Ramiz Göyüş, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün
Avqustun 25-i Azərbaycan ədəbiyyatı tarixinə şair, tərcüməçi və publisist kimi daxil olmuş Davud Nəsibin doğum günüdür. Yaşasaydı 83 illiyin qeydə edəcəkdi. Düz 22 ildir ki, onun yeni-yeni şeirlərini, publisist yazılarını oxumuruq, duzlu və şirin söhbətlərini eşitmirik.
Kimin yaddaşında necə qalıbsa, elə o boyda, o biçimdə, o görkəmdə, o simada da donub qalıb Davud Nəsib və hələ yaşayacaq onu sevənlərin yaddaşında. Ən azı köç edənədək...
Davud Nəsib ilə ilk tanışlığım telefon vasitəsilə olmuşdu. 2001-ci ilin sentyabr ayı idi. İş telefonum zəng çaldı. Uzun zəng idi. Dəstəyi götürdüm. Xəttin o başında tanımadığım bir səs...
Şirin Qazax ləhcəsində mənimlə hal-əhval tutdu. Sonra isə ərklə özünü təqdim etdi: "Davud Nəsibdi danışan, Eloğlun". Bildirdi ki, mənimlə əlaqə yaratmağı ona Mingəçevirdə yaşayan, mehriban insan, duzlu hekayələr və maraqlı romanlar müəllifi, ümumi tanışımız rəhmətlik Nəsib Bayramoğlu məsləhət bilib. Bir qədər mehriban söhbətdən sonra "Cavanşir" romanının 1-ci cildinin çapdan çıxdığını, bu əsərin, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağını, hazırda Qarabağ savaşının hələ davam etdiyi bir zamanda aktual mövzu olduğunu nəzərə alaraq, onun Mingəçevirdə yayılmasına tövsiyyə etdi. Eyni zamanda öz avtoqrafı ilə mənə "Cavanşir" romanının bir nüsxəsini göndərdiyini bildirdi. Avtoqrafda yazmışdı: "Eloğlu! Oxu gör Qazağın (Kasak) iyini duya bilsən, mənə işarə elə"
Romanın 2-ci cildinin nəşrindən bir müddət keçəndən sonra ona zəng edib hal-əhval tutdum, çox yüksək əhvalı var idi. Sanki uzun illər içində cücərib göyərən arzuları öz bəhrəsini vermişdi.
Onu Mingəçevirə dəvət elədim və dəvəti məmnuniyyətlə qəbul etdi. Bir neçə gündən sonra artıq Mingəçevirdə idi. Eloğlumuz şair-jurnalist rəhmətlik Amil Aveylə gəlmişdi. Mingəçevirdə olduğu müddətdə demək olar ki, bütün 3 günü bir yerdə olduq.
Onun Mingəçevirdə ilk görmək istədiyi yer Mingəçevir su anbarı idi və biz elə birinci gün su anbarının sahilinə getdik. Davud, bir tərəfə çəkilərək xeyli müddət sulara tamaşa etdi. Mənə elə gəlirdi ki, o öz-özündə nəsə danışır, nəyi isə təhlil edir, nəyinsə haqq-hesabını aparır.
Sonradan bildim ki, niyə o, "Cavanşirsiz Məmləkət" romanının son hissəsində və son vərəqində "Özümüz də qənim kəsildik özümüzə: İçərişəhərin, Ordubadın, Şəkinin, Gəncənin, Qəbələnin, Bərdənin, Kasakın (Qazax), Dərbəndin, saymaqla qurtaran deyil, yatmış yeraltı abidələrinin altını üstünə çevirdik. Bəli, bəli, biz! - Mən, sən, o! Sularda qərq elədik daş dilli naxışları, izləri, Mingəçevirdə" sözlərini niyə yana-yana yazmışdı. Davud Nəsib Mingəçevir su anbarının sularına qərq olmuş qədim Samux dərəsi, onun yerüstü, yeraltı abidələri haqqında ürək ağrısı ilə danışır, Samux vadisini Qafqazın Mesapotomiyası adlandırırdı...
Üç gün çox sürətlə keçdi. Bir tərəfdən o, yeni nəşr etdirdiyi "Cavanşir" və "Cavanşirsiz Məmləkət" romanlarının bədii dəyərindən, onun aktuallığından, gələcək nəsillər üçün əhəmiyyətindən həvəslə danışır, arada duzlu-məzəli söhbətlərə keçir, Xalq şairi Hüseyn Arifin dillər əzbəri olan lətifələrindən söhbət açır, şeir söyləyir, bəzən də bir tərəfə çəkilərək xəyallara dalırdı.
Davud, xalq qəhrəmanı Cavanşir haqqında elə maraqla danışdırdı, sanki onunla bir zamanda yaşamış, qəhrəmanlıqlarının şahidi olmuşdu. Mənə elə gəlirdi ki, Davud öz içində bir Cavanşir obrazı yaratmışdı və tarixi şəxsiyyət olan Cavanşirdən başqa bir də Davudun yaratdığı Cavanşir var idi...
... Cavanşir barədə gələcək planlarından danışır, böyük Vətənimizin bir hissəsi olan Qazaxda at belində abidə ucaldılmasının zəruri olduğunu bildirir, gələcəkdə yazdığı romanlar əsasında bir kinossenari yazacağını və Cavanşir barədə tarixi-bədii film çəkəcəyi barədə həvəslə danışırdı.
Sən demə, bu görüş mənim Davud Nəsiblə ilk və son görüşüm imiş...
***
Davud Nəsib poeziyaya hələ çox gənc yaşlarında - 14 yaşı olanda yazdığı və Qazax rayonunda çıxan "Qalibiyyət bayrağı" qəzetində çap olunan "Mənim doğma çayım, mənim Kür çayım" şeiri ilə gəlib. Onun yaradıcılığına diqqət yetirərkən "ata" mövzusunda yazdığı şeirlər və poemalar istisna olmaqla, adama elə gəlir ki, Davud Nəsib heç uşaq olmayıb və ya uşaqlıq dövrünü yaşamayıb, elə birdən-birə böyük olub. Bu baxımdan Davud Nəsib poeziyası sanki yaşa dolmuş, püxtələşmiş bir şairin poeziyasıdır:
Mən odla, ocaqla alışmamışam,
Qəlbimin odundan alışıram mən.
Dərdimi heç kimə danışmamışam,
Dərdi dərd bilənə danışıram mən.
Davudun şeirlərində Vətənə, elə, obaya, doğma insanlara bağlılıq çox güclüdür. Bu bağlılığı onun yaradıcılığında çox tez-tez duyulur. Belə olmasaydı:
Vətən məhəbbətli, Vətən ünvanlı,
Bir ürək döyünür, köksümün altda -
kimi gözəl misralar yaranmazdı.
Doğma insanlara, ataya, anaya, qardaşa, övlada, qohumlara münasibət, böyük, kiçik yerini, insanların, xüsusən doğma insanların qədir-qiymətini bilmək Davudun genetik yaddaşından, onun tərbiyəsindən, xarakterindən irəli gəlir və bu hisslər onun yaradıcılığından qabarıq keçir.
Və nəhayət bir neçə cümlə Davudun ata mövzusuna həsr etdiyi şeirlər barədə fikirlərimi bölüşmək istərdim. Davudun həyatı haqqında bir qədər məlumatlı olanlar bilirlər ki, o atasını görməyib. Davud hələ dünyaya gəlməmiş atası müharibəyə getmişdi.
Ata həsrətini dünyaya göz açdığı gündən hiss edən Davud böyüdükcə bu nisgili də onun bərabər böyümüş və sonradan onun yaradıcılığında bir mövzuya çevrilmişdir. Fikrimcə, bu mövzu Davudun yaradıcılığında ən çox müraciət olunan mövzudur. Mənim qənaətimcə, Ata həsrətli şeirləri ilə Davud Nəsib poeziyamıza bir "Ata müqəddəsliyi" mövzusu gətirmişdir:
Bilməyənlər qoy bilsin...
...Qoy hamıya deyilsin.
Ata dəlisiyəm mən,
Ata vurğunuyam mən.
Bu dərddən Davud xəstə,
Eşitsin, bilsin hamı.
Mən ölsəm, qəbrim üstə,
Salın yada laylamı:
Çalın mənim mahnımı,
Çalın ata laylamı.
(“Ata laylası”)
Ruhun şad olsun, Davud Nəsib!
Hər zaman xatirimizdəsən.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)