BİRİ İKİSNDƏ Aqşin Evrənin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Aqşin Evrənin şeirləri ilə tanış olacaqsınız.

 

 

Aqşin EVRƏN

 

Səfərov Aqşin Elşən oğlu 1990-cı il sentyabrın 16-da Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. 2008-2012-ci illərdə Bakı Slavyan Universitetində təhsil alıb. Müəllifin ilk şeirlər kitabı “Mənfi sənsiz dərəcə” 2017-ci ildə işıq üzü görüb. 2012-ci ildə “Nəsimi” müsabiqəsinin, 2014-cü ildə “Ədəbi azadlıq” müsabiqəsinin və başqa müsabiqələrin qaliblərindəndir. Şeirləri dünyanın müxtəlif ölkələrində tərcümə edilərək yayımlanıb.

 

 

XATİRƏ

 

Kənd. Yaz səhəri.
Günə verilən yastığı didişdirdi bala qu quşu,
Qəfildən yastıqdan çıxan tüklər yağdı üstünə
– anasından xatirə.
Sükut.

 

SEVGİNİN ÖLÇÜ CİHAZI

 

Bu soyuq havalarda evdə olan hər kəsin
hansısa küçələrdə üşüyən tərəfi var.
Bu tutqun axşamçağında hamının ürəyinin
hələ oxunmamış gizli sevgi rəfi var.

Sevməyin ölçü cihazı bu sadə cümlədəydi:
“Əlini tutsa, sevgidir, nəbzini tutsa, taleyin”.
Nə etməli... belə oldu... İndi ki üşüyürsən,
Götür eşqdən ürəyində qalan o odu, geyin.

Yeni çəhrayı palto al, təzə soyadı geyin.
Darıxmağa tutul, getsin – vəhşi cəlladı geyin.

Külək əssin...
Onun əlin süzən meh gəlib saçında gəzsin.
Həsrət asta girsin evə, barmaq ucunda gəzsin,
Oyatmasın beşiyində uyuyan xatirəni.

Soruşursan, necə idi sevgi olan illərin?
– “Rənglər vardı”... gözəl idi rənglərin olduğu vaxt.
Ayrılığın qoşunları hücuma keçən gündən
Xatirələrin işğalı altında qalıb paytaxt.


Şaxta düşdü, isitmədi səni çəhrayı palto,
Heç utanma, ürəyində qalan o odu geyin.
Sevməyin ölçü cihazı, əslində, beləcəydi:
“Əlini tutsa, sevgidir... buraxmasa, taleyin”.

 

 

ZİVƏ

 

Qış. Boran.
Külək zivədəki uşaq paltarını dartışdırırdı
evdən bir qədər aralıdakı qəbiristanlığa – balaca, soyuq məzara sarı.

 

 

ŞAH TƏHMASİBƏ MƏKTUB

 

Nizələrin ucuna ilişən kəfən parçası
Sülh bayrağıdır yüksəlir başımızın üstündə:
Bax, ölüm aləti belə bizi sülhə çağırır,
Ölüm “sülh” bağırır, Şah!

 

Qəfil qılınclar doğrayar atların küt səsini,
Qapılar hər gün darıxar, gözləyər it səsini.
Birdən qəbirlər doldurar boş torpaq kisəsini,
Əlini dünyadan çəkib evinə gedər Allah.

 

Şah!

 

İnsan torpaqçün döyüşər. Atlar nalından yıxılar.
Ölmüş atın ayağından bizə baxar aypara
– Yəni göylər yerə enər... göylər gələr döyüşə
Görən, necə olar bir gün torpaq ayağa qalxıb
insanların uğrunda gecə-gündüz döyüşsə?

 

Mən də torpaq istədim – bir uşağın dibçəyinə tökməyə...

 

Sonra qılınclar doğradı atların küt səsini,
Qapılar hər gün darıxdı, gözlədi it səsini.
Biz də məşəl yandırdıq önümüzü görməkçün,
Əksinə, tüstü qalxıb tutdu gözlərimizi.

 

Nal soyuğu gecədə bir sualım var sənə,
böyük Şah həzrətləri:
Buğdanın ortasındakı xətt
çörəyi yarı bölməli olduğumuza işarə deyilmi?

 

 

SUAL

 

Yay. Bürkü.
Pambıq qozası nələri soruşmaq istəyir
tikanına ilişmiş bəmbəyaz köynəkdən?

 

 

UNUTMAĞIN RESEPTİ

 

Hərdən onun toxunduğu yerlər qopar bədənindən,

hissə-hissə yoxa çıxarsan hərdən

Hərdən “Qayıt, ölürəm” kimi oxunar

ona yazdığın bircə “Salam. Necəsən?”

 

Sıxılarsan...

Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı,

Görərsən saçların onun çiyni üçün darıxır.

 

Hərdən ovulub gedərsən...

Burnunun ucu göynəyər tanış qoxudan ötrü

Yağış yağar, görərsən ki,

altında bir boş yer qalıb əlindəki çətirin

 

Hərdən boynunu üşüdər onun aldığı şərf də,

barmaqların əllərindən sırsıratək sallanar.

Boş küçədə öskürər xatirələr astaca,

Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

 

Hərdən heç nə dəyişməz...

Bir görüş yeri boyda boşluq qalar içində,

Hərdən büdrəyərsən... yıxılarsan

xatirələrin yanından keçəndə...

 

 

TALEYİN BURULĞANI

 

Payız. Fırtına.
Gəmilər insanları sahilə çıxarmaqçün yaradılır,
Amma yalnız batan gəmilər tarixdə qalır.

 

 

ANTİK XXI ƏSR

 

Əllərinə "Ana" və "Ata" yazıb savaşa gedənlər itirdilər əllərini,

Yəni təkcə əlləri yox, ataları, anaları da yaralandı.

Müharibələrə görə peyda oldu okeanlar, dənizlər

– Torpaq insanları bir-birindən uzaq tutmaqçün aralandı.

 

Qəribədir:

Torpağın üstündə döyüşənlər, altında qonşu olurlar

Bütün güllər dərilir… bütün güllər dərilir,

Amma ən birinci məzar üstə qoyulanlar solurlar.

 

Eyni ağacdan düzəlir tar və silah qundağı,

Eyni yerdən şikəst qalır anaların qucağı.

Kəpənəyə bənzədər raketləri gül-çiçək,

Görən, hansı səs çıxar pianinonun dillərin güllələsək?

 

Yer kürəsinə baxıram: kimyəvi dərmanların üstünə yazılır:

"Uşaqların əlinin çatmadığı yerə qoyun".

Göz yaşları içində pıçıldayır doktor:

"Uşaqları kimyəvi raketlərin çatmadığı yerə qoyun".

 

 

ZEN

 

Zen, bişirdiyin keksə daraşmış qarışqalar da öldü,

Daha səndən heç nə qalmadı bu şikəst evdə.

Daha mən öyrəndim ki, tarix üşüməyi qucaqlaşmaqçün,

Sevginisə bir ömür uzaqlaşmaqçün yaradıb.

 

Uşaqlıqdan, gənclikdən, qocalıqdan başqa

bir də onsuzluq dövrü olur insan ömrünün

Yalandı, Zen... Yalandı...

İnsanı qocalıq yox, onsuzluq dövrü öldürür.

 

Qucaqladığım qadınları birləşdirib

özümə bir ana düzəldə bilmədim...

Bəzən bu nəhəng ömür bircə sözdən ibarət olur: “Gəlmədi...”

 

Zen, qadını ən tez atası unudur,

Ən çox xatirələr xəstələndirir adamı,

İştahın olmur yemək yeməyə,

yaşamağa,

...gəlməyə.

 

Daha buruq saçlar unutmasın,

Sən də unutma, Zen, sən də unutma:

Ayrılıq haqqında deyilmiş ən gözəl söz – ayrılmamaqdı.

 

 

BƏNAZİR BHUTTO ÖLMƏMİŞDİ

 

“Üç keçi” nağılı üçbaşlı əjdahaya çevrildi həmin gün.

Gecə məni “Bayu-bayu” ilə yatırıb

səhər anamın yoxluğu ilə oyatdılar.

Anasının narıncı koftasını iyləyib yatan bu uşağı

birdən “narıncı inqilablar”ın qucağına atdılar.

 

Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi,

Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım.

Son dəfə dolmuş gözlərlə

boş ömrümə baxıb getdi uşaqlığım.

 

Qapının ağzında ayaqqabının biri azaldı

Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə.

Anam ömrümüzdən getdiyi gün bizi atıb çölə çıxdı ev,

həsrət qaldıq evimizə.

 

Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi,

Hələ Bənazir Bhutto ölməmişdi – Şərq anasız qalmamışdı...

Mən anasız qalanda.
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik,

Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?

 

Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə –

söküldü əlinin dərisi.

Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora,

Qapımızın ağzında canını tapşırdı fauna,

Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını.

 

Atamın köynəklərini bacım ütüləməyə başladı...

Beləcə üçbucaq teoremini ütüdən,

Çevrənin radiusunu qazandan,

Nidanı atamın çəliyindən,

Nöqtəni də anamın yoxluğundan öyrəndi.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.