Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Həmsöhbətim – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, jurnalist, yazıçı, şair, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məciddir.
— Ədəbiyyata hələ keçəcəyik, amma mən jurnalistika ilə başlamaq istəyirəm. Müasir jurnalistikada həqiqəti bədii şəkildə çatdırmaq və uyğunlaşdırmaqda ən böyük çətinliklər nələrdən ibarətdir?
— Əslində bu, jurnalistikanın həm ən qədim, həm də ən çətin cəhdlərindən biridir. Çünki bir tərəfdə fakt dayanır və o dəyişməz görünür; o biri tərəfdə isə hisslər, təsir gücü, oxucuya toxunmaq arzusu var… Həqiqət quru olanda oxunmur, şişirdiləndə isə inandırıcılığını itirir. Elə buna görə də bu iki müstəvini uyğunlaşdırmaq, yəni həm informasiyanı vermək, həm də onu bədii dəyərlə yükləmək ciddi məsuliyyət tələb edir.
Ən böyük çətinlik, məncə, jurnalistin mövqeyində deyil, onun niyyətində gizlidir. Jurnalist bu gün bilərəkdən və ya bilməyərəkdən tez-tez ya xəbərin sürətinə, ya da oxunma sayına qurban gedir. Halbuki həqiqəti təqdim etmək həm peşəkarlıqdır, həm də vicdan məsələsidir. Bədii yanaşma da vicdanın işığı ilə yön almalıdır. Yəni həqiqət bəzədilməməli, işıqlandırılmalıdır.
Odur ki, çətinlik təkcə texniki deyil, həm də mənəvi bir dilemmanın içində qərar tutmaqdır. Sən bu xəbəri yazanda oxucunun düşüncəsinə toxunursan, yoxsa onu manipulyasiya edirsən?
— Yaradıcı fəaliyyətinizdə insan qəlbi və həyat haqqında fəlsəfi baxışlarınız necə əks olunur?
— İnsanı anlamaq istəyi mənim üçün yazının başlanğıcıdır. Həm jurnalistikada, həm poeziyada, həm də publisistik düşüncələrdə mən daim insan qəlbinin qatlarına enməyə çalışıram. Çünki bütün hadisələrin mərkəzində insan, onun duyğuları, qorxuları, arzuları, tənhalığı və axtarışları dayanır. Mənim üçün yazı bir növ insanın iç dünyasına işıq tutmaq cəhdidir.
Həyat haqqında baxışlarım zamanla dəyişsə də, bir həqiqət dəyişməz qalıb: insan özüylə döyüşən varlıqdır. Bəzən biz bunu görmürük, bəzən görmək istəmirik. Amma yazı əgər səmimidirsə, bu mübarizəni üzə çıxarır. Mən yazılarımda insanı həm qəhrəman kimi, həm də səhv edən bir varlıq kimi təqdim etməyə çalışıram. Həyatın özündə də işıqla kölgə bir yerdədir.
Ədəbiyyat da, jurnalistika da əslində, insanın ruh halını izah etmək, onunla empati qurmaq cəhdidir. Mənə görə, yazının fəlsəfəsi buradadır: oxucu sənin sətirlərində özünü tapmalıdır, tapmırsa, demək, yazının mənası yoxdur.
— Azərbaycan mədəniyyətini və adət-ənənələrini necə təsvir edərdiniz? Onların sizin yaradıcılığınızdakı rolu nədədir?
— Azərbaycan mədəniyyəti təkcə folklor nümunələri, milli geyimlər və ya qədim musiqi alətləri deyil. Bu, həm də yaşam tərzidir, yaddaşdır, zamanla sınaqdan çıxmış davranış kodlarıdır. Fikrimcə, Azərbaycan mədəniyyəti həm qədim çinarların kölgəsində dayanan qocanın baxışıdır, həm də müasir şəhər səs-küyündə öz kimliyini qorumağa çalışan gəncin düşüncəsi.
Adət-ənənələr isə bizim mənəvi koordinat sistemimizdir. Toyda oynanan yallı da, bayram süfrəsinin bəzəyi plov da, məclisdə sözə verilən hörmət də bu koordinat sisteminin tərkib hissəsidir. Bütün bunlar bizə özümüzü başqasından fərqləndirmə imkanı verir. Yəni bizi "biz" edən elə bu dəyərlərdir.
Mən yazılarımda bu mədəni yaddaşı qorumağa və təqdim etməyə çalışıram. Bəzən bir yazıda və ya bir şeirdə bir atalar sözünə, el məsəlinə istinad edirəm, bəzən bir obrazı milli düşüncə tərzimizlə qururam. Hətta bir xəbər yazısında da bu ruhu ötürmək mümkündür. Çünki mədəniyyət bizim ifadə formamızdır, sözə münasibətimizdir, susanda necə susduğumuzdur.
Azərbaycanın mədəni kimliyi mənim yazı masamın üstündəki görünməz mayadır, o yoxdursa, yazı da dadını itirir.
— Ədəbiyyat və sənət vasitəsilə cəmiyyəti dəyişdirməyin ən səmərəli yolları hansılardır?
— Ədəbiyyat və sənət cəmiyyəti birbaşa dəyişmir. O nə qanun qəbul edir, nə qərar verir. Amma onların işi daha dərindir, daha səssiz və daha təsirlidir. Onlar düşüncəni dəyişirlər. İnsanların dünyaya, bir-birinə və özlərinə baxışını dəyişirlər. Məncə, cəmiyyəti dəyişməyin ən səmərəli yolu da elə buradan keçir – insanın içində bir sual oyatmaqdan, onu sarsıdan bir cümlə yazmaqdan, vicdanına toxunan bir obraz yaratmaqdan.
Ədəbiyyat güzgüdür, amma təkcə göstərmək üçün yox, düşündürmək üçündür. Sənət yaddaşdır, amma keçmişi qorumaq üçün yox, gələcəyi yönəltmək üçündür. Əgər bir yazı oxucunu yerindən tərpətmirsə, əgər bir film və ya bir tablo içimizdəki hansısa sarı simə toxunmursa, onda o, dəyişdirmək gücünə malik deyil.
Mən həmişə düşünmüşəm ki, yazıçı bir növ cəmiyyətin vicdanıdır. Bəzən sakit, bəzən qışqıran, bəzən sual verən… Amma heç vaxt susmayan. Ədəbiyyatla cəmiyyəti dəyişmək uzun, səbirli və görünməz bir yoldur. Amma əgər bu yol seçilibsə, onda onu sədaqətlə və inamla getmək gərəkdir.
— Şeir və nəsrinizdə hansı fəlsəfi baxışlar ən dərin təsir bağışlayıb?
Bu baxışlar həyatınızda hansı dəyişikliklərə səbəb olub?
— Mənim üçün yazı daxili axtarışın davamıdır. Şeir də, nəsr də özünü dərk etməyin bir formasıdır. Zamanla müxtəlif fəlsəfi baxışlar mənə təsir edib, amma ən dərin iz buraxanlar insanın keçiciliyi, zamanın amansız axarı və yaddaşın zərif təbiəti ilə bağlı düşüncələr olub. Yəni həyatın faniliyi və bu fanilik içində insanın nə qədər dayanıqsız, amma bir o qədər də dəyərli olması düşüncəsi.
Mən şeirlərimdə tez-tez zamanın sükutuna toxunmuşam. Sanki zaman bir səssiz şahiddir, biz isə onun içində iz salmağa çalışan səslərik. Bu baxış mənə həm həyatla barışmağı, həm də ona qarşı çıxmadan dərinləşməyi öyrədib. Nəsrdə isə daha çox insanın daxili parçalanması, ikiləşməsi, öz-özü ilə dialoqu məni maraqlandırıb. Mən insanı anlamağa çalışdıqca, özüm də dəyişmişəm. Yazdığım hər obraz, hər misra əslində mənim içimdən bir hissəni daşıyıb.
Bu fəlsəfi düşüncələr təkcə yazılarımı yox, həyat tərzimi də formalaşdırıb. Məsələn, artıq mən hadisələrə münasibətdə daha təmkinliyəm. Qəzəblə yox, anlayışla baxmağa çalışıram.
— Özbək və Azərbaycan ədəbiyyatlarının ümumi və fərqli cəhətləri barədə nə düşünürsünüz?
— Özbək və Azərbaycan ədəbiyyatları bir ata-anadan doğulmuş, amma fərqli coğrafiyalarda böyümüş iki qardaş kimidir. Hər ikisinin kökündə türk milli düşüncəsi, şifahi xalq yaradıcığı, epik yaddaş və sufizm dayanır. Nəvai ilə Nizamini oxuyanda insan eyni ruhun fərqli dillərdə necə cilvələndiyini görür.
Ümumi cəhətlərimiz çoxdur: hər iki ədəbiyyat duyğuya, səmimiyyətə, ritmə, mənəvi dəyərlərə söykənir. Hər iki ədəbiyyat üçün məhəbbət, vətən, haqq, ədalət mövzuları aparıcı xətdir. Həm özbək, həm də Azərbaycan şairi, yazıçısı millətinin ağrılarını, sevincini, tarixini sözə çevirərək yaşatmağa çalışıb. Elə bu mənada deyə bilərəm ki, bizi birləşdirən təkcə dil qohumluğu deyil, həm də tale qohumluğudur.
Amma fərqliliklər də var, təbii ki. Azərbaycan ədəbiyyatı daha çox Qafqaz mədəni çevrəsində formalaşıb, burada Şərq və Qərb ünsürlərinin çuğlaşması hiss olunur. Özbək ədəbiyyatı isə Orta Asiya genişliyinin, böyük imperiya keçmişinin və sovet dövrünün daha sərt izlərini daşıyır. Özbək ədəbiyyatında klassik poeziya və xalq dilinin vəhdəti ilə yanaşı, bəzən daha ideoloji gərginliklər də müşahidə olunur.
Amma nəhayətdə biz eyni irsi bölüşürük: sözə inam, sənətə sayğı və ədəbiyyatı millətin vicdanı bilmək kimi bir inanc. Məncə, bu, bizim ən böyük ortaq xəzinəmizdir.
— Təvazökarlıq və insanlıq haqqında baxışlarınızdan danışa bilərsiniz? Bu dəyərlər yaradıcılığınızda və şəxsi həyatınızda hansı yeri tutur?
— Təvazökarlıq sadəcə davranış tərzi deyil, mənəviyyatın dərin qatlarından süzülüb gələn bir duruşdur. Mənim üçün təvazökarlıq bilə-bilə geri çəkilmək deyil, səsin varsa da, onu harada necə istifadə edəcəyini bilməkdir. Təvazökarlıq özünü danmaq yox, özünü tanımaqdır. İnsanlıq isə bu tanımanın başlanğıcıdır. Əgər bir insan başqasının ağrısına biganədirsə, hansı zirvədə durmasından asılı olmayaraq, o, məğlubdur.
Yaradıcılıqda bu dəyərlər mənim üçün həm mövzu, həm mövqe olub. Həmişə istəmişəm ki, yazdıqlarım oxucuda bir səssiz sarsıntı doğursun, onu başqasının yerinə qoysun, ağrıya baxışını dəyişsin, haradasa özünü daha az, başqasını daha çox düşünsün. Bəzən bir köşə yazısında, bəzən bir şeirdə, bəzən bir sətirdə bu dəyərlərin nəfəsini hiss etdirmək mənim üçün həm estetik, həm də mənəvi məsuliyyətdir.
Şəxsi həyatda da bu prinsipləri gözləməyə çalışmışam. İnsanlarla ünsiyyətdə ilk qaydam budur: kim olduğunu unutma, amma heç kimi də kiçiltmə. Əgər bir adam çox danışırsa, çox israr edirsə əksər hallarda içində bir boşluq gizlənir. Mən bu boşluqlarla mübarizəni təvazökarlıqla, susmaqla, müşahidə ilə aparmağın tərəfdarıyam.
— Müasir dünyada insanın daxili aləmi ilə xarici ictimai həyatı arasındakı balansı necə görürsünüz?
— Müasir dünyanın ən böyük paradokslarından biri insanın içi ilə çölü arasındakı uçurumdur. Bir tərəfdə texnologiya, sürət, informasiya bolluğu, sosial maskalarla dolu ictimai həyat, digər tərəfdə isə yorğun ruh, cavabsız suallar, gizli tənhalıq və sükut arzusu. Məncə, bu balans artıq çoxdan pozulub. İnsan bir tərəfdən görünmək üçün çırpınır, digər tərəfdən özünü itirməkdən qorxur.
Sosial şəbəkələrdə hər gün gülümsəyən insanlar bəlkə də, həyatlarının ən qaranlıq dövrlərini yaşayırlar. İctimai həyatda çox danışanların bəziləri daxildə ən çox sükut çəkənlərdir. İnsan içi ilə çölü arasındakı bu gərginliklə yaşamağa məcbur qalıb. Amma əgər insan öz daxili səsini eşidə bilmirsə, ictimai həyatda qurduğu bütün rollar sonda mənasızlaşır.
Mən yazılarımda da, şəxsi həyatımda da bu tarazlığı qorumağa çalışıram. Yəni bir tərəfdən cəmiyyətin nəbzini tutmaq, hadisələrə adekvat reaksiya vermək, söz demək zərurəti var. Digər tərəfdən isə daxilə çəkilmək, düşünmək, susmaq, özünü dinləmək ehtiyacı. Bu iki halın arasında keçid tapa bilmək isə məncə, müasir insanın əsas bacarığına çevrilməlidir. Çünki ancaq içində sükutu tapmış insan çöldəki hay-küyə uduzmur.
— Sizcə, ruhani kamillik və daxili azadlıq nədir?
— Ruhani kamillik mənim üçün təkcə dini və ya mistik bir anlayış deyil, bu, insanın özü ilə barışması, ehtiraslarını, qorxularını, xırda ambisiyalarını tanıması və onların fövqünə qalxmasıdır. Kamillik səhvsiz olmaq yox, səhvini dərk etmək, onu boynuna almaq və ondan öyrənmək bacarığıdır. İnsan öz zəifliklərini qəbul edə bilirsə, artıq o, güclüdür. Çünki ruhani güc zahiri səsdə yox, daxili sükutdadır.
Daxili azadlıq isə başqa bir möcüzədir. Bu, nə istədiyini bilmək və istəmədiyini qorxmadan söyləmək cəsarətidir. Ətrafdakıların gözləntilərindən azad olmaq, cəmiyyətin şablon qəliblərinə sığınmadan yaşamaq, amma eyni zamanda kiməsə zərər vermədən var olmaqdır. Məncə, daxili azadlıq insanın öz vicdanına qarşı sərbəst ola bilməsidir. O səsə qarşı deyil, o səslə birgə yaşaya bilmək.
Hər bir yazıçı içində bu iki halın ruhani kamillik və daxili azadlığın axtarışını yaşayır. Yazı elə bu axtarışın nəticəsidir bəzən. Mən də zamanla dərk etmişəm ki, azad olmayan ruh yazı da yaza bilmir. Qorxan qələm həqiqəti demir. Susan vicdan isə nə qədər poetik olsa da, oxucuya toxunmağı bacarmır. Kamillik həyat boyu davam edən bir yoldur. Bəlkə heç məqsəd çatmaq da deyil, amma o yolla ləyaqətlə getməkdir əsas olan.
— Şöhrət və tanınma sonrası insanlıqdan uzaqlaşmamaq üçün hansı şəxsi prinsiplərə riayət edirsiniz?
— Şöhrət çox vaxt insanlar üçün cazibədar bir zirvə kimi görünür. Amma əslində o, zirvədən çox, sınaq meydanıdır. Çünki insan tanındıqca ətrafındakı dünya dəyişmir, insanın içindəki münasibət dəyişir. O dəyişmənin istiqaməti ya insanı yuxarı qaldırır, ya da təəssüf ki, yerin ən dərin qatlarına qədər endirir. Mən özüm üçün bir neçə prinsip formalaşdırmışam ki, həmin təhlükəli sərhədi keçməyim.
Birinci prinsip özünü unutmamaqdır. Haradan gəldiyini, ilk yazdığın cümləni, ilk həyəcanını xatırlamaq. Bəzən şöhrət insanın yaddaşını dəyişir. Amma mən çalışıram ki, həmin ilk oxucunu – o səmimi baxan insanı – heç vaxt unutmayım.
İkinci prinsip insanlara münasibətdə təvazökarlığı qorumaqdır. Əgər bir gün bir taksi sürücüsü sənin yazını oxuduğunu deyirsə, bu, təkcə qürurverici hal deyil, həm də məsuliyyətdir. Bu xalqın içindən gəlmişik, yenə ora qayıdacağıq. Aradakı tanınma sadəcə bir mərhələdir, mənzil deyil.
Üçüncü və ən vacib prinsip susmağı bacarmaqdır. Hər deyilənə cavab vermək, hər tənqidə reaksiya göstərmək şöhrətin tələsidir. Susmaq bəzən özünü qorumağın, insan olaraq qalmağın ən güclü yoludur. Mən susmağı da söz qədər dəyərli bilirəm.
— Yaradıcılıq və adi insan həyatı arasındakı balansı qorumaq asan deyil.
“Şair”, “yazıçı” və ya “insan” kimi bu balansı necə saxlayırsınız?
— Yaradıcılıqla gündəlik həyat arasındakı balansı qorumaq çətindir, amma mümkündür. Mənim üçün əsas odur ki, bir yazıçı həm də insan olaraq qalmağı bacarsın. Şair, yazıçı olmaq özünü "şair" və ya "yazıçı" olaraq qəbul etmək deyil, sadəcə hər bir anı, hər bir görüşü, hər bir hissi insan kimi yaşamaqdır. Yaratmaq, yazmaq həyatın bir parçasıdır, amma o, həyatın özü deyil.
Bəzən adi gündəlik həyatda daha çox dərs alırsan. İnsanın əsl müəllifi özü, ətrafındakı insanlar və gündəlik təcrübələrdir. Mən çalışıram ki, yazıçı olsam da, həyatı heç vaxt üstündən atmayım. Çünki hər şeydən əvvəl insan olmağı unutmaq yaradıcı olmağın qarşısını alır.
— Yaradıcı fəaliyyətinizdə və həyatınızda ailənin, dostluğun, insanpərvərlik və şəfqətin rolu necədir?
—Yaradıcı fəaliyyətimdə və həyatımda ailə, dostluq, insanpərvərlik və şəfqət hər zaman təməl daşlar olub. Ailə mənim ən böyük ilham mənbəyimdir. Çünki yazdığım hər sətir, düşündüyüm hər fikir, həyatda gördüyüm hər yaxşılıq ailəmin mənə verdiyi dəyərlərdən qaynaqlanır. Dostluq isə mənim üçün ruhun güzgüsüdür. İnsanın ən səmimi tərəfini dostları göstərir. İnsanpərvərlik və şəfqət sadəcə yaradıcılığımın mövzusu deyil, həyatımın özüdür. Məncə, bir ədəbiyyat adamı yalnız öz əsərləri ilə deyil, həm də həyatda necə bir insan olduğuyla tanınmalıdır.
İnsanlıq, şəfqət, dostluq və ailə – bunlar hamısı bir-birini tamamlayan dəyərlərdir. Onlar olmadan yaradıcılıq da, həyat da qeyri-adi, mənasız olar.
— Sənətdə yenilik və ənənə arasındakı sərhəd haradan başlayır və bitir?
—Yenilik və ənənə sənətdə daim bir-birini tamamlayan, amma bəzən də bir-birinə zidd görünən anlayışlardır. Məncə, bu sərhəd dəqiq və sərt deyil, dəyişkəndir, şəraitə, dövrün ruhuna və yaradıcı insanın niyyətinə görə formalaşır.
Ənənə sənətin yaddaşıdır, köküdür. O olmadan sənət havada asılı qalır. Yenilik isə nəfəsdir, ruhdur. Ənənəyə bağlı qalıb təkrar etməklə sənət ölə bilər, amma ənənəni inkar edib kökündən qopmaqla da əsərlərin dəyəri itir.
Mən düşünürəm ki, yenilik ənənədən doğanda təsirli olur. Sərhəd məhz buradan başlayır – sən köklərinə sadiq qalaraq onları necə dəyişirsən? Harada ənənəni qoruyur, harada ondan azad olursan? Bu seçim sənətin keyfiyyətini müəyyənləşdirir.
— Bəzən şair və jurnalistlər arasında təvazökarlıqdan uzaqlaşıb özünü göstərmək arzusu çox olur. Siz belə hallardan necə qorunursunuz və təvazökarlığınızı qorumaq üçün hansı daxili qaydalara əməl edirsiniz?
— Doğrudur, həm şair, həm jurnalist üçün tanınmaq, görünmək, sözünün eşidilməsi təbii ehtiyacdır. Amma bu ehtiyac bəzən təvazökarlığın əleyhinə işləyir və insan özünü itirməyə başlayır. Mən çalışıram ki, birinci növbədə özümə qarşı tələbkar olum, başqasına qarşı deyil. Yazdığım hər yazıda özümə sual verirəm: bu sətirlərdə həqiqət var, ya sadəcə nümayiş?
Təvazökarlığı qorumağın bir yolu da hər şeyin müvəqqəti olduğunu unutmamaqdır. Bugünkü alqış sabah unudula bilər. Ad-san bir gün bəzəkli, bir gün sönük ola bilər. Amma əgər içindəki səs dəyişmirsə, sən yenə də eyni insansansa, bu, ən böyük sabitlikdir.
Bir də məncə, insanın əsl qiymətini zaman verir, özü yox. Ona görə də çalışıram ki, çox danışmadan, nümayiş etdirmədən işimi ardıcıl və dürüst görüm. Təvazökarlıq səmimiyyətin, güvənin formasıdır. Bu formadan uzaqlaşmamaq üçün özümə daim vicdan güzgüsündə baxıram.
— Azərbaycan və dünya ədəbiyyatı arasında körpü rolunu oynayan əsərlər yaratmaqda hansı məqsədləriniz var?
— Azərbaycanla dünya ədəbiyyatı arasında körpü qurmaq mənim üçün təkcə ədəbi məqsəd deyil, həm də mənəvi bir missiyadır. Çünki mən inanıram ki, hər millətin səsi, sözü, düşüncə tərzi ədəbiyyatda tərcümə olunmadan bəşəriyyətə çata bilməz.
Bizim folklorumuz, miflərimiz, yaşam tərzimiz bunların hər biri qlobal ədəbiyyatda yer ala biləcək qədər dərin və orijinaldır. Sadəcə onları doğru dildə və doğru baxışla təqdim etmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)