“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Şəhriyar del Geraninin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Şəhriyar DEL GERANİ
***
Qəribədi
son nəfəsində
su istəyən adam
ayırd edə bilmədi
həyatda hansı daha vacib imiş –
Hava, yoxsa su?
Deyirlər ki,
dənizlərin yaddaşında qalır imiş
balıqların yuxusu...
Deyirlər ki,
uçuşundan bilinirmiş
quşların da arzusu...
Deyirlər ki,
şəkillərdən duyulurmuş
uşaqlığın qoxusu...
Deyirlər ki,
guya unudulub gedir sevgilər.
Bax, məsələn, susuşundan bəlli imiş
Ki, o qızın qalmayacaq bir tikə xatirəsi
Deyirlər ki,
gələcək tənhalıq dövrü,
daha kimsə olmayacaq
bir kimsənin yanında.
Daha hamı yaşayacaq
bir-birinin yadında.
Və əslində,
hərə öz yaddaşı boyda
yaşayırmış, sən demə,
İndi hamını ürpədir unudulmaq qorxusu...
Deyirəm ki,
Sən də belə unudulma,
sənə qurban, bir az da qal yadımda,..
Hamısından betər imiş sualların “axı...”sı...
***
Qəfil qəribsəyir adam –
qayıdırsan oturduğun stulun ağac vaxtına;
görürsən budaqların hər haçasında bir yuva,
içində ətcə balalar civildəşir...
Qəfil qəribsəyir adam –
qayıdırsan sevgilərin uşaq vaxtına;
görürsən müharibədə itkin düşmüş əmin
sol yanağından bir çimdik götürür
və gülümsəyərək çıxıb gedir,
yanağından bir gülüş də beləcə itkin düşür...
Qəfil qəribsəyir adam –
qayıdırsan yatağının beşik vaxtına;
görürsən tərləmisən, anan əynini dəyişdirir,
görürsən tərləmisən, anan əynini dəyişdirir,
görürsən tərləmisən, anan əynini dəyişdirir
Və qəfil əllərini tutub saxlayırsan...
DUSTAQLIĞIN ŞEİRİ
Dustaqlar aya baxanda gecənin üzü gülər,
dustaqlar darıxanda göy üzündə gecələr.
Mən öləndə deyərsiniz, o sevərdi ağacları,
pəncərədən süzüləndə günəşin ağ ucları
uşaqlar dua oxuyar – "Allah..." pıçıldar ovuclar
Qəfəsdəki quşların uçduğu göylər göynər...
Dünya həssas qəlblər üçün cəhənnəmdi, cəhənnəmdi,
Ömür başdan-başa qəmdi, insana nəfsi qənimdi.
Hər necə ki
günəşin çıxan yeri var,
ulduzun axan yeri var,
küləklərin nəsim-nəsim əsib karıxan yeri var,
eləcə də adamların günaha batan-batanı,
qəfil bir könül sındırıb min aha batan-batanı
səfil-sərgərdan gecənin sabaha baxan yeri var,
mən öləndə deyərsiniz, o qız bayatı söylər,
Qəfəsdəki quşların uçduğu göylər göynər...
Mən hey səni arzuladım – Səni dostum, ən dostum,
Bir sümük, bir dəri qaldım – Sənə dostum, ən dostum,
Şəhriyarın bir ömürlük səni darıxan yeri var,
mən öləndə deyərsiniz, onadır bu şeirlər,
Qəfəsdəki quşların uçduğu göylər göynər...
***
Qucaqlayıb yatınız içinizdəki uşağı,
əlindəki oyuncağı,
ömrün üfüqlərində görünən
günəşli günləri,
sevgili gələcək yaxını,
hər nəyi, hamını...
Dimdikləri bərkiməmiş quşları da,
sizə atılan daşları da,
hələ-hələ qış görməmiş ağacları,
yaz gəlməmiş çiçəkləri,
qar tutmamış dağları,
ağlanmamış gecələrdə
yaş dəyməmiş balışları.
Siz ey bu şeiri oxuyan gözəlim hamı,
Həyata oxşayan hər nə ki var, qucaqlayın.
Səadət – həm də qucaqlaya bilməkdi ən uzağındakı adamı...
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)