“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.
ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində Güney Azərbaycan da zərbələr almaqdadır. Bütün dualarımız güneyli soydaşlarımızadır.
Rəsul Qədiri
Təbriz
GÖRƏSƏN VARMI BİR DADI SÖZÜMÜN?!
Payımın yay-yazı ötüb keçmiş, tökülür yarpağı yerə güzümün
Üç fəsil məndə pırtlaşıq düşdü, bəlkə Tanrı qatıb fəsil düzümün?!
Geri qalmış bahar qarı yağdı, şaxta yandırdı tər budaqlarımı
Mən ağaclar içində zeytunudum, dolu vurdu çiçəklərin üzümün
Qayıdıb arxaya baxıb görürəm, ömrümün bir çoxu gedib hədərə
Günlərim yel kimi əsib keçdi, səpilibdir yola külü közümün
Bəlkə də möv kimi bahar fəsli, kəsiləndə tağ üstə qol-budağım
Onda heç yarpağım inan yoxudu, süzülürdü yerə yaşı gözümün
Ağlaya-ağlaya çiçəkləndim, hər əlimdə beş-on dolu salxım
Kəpənəklər dönürdülər başıma, dedilər: döz ki bar verər dözümün
Mən elə tarlada göyərdim ki, ağacın qədri, qiyməti yoxudu
Bişdi yarpaqlarım ocaqlarda, qoralar olmadı mənim özümün
İndi güzdür olub qalan gilələr, bir qazanda ayaqlanıb, əzilib
Əlli illik şərab dadan deyəcək: -nə də dadlı şərab verib üzümün!
Baharın şaxtalı ötüb keçdi, susuz oldun bütün yayı “Yalnız”
Sonbaharda çiçəklənib könlüm, görəsən varmı bir dadı sözümün?!
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)