“Amansız dünyanı neynəyirəm” – FƏRZANƏ VƏLİZADƏNİN ŞEİRLƏRİ Featured

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

İran-İsrail müharibəsi səbəbindən layihəmiz bir müddət idi ki, dayandırılmışdı. Budur, Təbrizdə və ümumən Güney Azərbaycanda əmin-amanlıq bərpa edilib və biz yenidən layihəmizi davam etdiririk.

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Fərzanə Vəlizadənin şeirlərini təqdim edəcəyik.

Böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

I.                    

 

Düşmüşəm şəhərin canına

Şəhər amma köçüb qapı dalına

Dalbadal keçmişə daşınıram

Sən ilə keçmişim.

Maşanı tutub

Gələn-gedəni gözləyirmiş.

Daş üstünə oturub

Baş üstünə baxanda

Güllə kimi

Dəyməyən yerinə dəydim…

Gələcəyim

Görəcəyindən qaşdı

Küçələrdən soyundu

Şəhər canını götürüb getdi.

Boş başına fırlanıram indi…

Boş fişəngəm bu dəfə…

Bəhanəm yoldan keçəndə

Fışqa verib qaçacağam.

Bu dəfə

Qarğış elə məni

Qol-qıçım sənə dolaşsın

Yaşamım sənə bulaşsın…

Soyundur məni

Keçmişdən!

 

 

II.                 

 

Beş daşım var

Bağlanıb beş barmağıma

Atılıb dəniz ortasına

Nə isə, mən

Dənizdən öncə ölmüşəm.

Orta daşın ağrısı

Qaşımın arasından keçəndə

Göydən asılmışdım!

 

Yaşam məni

Qara donlardan

Qara donlara salır…

Yollayır qara gün gəlin olam.

 

Gələn donumda

Bir ağır doğum var

Orta daş olub

Beş başa düşəcəyəm…

Sonra oturub

“Üç daş” oynayacağam.

Uşaqlığım

Hələ boğulmayöb

Dəniz qırağında

Barmaqların sayır

Təkcə bir ölüm qalır

Mən doğulam

Yanına dönəm…

 

 

III.              

 

Mən bir tel maşayam

Paşa əlində gəzirəm.

Ancaq

Hərdən bir ara

Gözlərə saçılıram

Saçları həzin-həzin

Oxşayıram

Mənim günümə oxşasınlar

Demirəm!

 

Mənə gün verib

İşıq verməyən paşanı

Boşlasınlar, yetər…

 

İtirmişəm

Öz tellərimin havasını

Gəzirəm o başdan-bu başa…

Deyə bilmirəm axı

Yorulmuşam ay paşa…

 

Sancaq-sancaq

Bağlanmışam boş varlığa.

Nə tökülürəm,

Nə sökülürəm

Nə bel bağlamışam paşaya

Nə əlim gedir maşaya.

 

Gəlin

Qadınların

Qısa saçlarını

Gözəl görün!

Yorğunam bu başdan, o başa

Darıxıram sancaq içində

Dolaşan halıma…

 

Bu tel maşa

İllərdir

Paşa əlində gəzir…

Bəs necə olur ki

Heç bir saça gəlmir?

 

Yoxsa mən idim

Sevgilisindən

Təkcə qalan?!

Yoxsa mən idim

Bu hekayədən gedən sevgili?!

Yoxsa mənəm

Qoymuram qadınların başına

Tel maşa yaraşa?

Yoxsa mənəm

Həyatım dəyişin?!

 

 

IV.             

 

Andımı

Tanrıma tapşırdım amma

Amanımdan gileyliyəm!

 

Gəlməli deyildimsə

Nədən gəmilərin yolunu tanıyıram?

Nədən dənizlərdə şəpələnirəm?

Gəlməli deyildimsə

Neçənciləri ovcuma yığıram?

Niyə adımı boynuma düzürəm?

 

Boynumu amansızlıq qısır

Günüm, günümdən qısalır

Deyəsən daha

Tapa bilmirəm

Boyuma yaraşan qırmızı don

Hardan-hara gedib!

Daha səssiz dolanır uca ayaqqabılarım…

 

Ormanda quşları görüb

Əzəl andımı içib gəlmişəm.

Yeddi canım olsun bəlkə

Yeddi alma üçün

Yerikləmiş

İndi yeddi ölkədən

Qan qusuram…

 

Elə bil qanım soyuqdur

Üşüyürəm yer-göy üzündə…

Axı mən nə olmuşam

Dünyanın gözündə?

 

Tanrı andımı alsın

Amanımı yollasın!

Amansız dünyanı

Neynəyirəm?

 

 

V.                

 

Başlardan başlanmaz

Belə bir anılar

Ürəyimin başındakı yaralardan

Divarın başına ucalan

Qala imiş sevmək!

Başımı divarlara çala-çala

Aşıb-daşan bir qaladan dönmüşəm…

 

İndi, yeni kəndə sığınır

Bu sınmış savaşçı

Yeni şəhərlərdə

Baş qoşulmaz sınıqlara

Qaş-göz olar yaralara

Məni divarlara salan şəhərdən

Əsən bir nağıl gəlmişdi…

Əlimi kəsən yeli

Kasamı qatan biri

Yoluma gəldi..

Ürəyimdən başıma

Yol yox imiş!

 

Başıma gələnləri

Hamı qınamış

Başlardan başlanmaz

Belə bir bəlaların qol-budağı

Sevgidən coşub daşarmış.

 

Biri mənə aşar-daşar gölü gətirsin

Gizlədim o qalanı… 

 

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.