İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun əsərlərini xumayan çox az adam tapılar.
Onu bütün dünya oxuyur.
Təsadüfi deyil ki, onu dahi adlandırırlar.
Söhbət dünyaşöhrətli Amerika yazıçısı Ernest Heminqueydən gedir.
O, 21 iyul 1899-cu il tarixində Oak Parkda, ABŞ-ın İllinoys ştatında dünyaya göz açıb. Ernest Heminquey sadəcə bir yazıçı olmayıb — o, yaşadığı dövrün içində həm döyüşən əsgər, həm jurnalist, həm də dəli-dolu bir macəraçı olub. Onun həyatı da, əsərləri kimi, çəkişməli, kədərli, lakin çox güclü olub.
Uşaqlıqdan təbiətə, ovçuluğa və balıqçılığa marağı olan Heminquey, müharibə illərində könüllü olaraq I Dünya Müharibəsinə qatılıb. İtaliyada təcili yardım sürücüsü kimi çalışarkən ağır yaralanıb. Bu təcrübə onun ruhunu dərin şəkildə silkələyib və əsərlərinə sonsuz acı qatıb.
Üslubu sadə, lakonik və güclü cümlələrlə seçilib. O, “buz dağının nəzəriyyəsi” adlandırılan yanaşma ilə yazıb: oxucuya az sözlə çox şeyi hiss etdirmək. Cümlələr qısa olsa da, onların altında böyük hisslər yatır.
"Yaxşı yazıçı dənizin altındakı buz dağını da görə bilən adamdır”, – deyirdi Heminquey.
Yalnız Amerika deyil, bütün dünya ədəbiyyatına yeni nəfəs gətirmiş bir yazıçı olub. Onun əsərlərində insanın təbiətlə, müharibə ilə və öz vicdanı ilə mübarizəsi parlaq şəkildə əks olunub. Onun ədəbiyyatdakı izi – sadə görünən sözlərin dərin mənasında yaşayır.
Ən Məşhur Əsərləri
1. "Qoca və Dəniz"
Qoca balıqçı Santyaqonun dənizlə mübarizəsi fonunda iradə, tənhalıq və mənəvi qalibiyyət mövzularını işləmişdir. Bu əsərinə görə Pulitzer mükafatını qazanıb.
2. "Əlvida Silah"
Müharibənin boşluğu, insanın sevgiyə və həyata olan ümidsizliyi real və sərt dillə təqdim olunub.
3. "Günəş də Doğur"
"İtirilmiş nəsil"in simvolu olan bu roman, döyüş sonrası gənclərin mənasızlıq içində özlərini axtarışından bəhs edib.
4. "Zəng Kimin Üçün Çalır"
İspaniya vətəndaş müharibəsində amerikalı könüllü Robert Jordanın daxili dilemması və mübarizəsini təsvir edib.
“İnsanı məğlub etmək olar, amma məhv etmək olmaz.”
"Qoca və Dəniz" - Ernest Heminquey
1954-cü ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülən Heminquey, ömrünün sonlarında ciddi depressiyaya düşüb və 1961-ci ildə intihar edib.
Dahiliyin aqibəti bəzən elə bu cür olurmuş.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)