BİRİ İKİSİNDƏ – Sevinc Yunuslunun şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Sevinc Yunuslunun şeirləri təqdim ediləcək.

 

 

***

 

Çiçək kimi gülər üzün

axşam düşüb, şehlənib.

Hara gedirsən beləcə

boynubükük, ehlənib.

Sənin çəkdiyin ağrılar

milyon ildir köhnəlib.

Dərd nədir, qurban olduğum?..

Dərd adamı güldürər...

 

Səfi pozulmaz durnamın,

bir naşı daş atmasa.

Bircə düşman qalib gələr,

dost bizi quşatmasa.

Tanrı bizi bu dünyaya

Gətirib  yaşatmasa,

uzaqbaşı neyləyəcək?..

Günbəgün süründürər...

 

Bu yel ki var boş başımda,

qəm eləmə, keçəcək.

Bir qız var bulaq başında

əlində cam, içəcək.

Min cəfaya dözən könlüm

bax buna da dözəcək!

Məni heç nə öldürəmməz,

yalanların öldürər!..

 

 

***

 

Görən xatırlayırsan adın dilində olanı?

Gecə-gündüz sənə görə gözü boşalıb-dolanı...

Məktublarım saralıbmı

kitabında saxladığın?..

Saçın cibimdədir hələ

qoxlayıb ağladığım...

 

Sən gedəli Bakının buludları qaralıb,

Sahilə qalxan yolun səkiləri daralıb...

Həzin laylalı Xəzər

ləpələr şəhəridi,

Mənimçün hər yer sənsiz

təpələr şəhəridi...

 

Nə söyüd var, nə vələs, yoxdu həmin park yeri,

bütün xatirəmizi söküb Bakının meri...

Sənin iş yerinin də

binası özəlləşib.

Üzülmədim…bir az da

xatirən gözəlləşib...

 

Eh nə isə... eh nə isə, bir az özündən danış,

Necə oldu ağ saçın əlimlə oldu tanış?..

Boyuna dolandığım, gördüyüm kimisənmi?..

Elə həmin dərdindən öldüyüm kimisənmi?..

Elə darıxmışam ki...

Neynirsən, nə edirsən?..

Orda sənə kim deyir

“Oyan, işə gedirsən?..”

 

 

***

 

Həyatın bir anı ağ, bir anı qaranlıqdır,

Hansı gülü qoxlasan, bir az məni taparsan.

Bir də könlümü qırma, bir an çəkər getməyim –

Çox oduma güvənmə, soyuyaram, yanarsan!

 

Göz yaşını mənimtək kim silə, kim anlaya?

Kim bu yolu mənimtək başlaya, ya sonlaya.

Mənim nə günahım var, gətiribdir dünyaya –

O dünyada görüşsəz, anamı danlayarsan...

 

Bilirsən, adı eşqdir göydə bütün dinlərin.

Bu eşq ki var, bax bu eşq, bu eşq mində birlərin!

Bu eşq ilə bircə mən sahibiyəm yerlərin –

Səni mən yaradaram, Allahı da danarsan...

 

 

*** 

 

Səhra istidi, çöl isti,

Sapsarı bir qum üşüyür...

Ovuclarımda tər isti,

Bəs niyə ruhum üşüyür?..

 

Dirilə billəm səsindən,

Gəl də çıxart qəfəsimdən...

Balıqların nəfəsindən

Tor udum-udum üşüyür...

 

Ay gecəyə qarışammır...

Çay da bəndini aşammır.

Geri gəl... sənsiz yaşanmır,

Bütün umudum üşüyür...

 

 

***

 

Nə doldurar bir otaqlıq boşluğu?

Heç bir alov yandırammaz könlümü.

Kədər olur hər sevginin sonluğu,

Nə desələr, inandırmaz könlümü.

 

Göz yaşına yanaqlarım sarıldı,

Əllərinə çiçək verib yolladım.

Dedim, küsmə, ayrılıq var həyatda,

Yenə sənə ürək verib, yolladım.

 

Bu sevgidən çevirmədim üzümü,

Qırıldığım, incidiyim an oldu...

Məni atıb bildiyini tutanda

Qürurumun üstü-başı qan oldu.

 

Nə eylədin, düz elədin, əzizim.

Sevgimizi can evindən oxladın.

Məndən sənə zərər gəlməz, bilirsən,

Daş səbrimi milyon dəfə yoxladın...

 

Nə sevdaysa, can çəkişdim önündə,

Zülüm idi bir yalanın on dəfə.

İndi mənə bağışlamı deyirsən?

Bağışladım... Ölmək üçün son dəfə...

 

 

***

 

Buludu bir az da sıxsan,

Gözündən yağış çıxacaq.

Bu dəfə vida yerinə

Dilimdən alqış çıxacaq.

 

Verdim könlümü əlimlə.

Dedim, oynama külümlə.

Bir gün çəkdiyim zülümlər

Sənə də tanış çıxacaq.

 

Bir dəli eşqsə ümidin,

Mən getsəm, itsə ümidin...

Bir zaman bitsə ümidin,

Yuxunu danış, çıxacaq.

 

Bu eşq deyil əcəl-əcəl...

Canımda qoymadı əsər...

Sənə olan sevgilərin

altından yarış çıxacaq...

 

Dünyanı tutan canım da

Doymadı eşqin tamından.

Sonumuz Cəmşid camından

Torpaq... bir qarış çıxacaq...

 

 

***

 

Sənin gözlərinə yuxu gedəndə

Başının üstündə oyaq olacam.

Nəyi atırsan-at onları atma,

Sənə məktublarım dayaq olacaq,

götür və qoxla...

 

Ta fəth edən olmaz könül adanı.

Alan olmayanda dərdi-qadanı.

Bağrının başında mənim məqamım

Bir ağrı, bir boşluq, oyuq olacaq,

əlinlə saxla...

 

Dadı olmayacaq yağın, balın da,

Qardaş da, bacı da eh, öz halında.

Ən məsud, ən kövrək, isti anında

Yatağın bir anlıq soyuq olacaq,

doyunca ağla...

 

Yandırdın bağrını, közün öldürdün,

İçində sevdalı sözü öldürdün.

Yunuslu Sevinci özün öldürdün,

Etməsən, el-aləm duyuq olacaq,

gözünü bağla!

 

 

***

 

Ürəyimin divarları döyülür

Sinəm üstən qoşa çəkir ağrı dağ.

Biz tərəfdə qar ələnib Aveyə

Siz tərəfdə dumanlanıb Ağrıdağ..

 

Varılmayan səhralara qol açdım,

Yollarında ayağıma qan açdım.

Pənah dedim, Tanrı dedim, əl açdım,

Min ümiddən bircə qaldı ağrı sağ...

 

Bax, quzular yal-yamaca daraşıb,

Saçlarımdı qollarına dolaşıb…

Ayrılmırıq, milyon kərə dalaşıb

Daha niyə biz bu eşqi ağrıdaq?

 

Yıxar səddi Arazla Kür birləşər,

Qarı bitər, qışı bitər güneyin...

Gəl barışaq, günəşlənib Ağrıdağ,

Ətəkləri çiçəklənib Aveyin...

 

 

***

 

Gözlərimə yuxu getdi bir anlıq,

Ağlı çaşdı divardakı saatın.

Elə gözəl açıldı ki üzünə –

Əllərini əzbərləyibmiş qapım...

 

Elə gəldin, elə bil ki başıma

Min ildir ki oyun açan deyilsən.

Elə bil ki yastığımın üstünə

Çiçəkləri qoyub qaçan deyilsən...

 

Elə qorxdum, nəfəsini saçımda

Tanımadım, nəfəsimə hopmadı.

Sonra divlər atdı məni dənizə,

Ancaq əlin əllərimdən qopmadı...

 

Yuxumda da əllərimlə yol açıb

Yekəxana mən deyirdim “get”ləri.

Addımbaşı sən önünə yal atıb,

Üstümüzə hürdürürdün itləri.

 

Yuxumda da zəng gəlmişdi uzaqdan,

Dalaşırdıq, sən kimisə öpmüsən!..

Ayıldım ki, çay soyuyub, film bitib,

Qollarımda yuxuyaca getmisən...

 

Həmin gecə səhərədək dünya da

Çıxacaqdı ətrafından oxunun.

Ağlı çaşdı divardakı saatın –

Atasına lənət belə yuxunun...

 

 

***

 

Gəl qapını bağlayaq

Arxada qalsın hamı..

Gəl unudaq halalı,

Gəl unudaq haramı...

 

Bircə-bircə oxuyum

Çoxluğunun şeirini...

Mənimtək kim söyləyər

Yoxluğunun şeirini?..

 

Sərxoş deyək sağlığı,

Xoşdur ruhun dağnığı.

Gəl qaraldaq ağlığı,

Gəl ağardaq qaranı...

 

Bir sən, bir mən, bir ağ at,

Bəsdir burdan qaçmağa...

Əllərindən tutmağa,

Buludlarda uçmağa...

 

Ocaq haqqı, köz haqqı,

Çəmən, çiçək, düz haqqı...

Ağrı haqqı, söz haqqı –

Sən sararsan yaramı…

 

Nə olsun ki, tufanda,

Nə olsun, tələdəsən...

Sən məni təslim edən

Yeganə qələbəsən…

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.