GAP Antologiyasında Rza Nurinin “Güzgü” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Rza Nuridir.

 

Rza Nuri

Xiyav

 

 

Mən kəşf etdim ki, bu gözəl dünyaya bir az da yaxından baxsanız, altında həmişə qırmızı qarışqalar var

                           «David Linç»

 

Əziz dostum «Əmin Hacılı» üçün 

 

GÜZGÜ

Burnumla həmən hörəsi olduğum ətrini

Göz qırışı xəttindən sapladım

Xiyaban ayağına yazılmış varikoz döymədən

Səni göstərən linkə keçdim

Nərgizlərin qoxusu üzərindən sürülən sarı taksilərə düzülən baxışım, təsbeh dənələri sayaq ötmüş titrək neonları

(Elə ki, zər dağılar sayaq sıyıq gözüm, səni göstərən linkə keçər-keçməz yaxılıb yapışdı şəkilinə)

Ağzımızdan qulağımıza gedən gizli yollar var

Dayima boşa çıxar səsi

Meylin açılmış dəliyindən ötürdüm

Qanaxma xəttindən təqib etdiyim dolanbac küçələri, başıma bandaj etdim

Çünki qoşmuş qanın şlanqı daşlarla qarançır bağlarda kəsişmiş

Ağzımızın qulağımıza sağanaq olduğunu

Qırmızı və sarı qarışqaların yeraltı qansızmasını

Səninlə düşündük

Sözü qaval səsi arasında əzib

Sükutu ələdiyimiz ağız dəliyi bilərziyindən ötməyən əlimizlə

Quşlar dəstəsinə eləmişdik daşları

Əllərinə dəstə olmuş söz atışı pilləkənindən enən əngim

Bir hıçqırıq daktilodan qoparmış zəncirotu nəhvini

Sən həyatıma toxunan xəyal çubuğu şərtisən

Xəyal edirəmsə, varam demək

Qarışqaları izlə

Xəyal edirsənsə...

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.