LİRİKA DƏFTƏRİNDƏN: Təranə Dəmirin şeirləri, 1-ci səhifə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Lirika dəftərindən rubrikasında sizlərə lirik şeirlər təqdim edirik. Bu dəfə iki gün ardıcıl şair Təranə Dəmir rubrikamıza gözəllik qatacaqdır.

Gözəldir, deyilmi?

 

Başımızda söz havası,

Dünyamız ilan yuvası,

Biz çoxuq, atam balası,

Tanrısa təkdi, neyləyək.

 

***

 

Hey harasa tələsirik,

Ömür gödəkdi, neyləyək.

Zamana çata bilmirik,

Bizdən zirəkdi, neyləyək.

 

Heç kimin bitmir davası,

Göy davası, Yer davası,

Günümüzün tən yarısı

Küydü, kələkdi, neyləyək.

 

Dörd yanımız çığır-bağır,

Hərə öz dərdindən baxır,

And yerimiz əvvəl-axır

Duzdu, çörəkdi, neyləyək.

 

Başımızda söz havası,

Dünyamız ilan yuvası,

Biz çoxuq, atam balası,

Tanrısa təkdi, neyləyək.

 

 

***

 

Neçə bahar, neçə payız, qış gələr,

O səhərlər geri dönməz bir daha.

Gah dumana, gah çiskinə bürünər,

O xəyallar göydən enməz bir daha,

Köçdü, köç.   

 

Bir də yanmaz könlümüzdə od-ocaq,

Külümüzlə oynayırıq nə vaxtdı.

Heç bilmirik hansı sözdən yapışaq,

Hardan tutsaq deyirlər ki, günahdı,

Sucdu, suç.

 

Ulduzlar da parıldamır biz deyən,

Səhərəcən zülmət saçır gecələr.

Elə bil ki, yadırğayıb adamdan,

Neçə vaxtdı sevgisizdi küçələr,

Acdı, ac.

 

Elə gözəl sarılmışıq təkliyə,

Dörd yanımız hicran adlı qəfəsdi.

Vurulmuşuq  xəzəl rəngli payıza,

İndi bizdən bahar ummaq əbəsdi,

Gecdi, gec.

 

 

***

 

Gözlərindən həsrət baxır adama,

Bu şəhərin baxışları darıxır.

Bu şəhərin ağacları susuzdu,

Bu şəhərin yağışları darıxır,

Bu şəhərin közü çıxıb yadımdan.

 

Neçə vaxtdı daş ömrünü yaşayır,

Qurd ömrünü, quş ömrünü yaşayır,

Buz bağlayıb, qış ömrünü yaşayır,

Bu şəhərin yazı çıxıb yadımdan.

 

Göyə qalxıb, gözü görmür heç kəsi,

Sevgisizdi sahilləri dənizin,

Başı üstə küləkləri dərd əsir,

Bu şəhərin səsi çıxıb yadımdan.

 

İtib batıb gəzdiyimiz küçələr,

Döngə-döngə azdığımız küçələr,

Yıxılanda küsdüyümüz küçələr,

Bu şəhərin nazı çıxıb yadımdan.

 

Hər yanını tumar-tumar yorublar,

Beton-beton, hamar-hamar yorublar,

Bu şəhəri əlimizdən alıblar,

Bu şəhərin üzü çıxıb yadımdan.

 

Yavaş-yavaş tamarzıdı sevincə,

Yuxusuna daş atırlar hər gecə,

Yaddaşımda adı qalıb eləcə,

Bu şəhərin özü çıxıb yadımdan.

 

Gözlərindən həsrət baxır adama,

Bu şəhərin baxışları darıxır.

Bu şəhərin ağacları susuzdu,

Bu şəhərin yağışları darıxır,

Bu şəhərin ... düzü, çıxıb yadımdan.

 

 

***

 

Qaranlığı yenə pusur adamı,

Qılınclayır, asıb, kəsir adamı,

Gözlərinin fəhmi basır adamı,

Vaxt da keçmir bu gecənin baxtından.

 

Hamı səndən bir yuxuycan uzaqdı,

Dünya yatıb, bircə dərdlər oyaqdı,

Kim duyacaq harayını bu vaxtı,

Kim salacaq bu gecəni atından? 

 

Ağrıların hücum çəkir üstünə,

Həsrət adlı zülmət çökür üstünə,

Qaramatın yenə tökür üstünə,

Hünərin var çıx gecənin altından.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.