Milli azlıqları da gərək unutmayaq Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Məşhur bəstəkar, şair, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu il 18 aprel tarixində Qusar rayonunun Əcəxür kəndində anadan olub. 1937-ci ildə kənddə məktəb təşkil edərək orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub, Sibirə sürgün edilib. Belədə, onun altı övladının tərbiyəsi ilə həyat yldaşı Xaselem və böyük qızı Çimnaz məşğul olub…

 

Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərib. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərib.

Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olub. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndəriblər. Sonra o, hərbi xidmətə çağrılıb, xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirib. Buranı başa vurub, Dəvəçi rayonunda müəllim kimi fəaliyyətə başlayıb.

Onun şeirləri respublikanın qəzet və jurnallarında işıq üzü görür. İlk şeirlərini Azərbaycan dilində qələmə alan şairin imzası Azərbaycan mətbuatında tez-tez görünüb. Sonralar o, dogma ləzgi dilində yazmağa başlayıb. Musiqi istedadı olan, tar çalıb mahnı oxumağı xoşlayan gənc mahnı yaradıcılığına başlayıb və tezliklə onun mahnıları dildən-dilə düşüb.

1960-cı ildə Dağıstana köçəndə çoxlu sayda mahnının müəllifi kimi tanınırdı. Məşhur müğənni Düriyyə Rəhimovanın Bakı radiosundan ləzgi dilində səsləndirdiyi "Qara gözlər", "Yuxu" kimi mahnıları onun müəllifinə böyük şöhrət gətirib.

Sənətkar təqaüdə çıxana kimi həmin vəzifədə çalışıb. Böyük bacarığı ilə seçilən Asəf bəy Dağıstan Dövlət Radio Verilişləri Komitəsinin ləzgi musiqisi redaksiyasının rəhbəri təyin olunub. Asəf Mehman "Ana ürəyi", "Mənim vüqarım", "40 bahar", "Ləpələr", "Hörmət", "Mənsiz", "Özüm özüm haqqımda", "Fəxr edirəm", "Yüz bir mahnı", "100 qəzəl" kitablarının, "Mənim Sədəfım", "Şurşurəli", "Xarubəy və Tsarubəy" musiqili komediyalarının və "Daş sandıq" dramının müəllifidir.

K. Qurbanəliyev onun həyat və yaradıcılığına həsr olunmuş "Tanıdığımız Asəf Mehman" kitabını çap etdirib. 2010-cu ildə Dağıstanın xalq artisti fəxri adına layiq görülmüş Asəf Mehman şirin mahnıları və lirik şeirləri ilə tanınan sənətkardır. O, 80 illik yubileyini təntənə ilə qeyd edib.

Nasir və dramaturq Asəf Mehman 23 iyun 2015-ci ildə, 85 yaşında dünyaya gözlərini qapayıb.

Mən bilmirəm, Qusarda gənc nəsil onu tanıyırmı. Tanımırsa, tanıtmaq yaşlı nəslin borcudur.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.