İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin üzvü İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Burada orta məktəbi bitirib, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməyib. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlayıb: ön cəbhədə əldə silah vuruşub, yaralanıb, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak edib. Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunub. Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləyib.
Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirib, eyni zamanda bədii tərcümə ilə məşğul olub. "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib, Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində çalışıb.
Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri olub. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. Yazıçılar İttifaqı nümayəndələrinin tərkibində İraqda səfərdə olub. Azərbaycan KP 26 Bakı komissarı adına rayon komitəsi plenumunun, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Bakı şəhər Sovetinin deputatı seçilib.
Tərcümələri
1. Georgi Qulia. Sagen kəndinin baharı
2. M.Qorki. Məqalə və pamfletlər
3. Vasilenko. Ulduz
4. V.Ajayev. Moskvadan uzaqlarda
5. A.Zekers. Yeddinci xaç
6. V.Latsis. Qanadsız quşlar
7. A.P.Çexov. Hekayələr
8. Abdulla Qədiri. Ötən günlər
9. F.M.Dostoyevski. Netoçka Nezvanova
10. H.AIbert Lixanov. Ailə vəziyyəti (roman)
Filmoqrafiya
- Romeo mənim qonşumdur
- Arşın mal alan
- Qaraca qız
- Təsnif
- Qəribə görüşlər
- Cücələrim (Nazim Zeynalovla birgə
- Oxuyur Şövkət Ələkbərova
- İlham
- Gülüstan bayatı-şiraz
- Axtaran tapar
- Təhlükə astanaları
İshaq İbrahimov SSRİ-nin döyüş medalları ilə təltif olunub, Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
5 iyul 1987-ci ildə vəfat edib.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(05.07.2025)