“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.
Rəsul Qədiri
Təbriz
QADIN
Sən gözəlsən
Səni qara çadralar altında gizlətdikləri
Din deyilən zorakılığa izlətdikləri
Və qəlbıqara eşinin düşündükləri
Dəyişdirəməz bu gerçəyi!
Sən gözəlsən
Allah da gözəldir deyirlər
Və gözəllikləri sevir
Hahaha....ha!
Bəs nədəndir onun adını saqqız edənlərin
Onun arxasında gizlənənlərin
Onun zadından çörək yeyənlərin
Görər gözləri yoxdur bunca gözəlliyi görməyə?!
Sən gözəlsən
Kirpiklərinin hər biri
Ox olsun kor olmuş gözlərinə
Qaşların
Dar çəkilmiş iki yay olsun oxlara
Uzun saçların
İp olsun dolaşsın boyunlarına
Yox-yox!
Heyifdir o cənnət qoxulu saçlara!
Hörülsün əski nağıllardakı kimi
Yol olsun könül evinə varmaq istəyənlərə
Dodaqların
Ah!
O çiçəklənməmiş qönçəyə bənzəyən dodaqların
Çiçəklənsin
Güllənsin varlığını bağırmağa
Gözəlliyin qoxusunu yaymağa
Düzülsün sözcüklər ard-arda
Yanğıdan çatlamış çöllərə şıdırğı yağmurlar yağdırmağa!
Sən gözəlsən
Və biz gülsüz
Çiçəksiz
Gözəlliksiz qışlardan bezmişik artıq
Gəl novruzgülü ol bahar muştuluğunu gətir
Rəngbərəng geyimlərə bürün yay bolluğunu yetir
Varlığımız səndən asılıdır inan!
Sən gözəlsən
Və mən adını belə bilmirdim
Mat qamışdım anlayan gündən gözəlliyinə çünkü
Sonunda bir gün topladım bütün qorxmazlığımı
Saldım aşağı başımı
Və sordum:
Ay gözəl nədir adın?
Söylədin:
«QADIN»!...
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)