GAP Antologiyasında Rəsul Qədirinin “Həyat gediləsi yollardır” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.

 

 

Rəsul Qədiri

Təbriz

 

 

HƏYAT GEDİLƏSİ YOLLARDIR

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə sonucsuzdur

Yolu düşün yalnız

Həyat gediləsi yollardır

Ya sən seçirsən yolunu

Ya da yol seçər səni

Yol seçərsə,

Bəlkə cığırdan artığı düşməz payına!

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə yararsızdır

Həyat təkcə yoldur

Bütün yolların,  

Enişi var

Yoxuşu var,

Aranı var

Dağı var

Meşəsi var  

Bayırı vardır!

Hərəsinin öz gözəlliyi,

Öz özəlliyi,

Öz çətinlikləri də vardır

Açıq gözlə yürü

Dadını çıxart getdiyin yolun

 

“Vaxtlı-vaxtsız od qala

Odunu düz manqala

Sabah bəlli deyil ki,

Kimi köçə, kim qala”…

 

Sağına bax

Soluna bax

Gölündə üz

Çölündə bir od qala

Getdiyin yol təkyöndür!

 

Nə ilki düşün, nə sonu!

Düşünsən belə vaxt itirirsən

Yolunu seç və yürü

Getsən də gedirsən, getməsən də!

Getdiyin yol bütün yollarla fərqlidir!

Getməyənlər tez yetişir

Gedənlərsə gec!

Yalnız gedənlər yaşayır...

 

 “Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.