“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Cəlilabaddan yollanılan şeirləri təqdim edirik. Şeirlərin müəllifi Arzu Əyyarqızıdır.
Arzu Əyyarqızı Cəlilabad ədəbi mühitinin gənc nümayəndəsi, "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şairdır.
DÜNYANIN CÜT GÖZÜ
Hərdən qaçıb gəlirəm,
Qurtulmaqçün dərdlərdən,
dünyanın bu üzünə..
Kəşf etdiyim dünyamda məlhəm olum, özümə.
Tamaşa eləyirəm, onun bir cüt gözünə.
Birisi mavi səma, birisi mavi dəniz....
Baş qoyuram dizinə, danışıb, dərdləşiriz...
Dalğalanır ağ buludlar topa-topa başım üstdə,
Səs eyləyir ağ ləpələr qayaları öpə-öpə, daşın üstdə.
Dinləyirəm, anlayıram, dincəlirəm.
Duyğuların içində mən, nazilirəm, incəlirəm.
Bu dünyanın gözləriylə baxıram mən öz dünyama...
Saflaşıram, rahatlığı tapıram.
Ümidin ağ atındayam, azad ruhla hey çapıram,
Bütün dərddən, ələmlərdən bax beləcə mən qopuram.
Unuduram hər nə varsa, bu dünyanın dizində mən,
Axtardığım xoşbəxtliyi tapıram bax, burda elə.
Yatıb qalmaq istəyirəm -bu dünyanın dizində mən,
Batıb qalmaq istəyirəm...
Dünyanın cüt gözündə mən..!
ÜÇ NÖQTƏ
Üç nöqtə... nələr var içində?
Nələr gizlənir səndə...
Üç nöqtənin dediyini bir roman deyə bilmir.
Yükü ağır, anlamı çox.
Üç nöqtələr üç nöqtələr...
Qəlbdə qalan, basdırılan neçə hissin məzar daşı.
Gözlərdəki sualların gözü boğan kədər yaşı.
Üç nöqtə ... üç nöqtələr...
Üç nöqtə...
Sükut içində qışqıran sözlər,
Özüylə ölən hekayələr…
Üç nöqtə...
Yarımçıq talelərin qırıq aynası,
Dilə gəlməyən haray,
Baxışlarda gömülən qəm…
Üç nöqtə...
Qəlbin dərinliklərində basdırılan izlər,
Sönmüş istəklərin külü,
Özünü danan xatirələr…
Bəlkə bir ömür susacaq,
Bəlkə bir an partlayacaq…
Bəlkə dillənəcək, deyiləcək sözlər...
Bəlkə heç kim anlamayacaq...
Üç nöqtə… üç nöqtə... üç nöqtə…
Söz düşdü... qaldı havada,
Hava düşdü... əriyib getdi,
Bir nəfəs-bir sükut-bir qərarsızlıq…
Nə geriyə yol var,
Nə irəliyə çağırış,
Sadəcə gözləyən kölgələr,
Sadəcə titrəyən işıq…
Səssiz bir səs,
Gizli bir dalğa,
Əriyir zaman içində,
Üç nöqtə ...üç nöqtə...
DƏRD
Hər şey üzdən soyular,
Məni içdən soydu dərd.
Agac içdən oyular,
Məni saçdan oydu dərd.
Kədər damdı göl oldu,
Arzu muraz kül oldu,
Ömrüm qəmə yol oldu,
Məni səki qoydu dərd.
Gecəm gündüz gətirdi,
Ayım ili ötürdü.
Yedi yedi bitirdi,
Görən məndən doydu dərd?
DİZİM CƏLLAD KÖTÜYÜ
Kirpiyim dar ağacı,
Asmışam göz yaşımı.
Dizim cəllad kötüyü,
Qoymuşam, kəs başımı.
Möhkəm möhkəm qucmuşam,
"Kötük " tərpənə bilməz.
Vur boynumu, çəkinmə,
Əzrayıl üzə gülməz.
...Ölüm, durma di tez ol,
Qurtar dərddən, azardan.
Al canımı, götür get,
Dünya adlı bazardan.
ZƏR
Qurub dərdin taxçasını,
Dərd qoymuşam dərdin üstə.
Həyat oyun, oynayırıq,
Zər atmışam nərdin üstə.
Səbir şahdır, qələbə mat,
Zaman - ömrün axan qanı.
Hər saniyə qan itkisi,
Yaşamağın çıxır canı.
Ömür bitir, vaxt üşüyür,
Ölüm üçün oyun bitmir.
Ömrün üstə atılan zər,
Son anda da dada yetmir.
SEVMİŞDİN
Baxışın od alıb baxışlarımdan,
Bilirsən sən məni necə sevmişdin?
Çıxaraq məhəbbət yoxuşlarından,
Gündüzü qət edib gecə sevmişdin.
Məcnunu, Kərəmi yalan eyledin,
"Mən sənsiz ölərəm "ay qız" söylədin,
Özün də bilmədin axı neylədin,
Sığınıb ilahi gücə, sevmişdin.
Eşqinin qibləsi mən idim axı,
Baxırdı, bəxtəvər deyirdi çoxu,
Mənsiz gözlərinə getməzdi yuxu,
İndi deyirsən ki, heçə sevmişdin.
DARIXMAĞIN RƏSMİ
Yenə gözlərim çəkir, darıxmağın rəsmini,
Ruhum divardan asır çərçivədə cismini.
Saat zaman sayğacı, ürək ömür sayğacı,
Hər ikisi işləyir, sürətə yox əlacı.
Xəyallarım boğulur, çilçıraq dar ağacı,
Arzular gözü yaşlı, solaraq çəkir acı.
Fikirlərim rəngbərəng uçur kəpənək kimi,
Qonur xatirələrə, titrədir sarı simi.
Darıxmağın rəngini gecə rəngi edirsən,
Kirpiklər fırça olur, rəsmin çəkib gedirsən.
Gedirsən yuxu boyu, qarşına çıxır yenə,
Yenə darıxmaq olur yuxuda yuxu sənə.
MƏNSİZ
Mən onsuz ölürəm, nəfəsim çatmır,
Mənim darıxdığım darıxmır mənsiz.
Fikri xəyalından gözlərim yatmır,
Mənim darıxdığım darıxmır mənsiz.
Yenə dörd divardır, tənha qalmışam,
"Görəsən necədir"? Fikrə dalmışam,
Səsini duymaqçün əsir olmuşam,
Mənim darıxdığım darıxmır mənsiz.
Öyrətdi özünə, sevdirdi özün,
Eşitdi dilimdən "sevirəm" sözün,
"Sağ olsun" ömrümdə buraxdı izin,
Mənim darıxdığım darıxmır mənsiz.
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)