“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Malik Atılayın şeirləri ilə tanış olacaqsınız.
Qafarov Malik Fuad oğlu (Malik Atilay) 1997-ci il 7 iyulda Bakı şəhərində dünyaya gəlib. 225 saylı tam orta məktəbdə təhsilini bitirdikdən sonra BAAU türk dili və ədəbiyyatı fakültəsinə daxil olub. 2012-ci ildən bəri dövri mətbuatda çap olunur, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Yalnızlığı adıyla çağır”, “İyun, iyul və qaranlıq” kitablarının müəllifidir.
DİQQƏT! DİQQƏT!
DARIXIR BAKI…
Şəhərin biləklərinə vurulan zülmət qandalı
Həm mənim
Həm küçələrin ürəyini sıxır.
Parkların yanından keçirəm,
Kafelərə heç baxmıram,
Nəsə yoxdu,
Nəsə çatmır.
Günəş əllərini cibinə salıb getmiş uzaqlara.
Susub hər yer,
İçimdə həsrət yalquzağı oyaqdır, yatmır…
Diqqət! Diqqət!
Bakı darıxır...
Ucuz kafelərin birindən
domino səsləri qaçır bayıra.
Süpürgəsindən bərk-bərk yapışıb
Yuxuya gedib süpürgəçi,
Üstü-başı təmiz,
Ürəyi kirli adamların əlindən
Amanda ola biləcəyi tək yerdi yuxusu…
Külək evi dağıdan dəcəl uşaqtək
ora-bura atır sükutunu şəhərin
ümidi çörəyindən bol olan həbsxanada.
Közərən siqaretin işığına məktub yazır dustaq –
Həyətlərindəki nar ağacına…
Bakının boğazına dişlərini keçirən zülmət,
Onun ürəyinə dırnaqlarını sancmış
Şəhərlə birgə darıxır dustaq…
Dustaqdan xəbərsiz darıxır şəhər...
Günəş qırmızı ləkəyə dönür göy üzündə
Uzun illər tufanlar görüb
Qasırğalar atlamış yelkənə yamaq vuran balıqçı ümidiylə
Günəşə sarı açır əllərini dustaq…
Şütüyən maşınların siqnal səsləriylə
Üzlərdən, gözlərdən silinir yuxu,
Zülmətin çürük və qara dişlərindən səhərə çıxır,
Amma yenə də
Bakı darıxır...
Darıxır Bakı...
HİNDU NƏĞMƏSİ
Qaranlığı qara əlcək kimi geyəndə şəhər
Susmuşdu hər nə vardısa,
Sanki bir azdan cəllad
Zevin küçəsindən keçib
Edam məhkumunun yanına gedəcəkdi.
ONDA
Alça çiçəkləri kimi qar yağırdı
Bakının üstünə,
Yollar eyni qapıya çıxırdı,
Ah çəkirdi göylər, külək əsirdi,
Göylərdə də kimsə darıxırdı
Onda…
Sonuncu adamının da öldürüldüyü hindu qəbiləsinin
Anlaşılmayan kədərli nəğməsiydi bu şəhər.
O vaxtdan bu yana bilmirəm neçə gündü, aydı, ildi,
Elə bil bu gün ayrılmışıq,
Bu gün.
Dodaqların gilyotin kimi boynunu vurub
Qoşa qala qapıları ağzında
Ağzımdan çıxan sözlərin,
Kədər deyingən ev sahibəsi kimi
Qəlbimizə girdikdən sonra
Bilmirəm neçə dəfə
Güləndə əlini əlinə vurmaq istəyib də
Bir əlinin olmadığını xatırlayan adam kimi
Yadıma düşüb yoxluğun.
Elə bil bu gün
Ağ bayraq kimi yelləmisən əlini ayrılığa,
Elə bil
Cəllad hələ də əlində qılıncı yol gedir
Hardasa buralarda.
Özümə yazdığım intihar məktubları
Uzaq dur məndən, aralı dayan,
Çünki əllərim qanlıdı,
Çünki barmaq izlərini dırnaqlarımla qaşıdım əllərimdən,
Səni düşündüm səhərəcən;
Hansı tərəfə getsəm, üstümə itlərin hürüşdüyü bu yerdə
Divin su daşıdığı aşsüzənmiş səndən sonra həyat…
Özümdən qaçmağa çalışdım bu gün,
İşıqları yanılı qoyub evdən çıxdım,
Dəqiqələrlə döydüm qapımı,
Yenə evdə deyildim,
Sərxoş olduğum kafelərin
Yellənə-yellənə açılan qapıları kimi açılarkən səhərim
Minarədən azan verən müəzzinlə məndən başqa
Ölümə və Allaha heç kimin ikimiz qədər
Yaxın olmadığını düşündüm…
Bulvara düşdüm,
Məktub yazdım özümə,
Hansı şəhərə apardığını unutduğum
Qatar bileti kimi
Cibimdə gəzdirdiyim şəklini
Qoydum məktuba…
Evə döndüm,
Döydüm qapımı,
Yenə açılmadı,
Yenə heç kim yox idi evdə,
Qapını açdım,
Özümə yazdığım bütün intihar məktublarından
Ünvanıma yenə tez çatmışdım…
ÜMİDSİZ ŞƏHƏRİN KÜLƏYİ
Tərsinə çevrilmiş tısbağa kimi
Ümidsiz şəhərdir Bakı…
Xəzri
Köhnə darvazatək silkələyir şəhəri
Uzaq ellərdən vacib xəbər gətirən qasid kimi
Burda
Ümidin bir azını sabaha saxlayırıq
Axşamdan bişən yemək kimi
Burda
İntihar etmiş adamın
Sahildə soyunduğu çəkmələrdir zaman.
TALEYİNƏ UDUZMUŞ QADINLAR
Uşaq evi –
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb,
Tərli pəncərədə ana yazılıb...
Qadınlar –
Sıraya düzülmüş
Yolların kənarında.
Dan yeri sökülür,
Günəş yaşlı müəllim kimi
Asta-asta qalxır göyün pilləkənlərini.
Taleyinə uduzmuş qadınlar evlərinə dönür,
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır onların üstünə
İlk eşitdikləri söz – ana...
Qocalar evi –
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Ümidsiz, çarəsiz təbəssüm.
Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü.
Və yuxusunda hər səhər eşitdiyi
Ana sözünə qarışır
Söyüşləri sanitarın...
AYRILIĞIN PAYTAXTINDA SƏRGƏRDAN
Sən məni anlamazsan, gözəl gözlüm,
Sonluğu olmayan kitabam sənə.
Mən nə sual kimi sualam indi,
Nə də cavab kimi cavabam sənə.
Sümüyünə düşməyən küskün havayam
Baxıb anlamadığın hansısa şəkiləm –
Rənglə, boyayla yox,
Ümidsizliklə çəkilmiş şəkil…
Bənd olur insan bəzən anlamadığı adama,
Sən məni sevsən də, özündən çıxa bilməzsən,
Qorxu filmindən bir kadrdır həyatım,
Gəlib yetişdiyimiz bu yolun hər tərəfi ayrılığa aparır.
Mən sərgərdan qalmağa öyrəşmişəm
ayrılıqların paytaxtında.
Sən məni unut, gözəl gözlüm,
Necə ki, yuxularını unudursan,
Necə ki, unudursan hər yox olanı.
HEÇLİYİN AĞZINDA
Bir sərxoş qadın gəzir küçələri.
Gözləri içkidən deyil,
Həyatın yalnızlıq acısından yaşarmış.
Gecə qədər gözəl qadın,
Qadın qədər gözəl gecə
Bir-birində əriyir…
Havalı-havalı gəzən qadın
Bu şəhərin neçə adamlıq yalnızlığı var deyə,
Ölçür küçələri,
Bir az sevgiyə,
Bir az darıxmağa yer saxlayıb sol yanında…
Hər gecə bir az daha sərxoş,
Bir az daha heçliyin ağzında görür özünü,
Çiynindəki qanad döyməsi belə atlada bilmir uçurumlardan…
SAAT BİR, İKİ, ÜÇ…
Saat bir, iki, üç…
Hücum əmri gözləyən ordu misalı
Yuxusuz və həyəcanlıyam.
Üzməkdən yorulub
Torların qoynunda dincələn balıq kimi
Yorğunam da bir az.
Şimşəklər gümüşü çatlar salır
Qara aynasına gecənin.
Səkkiz, ya doqquz yaşındayam,
Fatmayı dənizində
Balıqqulaqlarını doldurmuşam cibimə,
Üstümdə ovuc-ovuc Xəzərlə gəzirəm
Hara getsəm…
Sərxoş atasından qorxub
Oyuncaqlarıyla qısıq səslə danışan uşağın pıçıltısıtək
Pıçıltısını eşidirəm dənizin.
Damlalar bulud dilində nəsə yazır pəncərəmə,
Xəbər gətiriblər mənə
Zamanın tikanlı məftillərinin o üzündəki adamlardan.
Saat bir, iki, üç…
Tavandan asdığım kəndirin
Altındakı kətilə çıxıram
Dənizi görmək üçün.
KİMƏ NƏ BU GÜNAHDAN?
Göy üzü hər səhər
Doğuş masasındakı qadın kimi
Yeni günəş doğur dünya üçün.
Bizə nə bu günəşdən?
– Xəstəniz yaşayacaq, – deyir həkim.
– Allah kərimdir, – deyir molla.
Hərəsi bir başqa yolla
Ümid əkir
Kədərlə minalanmış ruhlara
Bizə nə bu ümiddən?
Zamanı gəldikdə çürük diş kimi
Hər gün başqa biri
Düşür həyatın ağzından,
Bizə nə bu ölümdən?
Sən varsan –
Orta əsrlərin Avropası kimi qaranlıq otağımda
Günahkar rahibətək
Çarmıxa çəkilib bədənin,
Kimə nə bu günahdan?
KƏDƏRLİ UŞAQLAR
Bəlkə də, oyuncaqçı
Əli yetməyən oyuncaqlarda
Gözü qalan uşaqların
Kədərli baxışlarını
Silirdi vitrindən…
Və hər gecə qar yağmasın deyə, dualar edən
Uşaqlar görürdüm,
Allah,
Mən
Və o uşaqların cırıq çəkmələri şahiddir
O gecələrə.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)