LİRİKA DƏFTƏRİNDƏN: Təranə Dəmirin şeirləri, 2-ci səhifə Featured

“Ədəbiyyat və incəsənət” portalının Lirika dəftərindən rubrikasında sizlərə lirik şeirlər təqdim edirik. Bu dəfə iki gün ardıcıl şair Təranə Dəmir rubrikamıza gözəllik qatacaqdır.

Mükəmməldir, deyilmi?

 

Ruhumda dəli sükut,

Başımda qasırğalar,

Çöldə ölüm havası…

...Bu gün də gəlib keçdi,

İçində payız rəngi,

Bir də şənbə duası…

 

 

***

 

Gözlərindən eşq damırdı payıza,

Qızınırdı sevdasında xəzəllər.

Elə gözəl oxşayırdı könlümü

O baxışlar, o sığallar, o əllər –

Oyandım.

 

Heç bilmədim hara tutum üzümü,

Hara getsəm həsrət məni izlədi.

Baş götürüb nağıllara yol aldım,

Gedəmmədim axıracan, dözmədim,

Dayandım.

 

Var-gəl etdim payızla qış arası,

Məni yordu bu kaşkilər, bəlkələr.

Xəyallarım göy üzünə tələsdi,

Bir mən oldum,  bir  də… bir də  kölgələr,

Yubandım.

 

Tutammadım bir ümidin əlindən,

Çiçək açmaq bu payıza yad imiş.

Burda hər şey aldadırmış adamı,

Burda hər şey ayrılığa ad imiş –

İnandım.

 

 

***

 

Bu itin it dərdi var,

Gözüngə yaş, ulayır.

Baxışında xəcalət,

Başında daş, ulayır.

 

Ulayır kölgəsinə,

Hirsinə, hikkəsinə,

Boşalan cərgəsinə

Açıb savaş, ulayır.

 

Yoluna baxıb hürür,

Yalına baxıb hürür,

Çuluna baxıb hürür,

İçində kaş ulayır.

 

Dizində yox təpəri,

Aşa bilmir çəpəri,

Bir sümükdü, bir dəri,

Səsində qış ulayır.

 

Durub yolun sonunda,

Yüz ağrı var canında,

Nə vaxtdı dörd yanında

Qorxu, təlaş ulayır.

 

Bu itin it dərdi var, 

Gözündə yaş, ulayır.

Baxışında xəcalət,

Başında daş, ulayır.

 

 

İSTANBUL, DARIXMIŞAM…

 

Səhərini günəşlə birgə açırdım,

İşıqlarını bağrıma basırdım hər gecə,

Üzüaşağı, uzüyuxarı ölçürdüm

səni bina-bina, küçə-küçə.

Sokakların udurdu addım səsimi,

bir də kirpiklərimin kölğəsini.

Yağışında islanırdı,

küləyində sığallanırdı saçlarım,

Dadını çıxarırdım bəxtəvərliyin.

Havası qəhvə qoxulu,

Səması qağayı sevdalı şəhər.

İpək donlu,

Yaşıl yaxalı,

Dili dualı şəhər,

Ürkək qız tək utancaq,

Abırlı-həyalı şəhər.

İstanbul!

Səni dalğa-dalğa, ləpə-ləpə sevirəm,

Dalanlarını, küçələrini,

dağlarını, ormanlarını 

gözümə təpə-təpə sevirəm.

Heç nədən yox,

bircə unudulmaqdan qorxan şəhər,

Çiynini qala divarlarına söykəyən,

Tarixin qarşısına alnıaçıq, üzüağ çıxan şəhər.

Bütün dünyanı başına yığan şəhər…

Səni Boğazdan seyr etmək var hələ...

Sularınla pıçıldaşmaq, dalaşmaq,

Dalğalarla gözüdoyunca sevişmək,

Dənizlə qucaqlaşmaq …

Bir də hay-küylü Taksimdə yorulunca dolaşmaq,

Dolaşdıqca bütün dünyanı unutmaq,

Unutduqca tanımadığın insanlara ürəkdolusu "Mərhaba " demək eşqi…

Sonra pay-piyada Eminönünə düşmək,

Sərinləmək ...

Balıq qoxan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi,

 Sonra növbə gözləmək,

Sonra əlindəki smiti martılarla bölüşmək,

Bölüşdükcə yüngülləşmək ,

Yüngülləşdikcə uçmaq, uçmaq...

Sonra da ...

Sonra da yenə ayrılıq,

Yenə xəyallar,

Yenə təyyarə səsi,

Yenə  Xəzərin sahilində  səninçün  darıxmaq, darıxmaq..

 

 

***

 

Bu dolaşıq ömrümdə

Yarımçıqdı nəyim var,

(bircə göz yaşını çıx)

– Kəsik-kəsik arzular,

Qırıq-qırıq xəyallar,

Dərə-təpə sevgilər,

Dağ kimi ayrılıqlar.

Vüsallar da natamam, 

Görüşlər də yarımçıq.

Könlümün qapıları

Bircə həsrətə açıq…

Ruhumda dəli sükut,

Başımda qasırğalar,

Çöldə ölüm havası…

...Bu gün də gəlib keçdi,

İçində payız rəngi,

Bir də şənbə duası…

Bir ümid də yıxıldı

Qaşla gözün arası…

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.