Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, dəyərli izləyicilərimiz, xoş gördük. "Ədəbiyyat və İncəsənət" portalının çox sevilən "Əbülfəzqızı ilə 10 sual" rubrikasının bu gün sevimli şair qonağı AYB- nin üzvü Süleyman Abdulladır. Gəlin birlikdə Süleyman bəyin ömür yoluna boylanaq.
Süleyman Abdulla 05.11.1965-ci il tarixində Gədəbəy rayonunun Arabaçı kəndində dünyaya göz açıb. 1972-82-ci illərdə Arabaçı kənd orta məktəbində orta, 1983-90-cı illərdə Az. Neft və Kimya İnstitutunda "Tətbiqi riyaziyyat" ixtisası üzrə ali təhsil almışdır. 1984-86-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-91-ci illərdə "Xəzərneftdonanma" idarəsinin balansında olan "İsrafil Hüseynov" adına sualtı boruçəkən gəmidə kapitanın 2-ci köməkçisi işləmiş, 1992-93-cü illərdə Az.Milli Qvardiyasının zabiti olmuş və MQ-nın tərkibində Qubadlı, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 1995-ci ildən mətbuatda çalışır, hal-hazırda "Press Əks-səda" və "Məntiq dünyası" qəzetlərinin təsisçisi və baş redaktorudur. 2002-ci ilin fevralından AYB-nin üzvüdür, 14 şeir və nəsr kitablarının müəllifidir. Əsərləri 1988-ci ildən dövri mətbuatda çap olunur. Ölkəmizdən əlavə Türkiyədə, İtaliyada, Albaniyada, Rusiyada, İranda, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda və s. ölkələrdə şeirləri çap olunub və müntəzəm çap olunur. Şeirləri bir çox dillərə tərcümə edilib. "Fəlsəfə müəlliminin ölümü" romanı və "Cavabsız qalan qisas" adlı irihəcmli hekayəsi Özbəkistanda kitab şəklində dərc olunub. Evlidir, iki oğlu var.
-- Xoş gördük, dəyərli Şairimiz. Yaradıcılığınızla tanış olan hər bir kəs bilir ki, bugünkü rubrikamız da çox qiymətli olacaq. Çünki Süleyman Abdulla qələmi boş yerə söz israf etməyən bir qələmdir. Elə " 10 sual" da çox səbirsizdir. Keçək suallarımıza.
1) Söndü işığına can atdığım şam,
Zülməti kösövlə aldatmaq olmur.
Hər gün bir az da çox təklənir adam,
Daha şeirlə də baş qatmaq olmur. ( Süleyman Abdulla)
Süleyman bəy, zülmətin qənimi səhərdir, niyə bəzən nə səhəri, nə Günəşi görürük? Mübarizə aparmaq çoxmu çətindir?
-Xoş gördük, Ülviyyə xanım! Söhbətin “zülmət-işıq” təzadı ilə başlaması məni bir qədər təəccübləndirsə də yaradıcılığıma uyğun olduğunu qeyd etməliyəm. Belə ki, mənim şeirlərimin əksəriyyətində ziddiyyətlərin üzləşməsində rast gəlmək mümkündür. Zülmət-işıq, gecə-gündüz, Xeyir-Şər, doğru-yalan, az-çox, asan-çətin, ağ-qara, var-yox, sadə-mürəkkəb və s. bu kimi əksliklər yaradıcılığımın əsas predmetləridir desəm, mübaliğə sayılmamalıdır. İşıq mənim ən çox inandığımdır, hər yerdə, hər zaman arayıb axtardığımdır. Bir insanla tanış olanda ilk aradığım onun üzündəki işıqdır, nurdur. Əgər o işığı, o nuru görmürəmsə həmin adamla anlaşmağım və ya daha sönra ünsiyyət yaratmağım sadəcə mümkün deyil. Hətta ən qatı zülmətdə də mütləq bir zərrə işığın varlığına inananlardanam. Qaldı ki, mübarizə aparmağa, o həmişə olub, var , olacaq. Bəzən adam bezir, usanır, tükəndiyini hiss edir, amma müəyyən müddətdən sonra mübarizəsiz yaşamağın mümkün olmadığını anlayır, toparlanır, yola davam edir. Şeirlə baş qatmaq, əslində mənim üçün həyat tərzidir, dünyadan əlim üzüləndə üz tutduğum məbəddir.
2) "İnsanda utanma hissi olmadısa, heç bir şey dərd deyildir." ( Maksim Qorki)
Dəyərli Şairimiz, insanlarda hansı mənfi xüsusiyyətləri sevmirsiniz və olubmu ki, tövsiyə verib düşmənə çevrilmisiniz?
-Ən nifrət etdiyim xüsusiyyət yaltaqlıqdır, yaltaqlara nifrətim o qədər güclüdür ki, şiddətindən az qala ürəyim dayansın. Qalan bütün mənfi xüsusiyyətlər yaltaqlığın kölgəsində qalır. Xaraktercə yardımsevərəm, dostluqda sədaqətə böyük üstünlük verirəm. Riyakarlığa dözümsüzəm. Bu hallarla üzləşəndə bəzən kimlərəsə iradımı bildirdiyim olur və təbii ki, yaxşı qarşılanmır. Dürüstlüyü qiymətləndirməyə çalışıram, amma çox vaxt əks reaksiya ilə qarşılaşıram. Bəzi məqamları çıxmaq şərti ilə (müqəddəs olanları da var) yalana səbrim çatmır. Düşmən deməzdim, arzuolunmaz adama çevrildiyim məqamlar olub. Bir də əqidəsiz adamlardan zəndeyi-zəhləm gedir.
3) Sifətin tutuldu tufan qabağı,
Qaçan baxışının qovlayanı kəm.
Qanın qara idi şah damarında,
Sonra...
nə sonrası...
canın cəhənnəm!
Biz sınıq qəlb ilə nə olmadıq ki...
Lal olduq,
kor olduq,
topal,
kar...
olduq.
Üz tutub gedərkən ayrılıqlara,
Dönüb ayrı-ayrı adamlar olduq. ( Süleyman Abdulla)
Süleyman bəy, ayrılığı yaşadanlar ayrılıqla üzləşərkən bu acıdan dərs alırlarmı, yoxsa adətkardırlar?
-Asan göründüyü qədər də qəliz suallardır, əhatəsi o qədər genişdir ki, aydınlıq gətirmək üçün saatlarla danışmaq olar. Ayrılıq, ümumiyyətlə insan xisləti ilə bağlı olan nəsnədir və təkcə iki fərdin arasında olmur. İnsan-təbiət, insan-Vətən, insan-əşya, övlad-valideyn və s. arasında olan bağın qoparılmasıdır ayrılıq. Ayrılıq sevginin dərəcə göstəricisidir, o nə qədər yüksək olarsa nisgili də bir o qədər şiddətli olar. Ayrılıq həm də sevginin əlçatmazlıqlardakı həbsidir. Əslində insan təkcə ayrılıqdan deyil, həyatında rast gəldiyi hər hadisədən dərs almağı bacarmalıdır. Ayrılıqdan sonra yenidən üzləşmək qaysaqlamış yaraların yenidən qövr etməsindən başqa bir şey deyil.
4) Yaradıcısından narazı olanları razı salmaq olarmı?
-Asi olanlara rəğbətim yoxdur, hərçənd ki, özümü konkret bir inancın dayışıcısı deyiləm. Yaradanın olduğuna inanıram, yaradılanın yaradanın üzünə ağ olmasını nankorluq sayıram. Hər kəsdən, hər şeydən narazı olan adamlar var, belələri ilə rastlaşdığım da olub, amma onların mənim həyatımda yer yoxdur deyə dərhal uzaqlaşmağa çalışmışam. Onları razı salmaq əsla mümkün deyil.
5) İsti yatağından küsmüşdü yuxu,
Yüzdümü, mindimi?..
İtmişdi haqq-say.
Hıçqırıq kimiydi axar su səsi,
Xəzəl yağışında islanırdı çay. (Süleyman Abdulla)
Süleyman bəy, xəzəl olmuş ömürlərə haqq qonaq gəlsə, xəzəl ömrü, bahar dövrünə qayıdarmı, yoxsa haqqın yerini tapması çox zaman alacaq?
-Ömrün xəzan dövrü bəlkə də dövrlərin ən mükəmməl dövrüdür. Bu elə bir dövrdür ki, insan müdrikləşir, heç nəyə səthi yanaşa bilmir, hər şeydə bir məna axtarır. Başqa sözlə, ömrün payızı bir növ yaşanılan səhvlərin, doğruların hesabatı dövrüdür. Səssizliyə çəkilib su şırıltısında olub-keçənləri, xətalı-günahlı və ya əksinə… yaşadıqlarının xatırlamaq insanın öz vicdanı qarşısında hesabatıdır.
5) Sevimli Şairimiz, sevginin hər gün isbata ehtiyacı varmı, yoxsa bircə baxışda o sevgi bütün ruhunu saracaq gücdədir?
-Sevgi aksiomdur, onun nəinki hər gün, hətta bir ömür boyu isbata ahtiyacı yoxdur. Sevgi ani bir baxışla, utancaq bir duruşla, qəfil bir hərəkətlə anlaşıla bilən ali hissdir, onu konkret parametrlərlə ifadə etmək olmur. Sevgini isbat etməyə cəhd onu dəyərdən salmaq deməkdir,- düşünürəm.
6) Vecsiz təsəllidir "canın sağ olsun"
Ruhun əsirdisə, canın sağ olmur.
Sonuncu fəryadı çəkib qurtulmaq,
Sonuncu naləni hayqırmaq olmur. ( Süleyman Abdulla)
Süleyman bəy nə zaman hər şeydən küsür, ümidi qeybə çəkilir?
-Küsmək üçün saysız səbəblər tapmaq olar. Məni küsdürən ədalətsizlikdir ki, onunla hər addımda qarşılaşıram. Bizim məmləkətdə Ədalət yalnız adam adıdır, o biri ədalətin heç “ə”sindən xəbərimiz yoxdur. “Adəmə” adlı bir şeirimdə yazdığım kimi:
Niyə soruşursan kimim nəsini,
Hanı ədalətin görən “ə”sini?
Bıçaqsız, qəməsiz əvvəl səsini,
Sonra nəfəsini kəsirlər, Adəm!
Ədalətsizlik Adəmdən buyana hər dövrdə mövcud olub, olacaq!
7) Ən böyük işgəncə nədir? Süleyman bəy bu işgəncəni yaşayıbmı?
-Haqsızlığı görürsən, duyursan, amma əlindən heç nə gəlmir. Haqsızlığın qarşısında gücsüz olduğum məqamlar ən işgəncəli məqamlardır və bu işgəncəni hər gün, hər saat yaşamaqdayam, desəm, səmimiyyətimə inanın.
8) Yaxşısı çıxmaqdı ən uzun yola,
Harda bitəcəyi maraqlı deyil.
Dalınca sürünən Əzrayıl ola,
Baxasan əlləri yaraqlı deyil.
Yorula, dizini yollar qıra bir,
Durub soluğunu ala, baxasan.
Nə olsun fikrində irəlilərdir,
Arada çevrilib dala baxasan. ( Süleyman Abdulla)
Əziz Şairimiz, "əcəllə oyunun" qalibi kimdir?
-Əcəl həmişə qalib gəlir, amma bu oyun əyləncəli olduğu qədər də sevindiricidir. Mənim düşüncəmə görə müharibə bir nizam-intizamdır və müharibədə hər şey yerli-yerində olur. Fərarisi, qorxağı, vətənpərvəri, satqını… maskalana bilmir o müddətdə…
Müharibənin pislikləri qurtardıqdan sonra üzə çıxır, həm də ən iyrənc formada…
9) " Sözün ölçüsünü bilməyən ədəbsizlikdə sərhəd tanımaz" (Sədi Şirazi)
Süleyman bəy sözünün ölçüsünü bilməyənlərə poetik dillə nə söyləyərdi?
-Sözdən dəyərli, sözdən kəsərli, sözdən uca heç nə görmədim həyatım boyu… Sözün dəyərini bilən özünün dəyərini bilənlərdir və idarə edə biləcək yeganə varlıqdır söz… Mən könüllü sözə əsir olan və bu əsirlikdən zövq alanlardanam. Nə yaxşı ki, ULU SÖZ var.
10) Süleyman bəy, gənc yazarlardan razısınızmı, Sizi qane etməyən hansı məqamlar var?
Qələmini bəyəndiyiniz gənc şairlərin adlarını çəkə bilərsinizmi?
-Son illər ədəbi mühiti sistemli izləmirəm, çox qarmaqarışıqlıqdır orada, “at izi it izinə qarışıb”. Doğrusu, ikinci dəfə bu mühitə qayıtmağımın peşmançılığını da bəzən çəkirəm. hər kəsə uğurlar arzulayıram, amma əvvəllər maraqla izlədiyim iki gənc imza vardı,- Rauf Ra və Əhməd Ələsgər… Rauf 21 yaşında dəm qazından zəhərlənib haqqa qovuşdu, Əhməd isə dolanışıq ucbatından poeziyanı atıb meyxanaya keçdiyini dedilər. Bəyənilənləri də daha bəyəniblər, mənim fikir bildirməyimin elə bir əhəmiyyəti yoxdur.
Dolğun suallar üçün təşəkkür edirəm!
-Dəyərli Şairimiz, ömrünüzdən rubrikamıza pay ayırdığınız üçün Sizə minnətdarıq. Sualları hazırlayarkən bir çox şeirlərinizi oxudum, hətta sayını belə itirdim, çünki hər bir şeiriniz ruhu qidalandırırdı, sözə acıyan ruhlar bunu gözəl başa düşər. Ömrünüz sağlam və uzun olsun!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)