“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Günel Şamilqızının şeirləri təqdim ediləcək.
ŞEİR VAXTI
Günel ŞAMİLQIZI
***
Salam, özüm, necəsən?
Xatirələrin necədi?
Papağın, əlcəklərin,
düymələrin necədi?
Hayandadı əsl ay?
Görsən, bizdən salam de,
Kənddən gəlib-gedən yox,
ulduzsuzdur komam, de.
Salam de duz gölünə,
dağdakı ilk qəbirə.
Uçuq dayanacağa,
quyulara, tinlərə.
Salam dəyirmanlara,
çuval ağızlarına.
Salam oymaq gəlinə,
yumaq baldızlarına.
Salam, nənəm canamaz,
Salam, atam qapısı,
Salam, anam yorğanı,
ev ətri, cəftə pası...
Necədi təsbeh əmi,
zər kimi cüt qonşular?
Övladdan, nəvədən bol,
dövlətdən lüt qonşular.
Susub qaz sayğacları
hər gün qəpik güdəcək.
Qışı peşman elədiz,
qara həsrət gedəcək.
Orda səma böyükdü...
Doludurmu sinəsi?
Bu qıza pay göndərin,
sevinsin yurd küpəsi...
...Baxdığım filmlərin
ən gözəliydi o kənd.
Kədəri pürrəngi, tünd,
sevinci qənd kimi sərt.
Salam, özüm, necəsən?
Günəşi görürsənmi?
Görsən, bizdən salam de,
gedim bitirim filmi.
YAMAQLI ŞEİR
Biz yamağın nə olduğunu bilən,
əslini görən,
istisindən pay alan,
xəritəsi bədənimizə iz salan son nəsildik.
Nənəm birinci qar düşməmiş
qışın bağrın yarardı
yaraşdırdığı,
yarışdırdığı rənglərlə.
Hamının ayrıydı onda
ev paltarı, çöl geyimi.
O çöl geyimi ki, eviçi olardı,
yamaqlılara qarışardı günlərin bir günü...
Nənəm ən çox corab yamayardı,
birləşdirərdi köhnəliklə yeniliyi,
gecikdirərdi köhnəlməyini yenilərin.
Dabanlarımızı möhkəm basardıq yerə
ağır-ağır yeriyərdik,
yamağımız qalın olardı nəfsimiz kimi;
hər təzəyə umsunmazdıq.
Ayaqlarımızın altında düyün-düyün
xallanardı yollar...
Nənəm ən çox corab yamayardı,
iynəsini həmişə biz saplayardıq,
o qədər sevinərdik ki
sanki böyük bir iş görmüşük.
Sonra da gözləyərdik
hansımızın canını isidəcək növbəti yamaqlı.
Nənəm ən çox corab yamayardı,
yamaq vura-vura danlayardı
uşaqdan-böyüyə hamını,
yamaq vura-vura
barışdırardı küsənləri,
yamaq vura-vura qapayardı
soyuq gələn dəlmə-deşiyi,
qırılsa da, yenidən birləşdirərdi bağları,
möhkəm vurardı düyünləri.
Bağlar yumşaq, ləngərli,
düyünlər ağır, zəhərli olsa da,
öyrəşərdik.
Öyrəşərdik qopmamağa,
saplanmağa,
bağlanmağa,
könüllü yamanmağa,
yamaq olmağa...
Nənəm ən çox corab yamayardı,
bilirdi, bizi bilənlər başa, bilməyənlər ayağa baxar –
Ayıb olar yalın çıxsaq qışların, qarların qarşısına...
Sonra yamaq dəb oldu,
ala bilmədiyimiz kostyumların dirsəyinə qondu.
Sadəcə, “qondu”,
çünki o dirsəklər hiss edə bilməzdilər
damar-damar kəsikləri, ona qonşu tikişləri,
birinci və sonuncu düyünü...
HİSLİ ŞEİR
Yaddaşımın kar küncündə
kimsə qışı söyür yenə.
Yaddaşımın kor küncündə
kimsə baca döyür yenə.
Bu qış his qoxuyur, elli,
qarışıb, itib öz qoxum.
Baca vururlar birəlli,
o səsə bürünüb qorxum.
Uzaqdan görünmür üzü,
tanımadım bir baxmaqla.
Baca döyən, kimsən axı?
Azan verilir, əl saxla!
Bəlkə, Tanrı səssiz, sakit,
keçib gedər bu küçədən.
Götürüb atar bu qızı
uşaqlığa qırxneçədən.
Məni görüb susmur külək,
kəndə ayaq basdığımdı.
Qar yağmış evlərin damı
ağ pişiyin yastığıdı.
Qonağam e, icazə ver,
buralar xoşuma gəlsin.
Baca döyən, bir bəri bax,
yorğun qolların dincəlsin.
Cığır açsın ləpirlərim
bu, ağ yoldu, bu, qara yol.
Uzansın ta buludlardan
bu yağışa bu qara yol.
Əllərimi qoşalayıb
“ho” eləsin babam yenə.
Bir qənd batırsın çayıma,
“Mumu” doldursun cibimə.
Nənəm bizə qutab versin,
qatığa batırıb yeyək.
Qatlayanda ləpələnsin,
üstümüzdən göy dənləyək.
Anam yuyub pərdələri,
heyif olmasın, ay əmi.
Çəkici at, fasilə ver,
təmizləyim ətəyimi.
Bağışla, düzün deyəcəm,
gözü dolub o ocağın.
Buralarda çox qaldıqca
buz, buz kəsəcək qucağın.
Bir çəkic alıb əlinə
çıxacaqsan öz çölünə
yağış tökəcək başına,
nəm hopacaq yaddaşına...
Dilinin bildiyi adlar
hamısı yoxa çıxacaq.
Döyəcəksən o bacanı,
sədası sonra çıxacaq.
Bu gün səndən uzaqdırsa,
keçmiş ondan da o yana.
Bəs xatirələr his olub
necə uçurlar bu yana?
Toxunsan, qaralar əlin,
üstün-başın xal-xal olar.
Bu qışdan başqa bahara
Inanmıram, macal ola.
O ocağın gözü haqqı,
qızarmayan közü haqqı,
bu qəmləri qədim yurdda
kimsə yaşamır sən adda.
Keçmiş ləpirsiz, yol azıb,
Sən çoxdandı sən deyilsən.
Başqa ocaqdan köz umub
başqa bacanı döyürsən.
Sən axı içindən küsdün,
bu ki evin bayırıdır.
Qaranlıq günlər həmindi,
işıqlı günlər ayrıdır.
Təkcə ömrün fəsilləri
yaddaşında bütün qalıb...
Bacadöyən, sən bilərsən,
Novruza neçə gün qalıb?
“Ədəbiyyat və incəsənət”
(19.08.2025)