BİRİ İKİSİNDƏ – İsa Zakriyevin qısa hekayələri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tərcümə saatıdır, sizlərə İsa Zakriyevdən çeçen ədəbiyyatı nümunələri təqdim ediləcək.

 

İsa Zakriyev (1968) çağdaş Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, jurnalist və redaktordur.

1968-ci ildə Çeçenistanın Urus-Martan rayonunun Komsomolsk (indiki Qoy-Çu) kəndində doğulub. 1992-ci ildə Çeçen Dövlət Pedaqoji Universitetini, 2007-ci ildə Rostov İqtisadiyyat Universitetini bitirib. “Paytaxt nyuz” müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. 2004-cü ildən Rusiya Jurnalistlər İttifaqının, 2019-cu ildən isə Rusiya Yazıçılar İttifaqının üzvüdür. Rus və çeçen dillərində yazır. “Luisanna”, “Hər vahə ilğım deyil”, “Əsas məsələ barədə xülasə” adlı hekayə kitablarının müəllifidir.

 

 

İsa ZAKRİYEV

(Çeçenistan)

 

QISA HEKAYƏLƏR

 

Seyfəddin Hüseynlinin tərcüməsində

 

 

Evimin ruhu

 

Elə ilk fürsətdə evimin xarabalığını ziyarət elədim. Onu başqa xarabalıqlar arasında axtarıb tapdım, partlayışın vurub üzə çıxardığı iri beton bünövrə qalığının yanında oturdum.

Məndən üz çevirib o. Yaman yaralı, səksəkəlidir, yaşadığı dəhşət üzündən tamam başını itirib evimin ruhu.

– Bağışla. Əlimdən heç nə gəlmədi.

– Ehtiyac yoxdur, mən hər şeyi anlayıram.

– Yadındadırmı, nə minvalla tikib-qurmuşduq?! Qonşular palçıq tutmağa kömək eləmişdilər, sonra ondan çiy kərpic kəsmişdik. Xalam pəncərələr vermişdi, atam isə dam üçün ləvazimat.

– Hə, yadımdadır. Xoş çağlar idi. Amma güllələr, qəlpələr aman vermədi. Cəhənnəm atəşi ilə cismimi dəldilər, odlu deşiklər açdılar məndə. Mebellər əbəs yerə divarlarımın arxasında gizlənməyə çalışırdı. Qırıcıların uğultusundan, bombaların vıyıltısından, şaqqıltısından dəli olmuşdum. Siçovullar da tərk etdilər məni. Başqa bir yerdə, sizin yanınızda olmağı elə istəyirdim ki... Bilirsənmi, qan çox pis iy verir, ən çox da yananda. Sonra isə insan qalıqları çürüyür və sən bu üfunətdən boğulursan. Axırda da tank sürünüb gəlir, zirzəminin pəncərəsinə yoxlama atəşi açır, bünövrə büsbütün dağılır, içindəki armaturlar tükürpədici fəryadla sınır. Kimsə də imdada yetmir...

Biz yenidən susduq, bir-birimizi dəlicəsinə sevdiyimiz, xoşbəxt olduğumuz o çağlara daldıq.

– Mən səni dirçəldərəm, – birtəhər bəraət qazanmağa çalışdım.

– Necə? Məndən bir şey qalmayıb ki: bünövrəm ovulub, çınqıla dönüb, kərpiclərim ütülüb-qaralıb, ya da ora-bura səpələnib, ağac millərim külə dönüb. Sənə başqa – yeni bir ev gərəkdir.

– Yenisi yox, sən lazımsan mənə.

– Yox. Mən o dəhşəti xatırlamaq, gecənin yarısı, zəlzələymiş kimi, titrəyib səni, uşaqlarını qorxutmaq istəmirəm... Yeri gəlmişkən, uşaqlarının günü necə keçir orada?

– Səndən ötrü darıxırlar.

– Xatırlayırlar ki məni? Siz davaya görə qaçıb gedəndə uşaqlar hələ körpəydilər.

– Onlar bilirlər axı insanın öz evi olmalıdır, o evin də öz ruhu.

Mən yenə sizin ev olmağa çox sevinərdim. Ancaq belə də yaşaya bilmərəm, taqətim qalmayıb.Üzrlü say, ən rahatı budur ki, müharibənin əzib toza döndərdiyi evlərin ruhu ilə birgə mən də çəkilib gedim.Sənin başqa bir evin olar, onun da yeni, təravətli ruhu. Mən isə ölümünə yorulmuşam. Ləngidim ki, səninlə vidalaşım.Ömrünüz xoş keçsin!..

...Evimin dağıntıları arasından qəfil bir ağ kəpənək pərvazlandı, ahəstəcə qanad çalıb viranə kəndin qərq olduğu sükutda gözdən itdi.

 

 

Yandan çəkilmiş şəkil

 

Hərbi fotomüxbir çantadan ehtiyatla çıxartdığı üçayağı səngər böyründə quraşdırdı. Fotoaparatını da çıxardıb ştativə qondardı, şəkil çəkməyə hazır durdu.

– Hə, çavuş Atabiyev, hazırsan?

– Elədir ki var! – qamətini dartıb farağat vəziyyəti almış çavuş cavab verdi.

Belə... sən... bura, obyektivə bax.Nə gözünü yerə dikmisən?

– Hara baxım? Cəld ol görüm, bu dəqiqə faşist təyyarələri gəlib bomba yağdıracaqlar...

– Budur ha, bu şüşəyə bax, – mavi gözlü kürən fotoqraf aparatın obyektivini çırtmaladı.

– Hara baxmağın nə fərqi? Tez elə, çək.

Qulaq as, noxçi (çeçen – tərc.).Sən qəhrəmansan, keçən döyüşdə üç tank vurmusan, alman zabitini əsir götürmüsən. Belədir?

– Belədir.

– Biz sənin haqqında məqalə yazıb qəzetdə yayacağıq. Səni bütün ölkə tanıyacaq. Başa düşürsən?

– Yaxşı başa düşürəm. Buna görə də dik baxmaq istəmirəm.

– Niyə?

– Bax sən bu fotodan mənə də verəcəksənmi?

– Verəcəyəm, – fotomüxbirin səbri tükənirdi.

– Mən onu evə göndərəcəyəm. Evdə atam baxacaq. Necə yəni, mən onun gözlərinə dik baxmalıyam?

– Sən ki cəsur döyüşçüsən! İstənilən adamın gözlərinə dik baxa bilərsən!

– Bircə atamın yox! Heç vaxt onun gözlərinə dik baxmamışam, bu mənə yaraşmaz da. Birdən düşünər ki, lovğalanıram, ya da gözlərimdə dikbaşlıq işartısı görər.

Hərbi fotomüxbirin əlindəki siqaret söndü. Cəbhədə kimisə nə iləsə təəccübləndirmək çətindir...

– Uzaqlara bax, noxçi, düşmənlər tərəfə: sən öz atanın da naminə onlara qalib gələcəksən!

 

 

Ana

 

Məlumdur, xaos müharibənin yalnız lap əvvəlində olur. Bir müddət sonra batini dünyamız, zərrəcikləri sürətləndirib toqquşduran qurğudakı kimi, dəlicəsinə hərəkətlənir və müharibənin qarşısıalınmaz, çılğın axarına qapılır.

Hər şey darmadağın olur. Uçulub-tökülən hər divarla, kösövə dönən hər ağacla birlikdə xeyirdən, ədalətdən, aydın zəkadan, mərhəmətdən uzaqlaşırıq. Alışdığımız məntiq “ispan çəkməsi”ndəki sümüklər kimi qırılıb-ovxalanır, dağıntıların, yaxud meyitlərin altında gömülüb qalır. Dərimiz su istəmir, his və palçığa bürünüb gizlənməyi üstün tutur. Qulaqlarımız hansısa güllə ilə mərminin vıyıltısını dəqiq seçir, amma qarğa qarıltısını sağsağan qaqqıltısından ayıra bilmir.

...Onlar “Minutka”dakı yarıuçuq bir “xruşovka”nın zirzəmisində oturmuşdular: əyinlərində sırıqlı gödəkcə-şalvar olan üç cavan. Hərəsi bir küncdə “AK”sını (Kalaşnikov avtomatı – tərc.) bağrına basmışdı, gurultular altında öz aləminə dalıb özündə “özü”nü arayırdı.

– Elə bilirsiniz, qorxdum? – birisi qışqırdı. – Dönük çıxdım yəni?

– Bildiyimiz budur ki, dostumuzun cəsədini götürə bilmədik. Sən onun lap yaxınındaydın. Və o səni qorumuşdu...

– Snayper oranı vururdu, məni dəqiq aşıracaqdı, – sırıqlısının qolundakı güllə yerini göstərdi.

Yoldaşları baxmadılar.

– Anam xəstədir mənim, ölüm ayağındadır... – o yenə qışqırdı.

– Biz döyüşməyə gələndən hamımızın anası ölüm ayağındadır, – qışqırıqla da cavab verildi.

Bunu eşidəndə yeyin addımlarla zirzəmidən çıxdı, güllələr və qəlpələr yağan gecənin qoynunda gözdən itdi.

Qalan ikisi müharibənin cəhənnəmi andıran hay-küyü altında susub oturdu.

Gedən oğlan ertəsi gecə qayıtdı, dünən həlak olmuş yoldaşını da dartıb gətirdi. Onunla birgə özü də döşəməyə sərələndi.

– Anam bu gün danüzü öldü. Mən onunla vildalaşıb “Yasin” oxuya bildim. Anamdan əvvəl bu həyatdan getmək istəmirdim, o buna dözməzdi...

Qanlı öskürək nitqini qırdı.

Həmin snayper... tutuzdurdu, axır ki...

Dostlarının daşa dönmüş qəlblərinin lap dibində gizlənib qalan yaşlar gözlərindən süzüldü.

 

 

Həsənin oğlu

 

Baharda, təbiət oyanıb çiçəkləmiş alçaların bəyaz qırçınlı ləçəklərini oynadan vaxtda Qroznıdakı şəxsi mülklərdən ibarət məhəllənin xoş ətirli küçəsi ilə iki kişi addımlayırdı. Təxminən, on bir yaşında, gözləri uşaqlara xas olmayan dərəcədə qayğılı bir oğlanla rastlaşdılar. Kişilərdən biri dayanıb oğlanı yanına çağırdı.

– Kimin oğlusan?

– Həsənin...

– Həə, Həsəninmi? Əla! Onunla köhnədən dostluğumuz var, hərçənd, çoxdandır, görüşmürük. Sənin atan yaxşı adamdır, etibarlı yoldaşdır, ağıllıdır, comərddir. Dəfələrlə məni çətin vəziyyətdən qurtarıb. Sağ olsun, sən gərək onunla fəxr edəsən, atana layiq oğul olasan. Amma onu belə təriflədiyimi özünə demə, Həsən bundan xoşlanmaz. Eləcə de ki, Murad çoxlu salam söylədi. Bir gün gəlib baş çəkərəm ona.

– Yaxşı, deyərəm...

Təəccüblənmiş uşaqdan onun eşidə bilməyəcəyi qədər uzaqlaşdıqda o biri kişi soruşdu:

– Həsən kimdir?

– Bilmirəm.

– Bəs nə oyun çıxarırdın elə?

– Sən gördünmü onun gözləri necə parıldadı? İndi o, atasına daha böyük hörmətlə yanaşacaq!

...Həsən bir il əvvəl ölmüşdü, amma oğlu “atasının dostunu” qəmləndirmək istəmədi.

 

 

On bir dekabr

 

Yaşlı bir kişi dekabra xas olmayan günəşli gündə Qroznının mərkəzi küçəsi ilə addımlayırdı. Başını gah yuxarı qaldırdı, gah çiyinlərinə qısdı, qəfil yana çevirdi, sonra baxışlarını endirib – sanki yerdə itiyini axtarırdı – yoluna davam etdi. Daş döşəli səkidə, olmayan çuxurlardan yan ötürmüş kimi, dolayı yeriyən kişi hərdən ani əyilib-dikəlir, gözlərində keçmişdən qalan işartı parlayırdı. Sol əlinin biləkdən yuxarısını böyrünə sıxır, elə bil kimisə tutub saxlayırdı.

Kişi birdən cəld hərəkətlə sağ ovcunu yanına qısdı, yüngülcə axsadı. Dayandı, saçlarındakı hisi-tozu çırpırmış kimi, başını silkələdi, soyuq skamyaya çökdü. İki cavan qalxınıb bu qəribə adamdan aralı oturdu.

– Oğlan, neçə yaşın var? – kişi qəfil onların birindən soruşdu.

– İyirmi beş... Nədir ki?

– Heç nə, oğul, bağışla. Mənə elə gəldi ki, biz tanışıq. Amma yanılmışam...

Ayağa qalxdı, düz iyirimi beş il əvvəl yaralanmış hamilə arvadını 9-cu şəhər xəstəxanasına çatdıra bilmədiyi o günü yenidən yaşaya-yaşaya yoluna düzəldi. Dövrəsində isə qar dənəciklərilə rəqs edərək yerə səpələnən şıltaq qəlpələr uçuşurdu.

 

 

Sal

 

Yoldaşları əsgəri Terekdən çəkib çıxartdılar. Sağ idi, amma silahını, papağını, çəkməsini itirmişdi. Dişləri tənəkə damı döyəcləyən dolu kimi çaqqıldayırdı, bu köhnə döyüşçünün bərələ qalıb qırpılmayan gözlərinə dəhşət çökmüşdü. Hamı düşündü ki, soyuq su və ölüm qorxusu haldan salıb onu, amma iş bunda deyildi. Dəfələrlə ölümlə üz-üzə gələn, ölümün onun yoldaşlarını necə biçib-tökdüyünü görən bu əsgər indi əzilib-sınmışdı, ömrü tərs-avand olmuş, əvvəlki yenilməz cəsarəti və həm özünün, həm də başqalarının həyatına soyuqqanlı münasibəti altda qalmışdı. Elə bil cəhənnəmin quyusuna baxırdı, oradan üstünə qızmar qəlpələr sıçrayır, üzünün, başının dərisini qoparır, kəllə sümüyünü xıncımlayıb beynini dağıdırdı. Sonra da ruhu bədəndən ayrılıb çılpaqlaşır, Terekin dondurucu boz suyu ona tikan kimi sancılırdı.

– Onlar bizə hücum çəkdilər, cəmi qırx altı qız, – əsgər titrək səslə üzüboşluğa danışırdı, – pərilər kimi gözəl, güclü, dirəşkən. Onlar qorxu bilmədən saldakı bütün heyəti çaya basdılar. Səsləri ilahi məlahətli o gənc qızların çığırtıları sanki vida nəğməsiydi. Hələ gözləri! Gözlərini görəydiniz! Onlarda hər cür təmasa, elə ölümün özünə də qatı ikrah vardı, qorxu, yaxud şübhə kölgəsi yox. Və bir də... bizim hamımızı özlərilə apara bilməməyin təəssüfü. Gözləri mənə, mənim batinimə, kiçik dünyama elə baxırdı, sanki gözlərimə ərinmiş qurğuşun axıb tökülürdü. Onlardan birinin əlləri xirtdəyimi sıxdı, xırçıltı eşitdim. Heç yadımda deyil, o məngənədən necə qurtula bildim.

– Hamısı həlak oldu?

– Belə olmaz, bu, düzgün deyil...

Əsgər ağlamaq istəyirdi, amma bacarmırdı.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.