İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Yaşlı insanlardan soruşanda ki, 21 iyun nə günüdür, hamısı bir ağızdan cavab verir ki, müharibə başlayan gündür. 1941-ci ilin bu günündə Hitler Almaniyası SSRİ-yə hücum edibdir, Böyük Vətən Müharibəsi adlanan müharibə başlayıbdır. Amma bu gün təqvimdə bir sıra başqa hadisələr də həkk edilibdir, o cümlədən, tanınmışların doğum günləri.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qərib Mehdiyevin də bu 21 iyun günü doğum günüdür. O, 1936-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirib.
H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965-1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olub. O, Gəncə rayon deputatları sovetinə seçilib. 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir.
Şair və publisist Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. O, 1983-cü ildən "Nasirin şeir boxçası" silsiləsindən şeirlər dərc etdirir. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Nasir Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunmuşdur. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edir.
Onu da qeyd edək ki, ötən əsrin 80-ci illərində onun “Səndən sonra” adlı roman və hekayələrdən ibarət kitabı xeyli populyar olub. Yazıçı içdən yazıb, insan portretlərini çox dolğun yaratmağı bacarıb.
Kitabları
1. İşıq
2. Yaralı mərmər
3. Ucalan dağlar
4. Rast
5. Təmiz hava
6. Səndən sonra
7. Çinar günü
8. Gəncə
9. Sözün vaxtı-vaxtın sözü
10. Gül əvəzinə söz
11. Kim yatmış, kim oyaq?
12. Bircəm mənim - Gəncəm mənim
13. Gördüyünü çağıran aşığın nağılı
Mükafatları
1. Əməkdar jurnalist
2. Həsən bəy Zərdabi adına mükafat
3. "Məmməd Araz" ali ədəbi mükafatı laureatı.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)