İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan sevgi poeziyasına “Alagözlüm, səndən ayrı gecələr…” kimi bir şedevr bəxş etmiş Azərbaycanın Xalq yazıçısı Nigar Rəfibəylinin bu gün anadan olmasının 112-ci ildönümüdür.
Dərhal ondan başlayım ki, Nifgar xanım Azərbaycanın milli-azadlıq, ictimai-fikir və tibb sahəsində misilsiz fəaliyyəti lan məşhur Rəfibəylilər nəslindəndir. Bu gün tanınmış publisitimiz Şərəf xanım Cəlillinin bu ailə ilə bağlı maraqlı bir yazısına start veriləcək və tövsiyyə edirəm ki, bu yazını qaçırmayasınız.
Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində, sonradan demokratik cümhuriyyətdə səhiyyə naziri, Gəncənin qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin ailəsində anadan olub. Bakı Pedaqoji Texnikumunu bitirib. Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib.
İrticaçı bolşevik rejimi gənc şairəni daim atasına görə təqib edib, yalnız o dövrdə sanballı nüfuza malik Rəsul Rzaya sevgisi onu repressiyaların cəngindən qoruyub çıxarıb. Sonradan ailə həyatı qurublar, hər ikisi Xalq şairi olub, üstəlik, Azərbaycan ədəbiyyatına Anar kimi fenomenal Xalq yazıçısı kimi bir övlad da dünyaya gətiriblər.
Nigar xanımın "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunub.
Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunub kitabları:
Dənizin səsi gəlir
İşıqlı dünyam
Günəşdən gənclik istədim
Həzin bir axşamda düşsən yadıma
Şanlı nəsillərin yadigarısan
- Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları
Zəfər nəğməsi
Şeirlər
Anaların səsi
Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən
- Uşaqlar üçün yazdığı kitablar
Balaca qəhrəman
Günəşin cavabı
Məstanın balaları
Bizə bahar yaraşır
Mükafatları
1. "Şərəf nişanı" ordeni
2. "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" fəxri adı
3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
4. "Azərbaycan SSR Xalq şairi" fəxri adı
O, 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.
Nigar Rəfibəyli ilə Rəsul Rzanın aralarındakı sevgi tarixin bütün sevgilərindən başda olmağa layiqdir. Bugünkü gənclərə bu sevgi əsl örnək gətiriləcək sevgidir.
Və ömürlərinin sonlarında hər ikisi ağır xəstəlik keçirirmiş. Nigar xanım Rəsul bəyin ölümündən xəbərsiz olub, bunu ondan gizləyiblər. Hər gün gözləri xəstəxana palatasının qapısında olub, Rəsulunun gəlişini gözləyib.
Amma haqq dünyasında olan Rəsul bəy təbii ki, gələ bilməzdi…
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?
Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?
Və çox təəsüf ki, ən böyük sevgilərdən doğan ən böyük ayrılıqlar bax elə bu cür də bitir…
Ağrı, acı, nisgil dolu…
Bir az da nikbin…
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)