardı və hər səhifəyə imza atılar, möhür vurulardı. Bu möhür olmadan nəşriyyatın çap sexi heç nə çap edə bilməzdi.

         Nəhayət, çətinliklə də olsa, Sərdar Fərəcov "Ədəbiyyat və incəsənət" qəzetindən razılıq alır və 1988-ci ilin dekabr ayında marşları redaksiyaya təqdim edir. Hamımız Üzeyir bəyin məlum olmayan əsərlərinin çap olunacağı günü səbrsizliklə gözləyirdik. Hər həftə "Ədəbiyyat və incəsənət" qəzetini (qəzet həftədə bir dəfə, cümə günü çıxırdı) köşklərdən alıb yoxlayardıq. Yazının çıxmadığını görüb pərişan olardıq.

Sərdar Fərəcov isə növbəti gün redaksiyaya gedər, yazının nə vaxt çıxacağı ilə maraqlananda ona deyərdilər ki, materialımız çox idi, çap edə bilmədik, yəqin, gələn nömrədə çıxar. Beləliklə, düz yeddi ay həmin yazı "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında çapını gözləməli oldu. 1989-cu il iyul ayının 14-də yazının qəzetdə çap olunması hamımız üçün tarixi bir hadisəyə çevrildi. Üzeyir bəyin AXC dövründə yazdığı, 70 il ciddi cəhdlə xalqdan gizlədilən "Milli marş"ı və "Azərbaycan marşı" vətəndə ilk fəfə işıq üzü gördü, qəzetdə çap olundu. Bu, marşların mühacirətdən vətənə qayıdışı idi. Millət üçün, xalq üçün yazılan əsərlər millətə, xalqa qaytarıldı. Çox böyük tarixi hadisə idi. Hər şey bundan sonra başladı. 

Sərdar Fərəcovun "Ədəbiyyat və incəsənət" qəzetindəki məqaləsindən (marşları çap etdirməsi) "Azərbaycan marşı" Milli Məclisin müzakirəsinə qədər maraqlı, gərgin mücadilə ilə zəngin bir yol keçdi. Nəticədə tarixi ədalət bərpa olundu. 1920-ci ildə bolşevik işğalı nəticəsində təsdiqini tapa bilməyən "Azərbaycan marşı" 72 il sonra Azərbaycan Respublikasının Dövlət Himni statusunu qazandı. 

Böyük bəstəkar Aydın K. Azim "Ədəbiyyat və incəsənət" qəzetininin 14 iyul 1989-cu il tarixli sayında çap olunmuş marşları analiz edərək onların üzərində işləməyə başlayır. O dövrdə Aydın müəllimlə biz tez-tez görüşərdik. Günlərin birində Aydın müəllim qəzetdə çap olunan marşları dərindən öyrəndiyini bildirdi və qətiiyyətlə bildirdi ki, Üzeyir bəy "Azərbaycan marşı"nı AXC himni kimi yazıb. Buna qədər bu əsərlər, sadəcə, Üzeyir bəyin məlum olmayan marşları kimi təqdim olunurdu. İlk dəfə "Azərbaycan marşı"nın AXC himni olması fikrini Aydın K. Azim irəli sürdü. Ustad sənətkar fikrində çox qəti idi. Yorulmadan bu fikri hər kəsə izah edir və böyük peşəkarlıqla fikrini sübut edirdi. O bildirirdi ki, "Azərbaycan marşı" forma, quruluş, ideya, məzmun baxımından bizim bildiyimiz marş janrına aid deyil. Bu, ALQIŞDIR. Bu, tamamilə başqa janrdır. Bunun kökü çox dərinliklərə gedir. Üzeyir bəy bunu AXC himni kimi yazıb. Bu fikri Aydın müəllim inadkarkıqla hər kəsə isbat edirdi. Çoxları onunla razılaşmırdı, mübahisə edirdi və bu əsərin, sadəcə, marş olduğunu söyləyirdi.

         Artıq mübahisələr yaranmışdı. Bu mübahisələr haqqında daha sonra ətraflı məlumat verməyə çalışacağam. İndi isə Aydın A. Azimin ilk gündən "Azərbaycan marşı"nı himn kimi qəbul etməsi və bunun üzərində ciddi işə başlaması prosesinə diqqət yetirək.

Aydın K. Azimin xatirələrindən:

"Mən ilk dəfə Üzeyir bəyin "Azərbaycan marşı"nı 1970-ci ildə "Azadlıq" radiosunda Mirzə Xəzərin proqramından eşitmişəm. Bir alətdə ifa olunurdu. Mənə çox maraqlı gəldi. Radioda eşitdikdən sonra evdə pianoda bu marşın melodiyasını çalıb onu müxtəlif harmonik akkordlarla yoxlayırdım. Rəhmətlik atam melodiyanı eşidəndə qəribə hisslər keçirdi. Atam məndən bunun nə olduğunu soruşdu. Mən də cavab verdim ki, "Azadlıq" radiosunda Mirzə Xəzərin proqramında eşitmişəm. Atam onda mənə söylədi ki, biz məktəbdə oxuyanda hər gün dərsdən qabaq bu havanı ifa edirdik. Atam 1904-cü ildə anadan olub.

         1918-1920-ci illərdə atamın 14-16 yaşı olub və məktəbdə oxuyub. Mən onda hələ bu əsərlə tanış deyildim. Təxmini fərz edirdim ki, Üzeyir bəyin ola bilər. Çünki onun musiqi dilinə çox yaxın idi. Bunun marş, ya himn olması haqqında heç bir məlumatım yox idi. Atamın dedikləri isə yaddaşıma yazıldı.

Sonralar, 1989-cu ilin yayında "Ədəbiyyat və incəsənət" qəzetində bəstəkar həmkarım Sərdar Fərəcovun ""Milli marşı" və "Azərbaycan marşı"" məqaləsi qarşıma çıxdı. Diqqətimi çəkdi və mən Üzeyir bəyin məlum olmayan əsərləri ilə yaxından tanış olarkən atamın təxminən 15-16 il əvvəl dedikləri yadıma düşdü. Mən bu əsərlər üzərində çiddi şəkildə işləməyi qərara aldım. Mənə tam aydın oldu ki, strukturuna, yazılma tərzinə, emosionallığına, əhvalına, ümumiyyətlə, bütün parametrlərinə görə, Üzeyir bəy "Azərbaycan marşı"nı himn kimi yazıb. Mən də "Azərbaycan marşı" üzərində işləməyə başladım.

"Azərbaycan marşı" nı himn kimi bərpa edərək yeni redaktədə orkestr və xor üçün işləmək istəyimi, artıq işə başladığımı yaxın dostum Vaqif Səmədoğluna bildirdim. Vaqiflə bu barədə uzun-uzadı fikir mübadiləsi aparırdıq. O, musiqiçi olduğuna görə məni yaxşı başa düşürdü. Gətirdiyim dəlillərlə razılaşırdı. 

Vaqif "Azərbaycan marşı"nın himn kimi yazılmasına əmin olmaq istəyirdi. Mən də buna nail oldum və onu əmin etdim ki, "Azərbaycan marşı"nın himn olmasına heç bir şübhəm yoxdur və buna bəstəkar kimi qəti əminəm. Biz Vaqiflə tez-tez görüşürdük. O hər dəfə "Azərbaycan marşı" üzərində işimlə maraqlanırdı. Hiss edirdim ki, bu məsələ onu dərindən düşündürür.

1989-cu ilin payız ayları idi. Bir gün Yusif Səmədoğlu mənə zəng elədi. Hal-əhval tutduqdan sonra Yusif dedi: "Aydın, Vaqif mənə deyib ki, sən Üzeyir bəyin əsəri üzərində çalışırsan. İşlər necə gedir?". Mən Yusifə ətraflı məlumat verdim. O da qardaşı Vaqif kimi məndən bu marşların hansı himn kimi nəzərdə tutulduğu haqqında soruşdu. Mən əminliklə bildirdim və əsaslandırdım ki, Üzeyir bəy məhz "Azərbsycan marşı"nı AXC himni kimi qələmə alıb. Yusif izahımı müsbət qarşıladı. Mənə uğurlar arzuladı və sağollaşdıq. Bir neçə gündən sonra Yusiflə bir də danışdıq. Mən Vaqifgildə idim. Telefon zəng çaldı. Vaqif dəstəyi götürdü və sonra məni çağıraraq bildirdi ki, Yusif səninlə danışmaq istəyir. Yusiflə salamlaşdıq, hal-əhval tutduq və Yusif mənimlə görüşmək istədiyini bildirdi. 

Təyin olunmuş vaxtda görüş yerinə gəldim. Yusif Səmədoğlu məni maşına dəvət etdi. Mən maşına əyləşdim, görüşdük, hal-əhval tutduq və Yusif Səmədoğlu çibindən bir zərf çıxarıb mənə uzadaraq dedi: 

"Aydın, bu Üzeyir bəyin və Əhməd Cavadın himn üçün yazdığı musiqi və mətndir. Nə vaxt işi yekunlaşdıra bilərsən?

Mən bir neçə ay vaxt istədim. Yusif Səmədoğlu isə 2 həftəyə, yəni noyabrın 15-nə qədər bütün işləri yekunlaşdırmaq lazım olduğunu bildirdi. Xahiş etdi ki, noyabrın 15-də əsərin lent yazısını ona təqdim edim. 

Yusif Səmədoğlu həm də bu haqda heç kimə bir söz deməməyimi tapşırdı. 

Təyin olunan müddət çox az idi. Əsərin redaktə, bərpa işlərini yekunlaşdırmışdım. Amma bununla iş bitmir. Onu aranjiman etmək, orkestr və xor üçün işləmək, orkestrlə, xor ilə əsəri məşq edib öyrənmək, daha sonra lentə almaq belə qısa vaxtda çox çətin olsa da, söz verdiyim üçün gecə-gündüz çalışmalı oldum.

         Qısa bir vaxtdan sonra əsər üzərində işi yekunlaşdırdım, O dövrdə mən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin bədii kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru idim. Komitədə Niyazi adına simfonik orkestr, Xalq çalğı alətləri orkestri, Estrada simfonik orkestri, Xor kollektivi, Ə. Bakıxanov adına Xalq çalğı alətləri ansamblı, "Xatirə" ansamblı, "Bənövşə" uşaq xoru və b. kollektivlər fəaliyyət göstərirdi. Bütün bu kollektivlərə ümumi rəhbərlik etdiyimə görə tez bir zamanda belə bir işin öhdəsindən gələ biləcəyimə əmin idim. Əsərin partiturasını və alətlər üçün notları simfonik orkestrinin dirijoru Əli Cavanşirə verdim və orkestrlə məşqlərə başlamağı xahiş etdim. Eyni zamanda Teleradio Komitəsinin xor kapellasının bədii rəhbəri bəstəkar Ramiz Mustafayevlə də danışdım, xor partiyasının notlarını ona verdim və hazırlaşmaqlarını xahiş etdim. Hamı böyük həvəslə məşqlərə başladı.

         Bir neçə gündən sonra həm orkestr, həm də xor əsəri ifa edərək lentə yazdırmaq üçün tam hazır idi. İndiki Şəhriyar adına Mədəniyyət evində himni ilk dəfə ifa edib lentə aldıq. (O vaxtlar bura Dzerjinski adına klub idi. Qafqazda səs, musiqi yazmaq üçün ən yaxşı məkan sayılırdı. SSRi vaxtlarında məşhur "Melodiya" firması buraxdığı valların böyük əksəriyyətini burda lentə alırdı-K. Ş.) Yaxın dostum və unudulmaz bəstəkarımız Adil Bəbirovu səs rejissoru kimi dəvət etdim. Sevimli bəstəkar Adil Bəbirov bu işin ən böyük ustası idi. Mən özüm də uzun illər ali dərəcəli səs rejissoru kimi işləmişım. Amma öz əsərim olduğuna görə subyektivlik olmasın deyə Adil Bəbirovu dəvət etdim. Adil böyük bəstəkar və yüksək peşəkar idi. Vaqif Səmədoğlu da bu prosesdə bizimlə birlikdə iştirak edirdi.

Əsəri ifa edib lentə aldıq. Hamı çox böyük həvəslə çalışırdı. Mən bu işdə iştirak edən hər kəsin necə qürur duyduğunu heç vaxt unutmaram. Musiqiçilərin, xor ifaçılarının gözlərində qəribə parıltı, işıq var idi. 

Himnin mətnində belə bir misra var:

"Sənə hər dəm can qurban"

Mən "dəm" sözünü "an" sözü ilə əvəz etdim.

         Xor oxuyanda "hər dəm" "hərdən" kimi anlaşıla bilərdi deyə, bu dəyişikliyi etdim. Nəhayət, bütün işləri yekunlaşdırdıq.

         Lent yazısını Yusif Səmədoğluna təqdim edəndə bir neçə dəfə birlikdə dinlədik. Vaqif Səmədoğlu da bizimlə birlikdə idi. Hamımızın gözləri yaşarmışdı. Fərəh hissindən ruhumuz göylərdə uçurdu. Yusif də, Vaqif də məni qucaqlayıb təşəkkür etdilər.

1989-cu il noyabrın 17-də Dirçəliş Gününün ildönümü ilə əlaqədar Azadlıq meydanında mitinq keçirilirdi. Vaqif Səmədoğlu himni orda elan etdi və ilk dəfə səsləndirdi. On minlərlə insan Üzeyir bəyin bu əsərini böyük coşqu ilə dinlədi...

 

"Azərbaycan marşı" Azadlıq meydanında ilk dəfə səslənəndən sonra sürətlə bütün ölkəyə yayıldı. Dünyanın bir çox radiostansiyaları "Azərbaycan marşı"nı dönə-dönə səsləndirdi. Ölkədə elə bir tədbir, yığıncaq, toplantı yox idi ki, orada "Azərbaycan marşı" səslənməsin. Adamlar əsəri bir-birindən alıb kassetlərə köçürürdü. Xalqımız sanki 70 il idi, bu günü gözləyirdi. "Azərbaycan marşı" hər bir vətəndaşın ruhuna, qəlbinə sığındı. Əsir düşmüş "Azərbaycan marşı" azadlığa qovuşdu. Mühacir həyatına son qoyuldu. Xalqımız qürurla, fərəhlə, həyəcanla, ən doğma musiqi əsərini dinləməkdən doymurdu sanki.

"Azərbaycan marşı" hər bir azərbaycanlıya ana laylası kimi əziz və doğma idi. Qısa bir zamanda əsər millətin yaddaşına əbədi həkk olundu. Onu əzbərdən bilməyən adam tapmaq çətin idi. Birmənalı şəkildə ölkə əhalisinin əksər hissəsi Üzeyir bəyin "Azərbaycan marşı"nı himnimiz kimi qəbul edirdi. 

Hələ rəsmi status almazdan qabaq bu əsər hər yerdə fərəhlə səsləndirilirdi. Bütün bunlara baxmayaraq, bəziləri iddia edirdilər ki, Üzeyir bəy himn kimi "Azərbaycan marşı" nı deyil, "Milli marşı" qələmə alıb. Bir qism insanlar isə bu marşların heç birinin himn olmadığı qənaətini irəli sürürdü. Onlar bildirirdilər ki, himn kimi tamamilə başqa bir əsər yazılıb. Bu iddialar cəmiyyətə ötürülür, geniş mübahisələr və müzakirələr yaradırdı. Artıq bu mövzu ətrafında mübahisələr mətbuata da yol tapır. "Ədəbiyyat və incəsənət" qəzetinin 20 aprel 1990-cı il nömrəsində M. Ə. Rəsulzadənin "Böyük kompozitor Hacıbəyli Üzeyir" məqaləsini dərc etdirən Möhsün Əliyev məqaləyə yazdığı ön sözdə marşlar haqqında qeyd edir: "Azərbaycan milli marşı"nın sözləri Əhməd Cavada, "Azərbaycan marşı"nın sözləri isə Cəmo Cəbrayılbəyliyə aiddir. Bu marşlardan əlavə, Üzeyir bəy ADR-in Dövlət Himnini də bəstələmiş, onun da sözləri Əlabbas Müznibə məxsusdur". Bu fikrini Möhsün Əliyev başqa qəzetlərdə də dərc etdirir.

         Amma ADR-in Dövlət Himni kimi Üzeyir bəy tərəfindən yazılmış və sözləri Əlabbas Müznibə məxsus olan əsəri öz təsdiqini tapmadı. İki marşdan əlavə, həmin dövrdə Üzeyir bəyin ayrıca himn yazması bir müddət müzakirə olunsa da, qısa zamandan sonra informasiya məkanından çəkildi. Artıq mübahisələr "Milli marş" və ya "Azərbaycan marşı" ətrafında cərəyan edirdi. Möhsün Əliyev fədakar tarixçi idi. Hələ sovet dönəmində ADR dövrünü araşdıran tək-tük insanlardan idi. Lakin ADR Himni haqqında məlumatı hardan alması məlum deyil. Sovetlər dövründə ADR-ə aid bütün sənədlər qapalı arxivlərdə qorunurdu. Bu arxivlərdəki sənədlərlə tanış olmaq mümkün deyildi. Bu gün artıq tam dəqiqliyi ilə məlumdur ki, Üzeyir bəy "Milli marş" və Azərbaycan marşı"ndan başqa, ADR Himni kimi başqa əsər yazmayıb. Möhsün Əliyevin bu haqda yazıları ajiotaj yaratsa da, sübut, dəlil tapılmadı.

Mübahisələr indi də hər iki marşın sözlərinin kimə məxsus olması ətrafında cərəyan edir.

"Kommunist" qəzetinin 1991-ci il 20 yanvar nömrəsində bəstəkar Aydın K. Azimin (o vaxtlar Aydın Əzimov kimi qeyd olunurdu) himn haqqında geniş müsahibəsi dərc olundu. Bu müsahibədə sözlərin kimə məxsus olması haqqında suala Aydın K. Azim "hər iki marşın sözlərinin Əhməd Cavada məxsus olduğunu təxminən güman etmək olar" cavabını vermişdi. Əslində, Aydın müəllim öz işini böyük ustalıqla, yüksək peşəkarlıqla görmüşdü. "Azərbaycan marşı"nı xalqımıza qaytarmaqla tarixi hadisəyə imza atmışdı. Söz müəllifinin kimliyini araşdırmaq, müəyyən etmək ədəbiyyatçıların işi idi. 

Üzeyir Hacıbəyli ev-muzeyinin direktoru Ramazan Xəlilov hər iki marşın sözlərinin Üzeyir bəyə məxsus olduğunu deyirdi. Onu da dönə-dönə təkrar edirdi ki, Üzeyir bəy Cümhuriyyət himni kimi "Milli Marş"ı yazıb. Mən o dövrdə bir neçə dəfə özüm bunu Ramazan Xəlilovdan eşitmişdim. Hətta deyirdi ki, bu marşların əlyazmaları onda var və tezliklə onları çap etdirəcək. 

"Mədəniyyət" qəzetinin 7 mart 1991-ci il nömrəsində Üzeyir Hacıbəyli ev-muzeyinin elmi əməkdaşı, bəstəkar Sərdar Fərəcov "Milli marş"ın əlyazmasını çap etdirdi. Üzeyir bəyin əlyazması üzə çıxdı və sübut olundu ki, "Milli Marş"ın musiqisi və sözləri Üzeyir bəyin özünə aiddir. Həmin vaxtlar mən özüm də "Mədəniyyət" qəzetində çalışırdım. O günləri çox yaxşı xatırlayıram. Həmin məqaləni dostum Sərdar Fərəcov çap etdirmək üçün mənə təqdim etmişdi. Ramazan Xəlilovun xasiyyətinə bələd olduğumuz üçün düşünürdük ki, "Azərbaycan marşı"nın da əlyazması tezliklə üzə çıxar. Çünki Ramazan Xəlilov belə məlumatları "qram-qram" üzə çıxarırdı. 

         Amma əfsuslar olsun ki, bu baş vermədi. "Azərbaycan marşı"nın əlyazması tapılmadı. 

 

Azərbaycan müstəqilliyinə doğru addım-addım irəliləyirdi. 1990-cı il qanlı 20 Yanvar hadisələrindən sonra xalqımız sovet imperiyasından qoparaq müstəqilliyini elan edəcəyinə tam əmin idi. Artıq heç kimin buna şübhəsi yox idi. Hələ müstəqillik elan olunmamışdan əvvəl, 5 fevral 1991-ci ildə üçrəngli bayrağımız Dövlət bayrağı statusunu aldı. Azərbaycan Respublikası Ali Soveti bu haqda qərar qəbul etdi.

Dövlət himni və Dövlət gerbi haqqında da müzakirələr aparılırdı. Rəsmi qurumlar Azərbaycan sovet himninin musiqisinin saxlanması, sözlərinin dəyişdirilməsi istiqamətində çalışırdılar. Bu musiqinin də müəllifi Üzeyir bəy olması faktı onlarda əminlik yaratmışdı ki, təkliflərini keçirə biləcəklər. Cəmiyyətdə isə əsas üstünlük "Azərbaycan marşı"na verilirdi. Bu əsər artıq qeyri-rəsmi himn funksiyasını yerinə yetirirdi. "Azərbaycan marşı" xalqımızın ruhuna elə hopmuşdu ki, başqa bir əsərin himn kimi qəbul ediləcəyini təsəvvür etmək belə çətin idi. Bəziləri isə Üzeyir bəyin "Milli marş"ı himn kimi yazdığı fikrini irəli sürür və bunu sübut etməyə çalışırdılar. Tarixçi Möhsün Əliyev isə müxtəlif mətbu orqanlarında "Azərbaycan milli marşı" və "Azərbaycan Marşı"ndan başqa, Üzeyir bəyin Əlabbas Müznibin sözlərinə ADR himni üçün ayrıca himn yazdığını bildirirdi. Lakin bu faktın haradan qaynaqlandığını göstərmirdi. Ona görə də yazdıqları ciddi qəbul olunmurdu. Möhsün Əliyev "Azərbaycan milli marşı"nın sözlərinin Əhməd Cavada, "Azərbaycan marşı"nın sözlərinin isə Cəmo Cəbrayılbəyliyə aid olduğu və bunların hərbi marş olduğu qənaətində idi. Üzeyir Hacıbəyli ev-muzeyinin elmi əməkdaşı, bəstəkar Sərdar Fərəcov 7 mart 1991-cı il nömrəsində "Mədəniyyət" qəzetində "Milli marşı"n Üzeyir bəyə aid olan əlyazmasını dərc etdirdi. Üzeyir bəy öz xətti ilə rus dilində: "сл. и муз. У. б. Гаджибекова" (söz və musiqi Ü. b. Hacıbəyovundur) yazmışdı. Bu danılmaz fakdan sonra mübahisələr bir qədər səngisə də, əsas mücadilə hələ qarşıda idi. 

Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti 28 mart 1991-ci il tarixində Dövlət Himni və Dövlət Gerbi haqqında qərar qəbul etdi. Ali Sovetin Sədri Elmira Qafarovanın imzaladığı qərarla "Azərbaycan Respublikasının Dövlət Himninin ən yaxşı mətni və Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı eskizləri üçün müsabiqə elan olunması haqqında" aşağıdakı tərkibdə komissiya yaradıldı.

Muradəliyev Fazıl Qulam oğlu – Azərbaycan Respublikası Ali Sovetinin Mədəniyyət və Dini Əqidə Məsələləri daimi komissiyasının sədri (sədr)

Bünyadov Ziya Musa oğlu – Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycanın Əməkdar Elm xadimi

Vahabzadə Bəxtiyar Mahmud oğlu – Azərbaycanın Xalq şairi

Qasımzadə Fuad Feyzulla oğlu – M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycan Respublikası Prezidentinin müşaviri, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü

Quliyev Tofiq Ələkbər oğlu – Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi, Axərbaycanın Xalq artisti

Əbdürrəhmanov Nadir Qəmbər oğlu – Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin üzvü, Azərbaycanın Xalq rəssamı

Əzizov Arif Möhübəli oğlu – rəssam, Azərbaycan LKGİ mükafatı laureatı

Kazımzadə Kazım Məmmədəli oğlu – R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Xalq rəssamı

Məmmədov Aydın Mirsaleh oğlu – Azərbaycan Yazıçılar İttifaqı yanında Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini

Məmmədova Fəridə Cəfər qızı – Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, Azərbaycanın Əməkdar elm xadimi

Nəbiyev Bəkir Əhməd oğlu – ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyası ədəbiyyat, dil və incəsənət şöbəsinin akademik katibi

Polad Bülbül oğlu – Azərbaycan Respublikasının Mədəniyyət naziri

Rzayev Anar Rəsul oğlu – Azərbaycan Yazıçılar İttifaqının birinci katibi

Rüstəmxanlı Sabir Xudu oğlu – "Azərbaycan" qəzetinin baş redaktoru

Talıbzadə Kamal Abdulla Şaiq oğlu – ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının akademiki

Xəlilov Fərhad Qurban oğlu – Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycanın Əməkdar incəsənət xadimi Cabir Novruz-şair, "Ədəbiyyat" qəzetinin baş redaktoru.

Dövlət Himninin ən yaxşı mətni üçün və Dövlət Gerbinin ən yaxşı eskizi üçün müsabiqəyə təqdim olunacaq işlərin komissiyaya 1991-ci il mayın 25-dək verilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Respublikası Ali Sovetinin Dövlət Himninin mətni üçün elan etdiyi müsabiqə cəmiyyətdə birmənalı qarşılanmadı. Ali Sovet 1945-ci ildə qəbul olunmuş himnin musiqisini saxlayıb sözlərini dəyişmək qərarını qəbul etmişdi. Bir çox şairlərimiz həvəslə himn üçün yazdıqları mətnləri komissiyaya təqdim edirdi. Deyilənə görə, təqdim olunan mətnlərin sayı onlarla idi. Amma Ali Sovetin yaratdığı komissiya bu mətnlərin heç birini qənaətbəxş hesab etmirdi. Komissiyanın hər iclası ciddi mübahisələr yaradırdı. Uzun-uzadı müzakirələr heç bir nəticə vermirdi.  

Əslində, Ali Sovetin, hakimiyyətin mövqeyi məlum idi: Azərbaycan Sovet himninin musiqisi saxlanılır, mətn kimi isə Səməd Vurğunun "Azərbaycan" şeiri istifadə olunur. Daha doğrusu, "Azərbaycan" şeiri musiqiyə uyğunlaşdırılır. Komissiya bu təklifi Ali Sovetin müzakirəsinə təqdim etməli, Ali Sovet də Üzeyir Hacıbəylinin 1945-ci ildə yazdığı Azərbaycan Sovet himninin musiqisini və Səməd Vurğunun "Azərbaycan" şeirindən bəzi hissələri Dövlət Himni kimi təsdiq etməliydi. Bununla da himn məsələsi həll olunacaqdı. Çoxu elə düşünür ki, bu təklif komissiyanın apardığı müzakirələr zamanı yaranıb. Əslində isə belə deyil. Hələ komissiya yaranmamışdan Ali Sovetdə bu məsələ müzakirə olunmuşdu. 1991-ci il mayın 28-nə qədər himn məsələsi öz həllini tapmalı idi. Bu məsələyə kabinetlərdə çoxdan qərar verilmişdi. Yalnız rəsmiləşdirmək qalmışdı. Ona görə də komissiyanın tərkibinə yalnız bir bəstəkar daxil edilmişdi. Bu da Tofiq Quliyev idi. Daha doğrusu, Tofiq Quliyevə Üzeyir Hacıbəylinin 1945-ci ildə yazdığı Azərbaycan Sovet Himnini yenidən redaktə etmək tapşırılmışdı. Komissiya müzakirələrə başlayanda vəziyyət dəyişdi. Bəzi şairlər Ali Sovetin Dövlət Himninin ən yaxşı mətni üçün elan etdiyi müsabiqədə ciddi-cəhdlə iştirak etməyi nəzərdə tuturdular. Ona görə də komissiyaya xeyli sayda himn mətni təqdim olunmuşdu.         

Cəmiyyətdə buna ciddi narazılıq yaranmışdı. İçtimaiyyət nümayəndələri "Azərbaycan marşı"nın himn kimi qəbul olunmasını tələb edirdi. Üçrəngli bayrağımız Dövlət Bayrağı statusunu alandan sonra "Azərbaycan marşı"nın da Dövlət Himni kimi qəbul edilməsi çağırışları hər gün daha çox və daha ucadan səslənirdi. Komissiya üzvləri "Azərbaycan marşı"nın ADR dövründə himn kimi təsdiq olunması haqqında heç bir sənədin olmadığı üçün bu əsəri müzakirəyə çıxartmağa əsas olmadığını bildirirdi. 7 noyabr 1919-cu ildə bayrağın rəsmən təsdiq olunması tarixi sənədlərlə sübut olunduğuna görə heç bir sual yaranmamışdı. Himn məsələsində isə vəziyyət fərqli idi. Üstəlik, mətbuatda da himnlə bağlı bir-birinə zidd məlumatlar dərc olunurdu. Bu əsərin əleyhinə olanların əsas arqumentlərindən biri də o idi ki, Üzeyir bəy guya bunu hərbi marş kimi yazıb. 

         Gərgin müzakirələr və içtimaiyyətin təzyiqləri nəticəsində komissiya iki variantı müzakirəyə çıxarmaqla bağlı ümumi razılığa gəlir. 

Birinci variantda Azərbaycan Sovet Himninin saxlanması və yeni mətn yazılması, ikinci variantda isə "Azərbaycan marşı"nı müzakirəyə çıxarmaq nəzərdə tutulurdu.

Tanınmış şair Vaqif Bayatlı Səməd Vurğunun "Azərbaycan" şeirinin himnin mətni kimi qəbul olunmasına mətbuatda kəskin etiraz etdi. Vaqif Bayatlının mövqeyini dəstəkləyənlərin sayı həddən artıq çox idi. 

Belə olan halda bəzi bəstəkarlar da müsabiqədə iştirak etmək istədiklərini komissiya üzvlərinə çatdırdılar. Əslində isə bu komissiya himnin musiqisini müzakirə etmək üçün deyil, mətn seçmək üçün yaradılmışdı. 

Belə vəziyyətdə Vaqif və Yusif Səmədoğulları atalarının şeirinin himn mətni kimi müzakirə olunmasına qarşı çıxdılar. Ona görə də komissiya şairlərdən himn üçün mətnləri qəbul etməyə yenidən davam etdi. 

Komissiyanın sədri Fazil Muradəliyev yaradıcı ziyalılarla görüşlər keçirərkən məlum oldu ki, Ali Sovetin himnin yeni mətni haqqında verdiyi qərar cəmiyyət, ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Xalq isə ilk gündən "Azərbaycan marşı"nı qeyri-rəsmi himn kimi qəbul etmişdi və bu əsər hər yerdə səsləndirilirdi. Bunu nəzərə almamaq qeyri-mümkün idi.

Fazil Muradəliyev bəstəkarlarla növbəti dəfə görüşmək qərarına gəldi. Komissiyanın daha bir neçə üzvünün də iştirak etdiyi bu görüş "Azərbaycan marşı"nın himn kimi qəbul olunmasına ciddi zəmin yaratdı. Demək olar ki, o dövrdə bütün bəstəkarların iştirak etdiyi müzakirə Azərbaycan Teleradio Komitəsinin Səsyazma Evində keçirilirdi. Həmin müzakirələr zamanı Bəstəkarlar İttifaqının birinci katibi Tofiq Quliyev Üzeyir Hacıbəylinin 1945-ci ildə bəstələdiyi Azərbaycan Sovet Himnindən söhbət açdı və sonra Üzeyir bəyin "Azərbaycan marşı"nın himn üçün yaramadığını isbat etməyə çalışdı. Əsas kimi də bunun marş olduğunu göstərirdi.

Əslində, Üzeyir bəyin yazdığı Azərbaycan Sovet Himni, həqiqətən də, çox gözəl və möhtəşəm əsərdir. Kuplet-nəqarat formasında yazılmış təntənəli mahnıdır. Amma himn deyil. 1943-cü ildə SSRİ Himni qəbul edildikdən sonra ittifaq respublikalarında da forma etibarı ilə bənzər himnlər yazılmışdı. 1943-cü ilə qədər SSRİ Himni "İnternasional" sayılırdı. "İnternasional" 1871-ci ildə Fransada Paris Kommunasının şərəfinə yazılmış əsərdir. Sözləri Ejen Potyeyə, musiqisi Pyer Deqeyterə məxsusdur. 1943-cü ildə SSRİ Himni üçün müsabiqə elan olunmuşdu və sözləri Sergey Mixalkova və Reqistana, musiqisi A. Aleksandrova məxsus olan əsər himn kimi qəbul edilmişdi. Bu əsər kuplet-nəqarət formasında yazılmış təntənəli mahnıdır. Daha sonra ittifaq respublikalarında buna bənzər təntənəli mahnılar –himnlər yazıldı. Bəstəkarlarla görüş – müzakirədə daha sonra Vasif Adıgözəlov danışdı. O da çıxışına onunla başladı ki, "Azərbaycan marşı"nı Üzeyir bəy himn kimi yazmayıb. Bu əsər marşdır. Vasif Adıgözəlov təklif etdi ki, Dövlət Himni kimi Üzeyir Hacıbəylinin "Koroğlu" operasında And xorunu qəbul etmək daha məqsədə uyğun olar. Vasif Adıgözəlov artıq əsər üzərində çalışdığını bildirdi.

Bundan sonra tanınmış bəstəkar Musa Mirzəyevə söz verildi. O da özündən əvvəl çıxış edənlər kimi, "Azərbaycan marşı"nın himn üçün yaramadığını əsaslandırmağa çalışdı. Onun da əsas arqumenti bu əsərin marş olması idi. Musa Mirzəyev Üzeyir bəyin "Ey vətən" xorunu himn kimi müzakirə etməyi təklif etdi. O da qeyd etdi ki, "Ey vətən" xorunu himn kimi hazırlayır.

Sonda tanınmış bəstəkar Aydın K. Azimə söz verildi. Aydın müəllim lap qədimdən başlayaraq himn anlayışı haqqında geniş məlumat verdi və Üzeyir bəyin "Azərbaycan marşı"nı himn kimi yazıldığını izah etdi. Bu məqamda məşhur bəstəkar Xəyyam Mirzəzadə ayağa qalxaraq ucadan söylədi ki, "Azərbaycan marşı" hərbi marşdır, himn deyil. İclasda iştirak edənlərin əksəriyyəti Xəyyam Mirzəzadəni dəstəkləyirdi. Belə olduqda Aydın K. Azim Xəyyam Mirzəzadəyə müraciətlə: "Azərbaycan marşı"nı versinlər, siz də bu musiqinin sədası ilə əsgəri addımlarla yürüyün və bizə göstərin bunun marş olmasını" – dedi. Xəyyam Mirzəzadə əsəbi halda yerindən qalxaraq qapıya doğru addımladı. Deyinə-deyinə qapını möhkəm çırparaq müzakirəni tərk etdi.

Mən Səsyazma Evinin baş mühəndisi Salavat Axundzadə ilə rejissor otağından, şüşə divardan hadisələri izləyirdim. Eyni zamanda biz orda baş verənləri lentə yazırdıq. Bunu kimsə bilmirdi. Tarix üçün yazıb saxlamaq istəyirdik. 

Xəyyam Mirzəzadə qapını çırpıb gedəndən sonra Fazil Muradəliyev yaranmış gərgin vəziyyətdən çıxmaq üçün müzakirənin başqa gün davam etdirmək təklifi ilə iclasa son qoydu. Hamı dağılışdı. Dəhlizdə Fazil Muradəliyev Aydın K. Azimin qoluna girərək kənara çəkdi və dedi: "Aydın müəllim, neçə aydır mən himn məsələsi ilə məşğul oluram, amma bu gün himnin nə olduğunu başa düşdüm. Ətraflı izahat və məlumata görə təşəkkür edirəm".

 

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 28 mart tarixli qərarı ilə "Azərbaycan Respublikasının Dövlət Himninin ən yaxşı mətni üçün" elan olunmuş müsabiqəyə həmin il mayın 25-də yekun vurulmalı idi. Yəni Azərbaycan SSR Himninin musiqisi saxlanmaqla, müsabiqəyə təqdim olunmuş ən yaxşı mətn seçilməli idi. Mətn seçiləndən sonra komissiya bu məsələni Ali Sovetin müzakirəsinə çıxarmalı idi. 1991-ci il mayın 28-də Azərbaycan sovet himninin yeni mətni qəbul edilməli idi.

Komissiyanın gərgin işinə, demək olar ki, həftədə bir neçə dəfə yığışıb apardığı müzakirələrə, diskussiyalara, ziyalılarla, şair və bəstəkarlarla görüşlərə baxmayaraq, yekdil rəyə gəlmək mümkün olmurdu. 1991-ci il may ayının 25-nə qədər komissiya işini yekunlaşdıra bilmədi. Qərara alındı ki, müzakirələr davam etdirilsin. 

Ölkədə içtimai-siyasi vəziyyət həddindən artıq həssas bir durumda idi. Ona görə də komissiya tələsik qərar verməkdən çəkinirdi. Vəziyyət elə həddə idi ki, ən xırda qığılcım belə böyük, qarşısıalınmaz alova çevrilə bilərdi. Hakimiyyət və siyasi fəallar arasında gərgin mübahisələr gedirdi. Ölkənin taleyi həll olunurdu. Azərbaycan addım-addım müstəqilliyinə doğru addımlayırdı.

1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunmuşdu

 

      

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.